Repressiya qurbanının nəvəsindən polisə narkotik ittihamı - müraciət

img

29-10-2013 [11:27]


12 saylı cəzaçəkmə müəssisəsində saxlanan məhkum Məstavər Axundov müraciət yayıb. O yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2013-cü il hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib:

"Şərlənərək qondarma ittihamla həbsə atılmağıma səbəb mənim siyasi fəaliyyətim olub. Azərbaycan xalq hərəkatının fəallarından biri, Azərbaycan Xalq Cəbhəsi Abşeron rayon təşkilatının sədri (1989-1993-cü illərdə), Abşeron könüllülərindən ibarət batalyonun yaradıcılarından biri olmuşam, 1995-ci ildən indiyədək Azərbaycan Kəndlər Birliyi sədrinin müaviniyəm. Siyasi sifariş əsasında şərlənərək həbs edilmişəm.

2005-ci ildə keçirilən parlament seçkisində və 2006-cı ildə Milli Məclisə təkrar seçkidə baş vermiş total saxtakarlıqları müşahidə etməyim, bunu təsdiq edən sübutları əldə etməyim 2008-ci ildə xuliqanlıq cinayəti ilə 3 il müddətinə azadlıqdan məhrum edilməyimlə nəticələndi. İndi məhkum edilməyimə dair qondarma, çirkin ittihamı isə 2013-cü ildə keçirilən prezident seçkisində məni zərərsizləşdirmək, siyasi fəaliyyətimi əngəlləmək məqsədilə hazırlayıb həyata keçiriblər. Ancaq onlar tam əmin olsunlar ki, vətənimin azadlığı, suverenliyi yolunda həmişə mübarizə aparacağam. Mənim həyatımın mənası budur.

Çirkin şərləmə əməllərindən hələ özümə gələ bilməmişəm. Çünki narkotik alveri, qəbulu mənim nəslimin adına, səviyyəsinə qətiyyən yaraşmayan bir əməldir ki, Qaradağ polisi bu səviyyəsiz əməliyyatı quraraq sifarişi həyata keçirib. El-oba, məni tanıyanlar yaxşı bilir ki, 1937-ci ilin repressiya qurbanı Məsi Axundovun nəvəsiyəm. Vətənpərvər ziyalı, xaincəsinə öldürülmüş Şıxəli Qurbanovun yaxın qohumuyam, narkotik alveri, əyilmək, təslim olmaq bizim nəslin adına yaraşmayan bir haldır. Həbsdən əvvəl mənə siyasi fəaliyyətdən əl çəkməyimə dair xəbərdarlıq edildi, təkliflər olundu. Bəyan edirəm ki, vətənimin azadlığı, suverenliyi yolunda həyatımı itirməkdən belə qorxmuram.

Mən mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edirəm. Cənab prezident, mən heç vaxt cinayət törətməmişəm. Ancaq siyasi fəaliyyətlə məşğul olmağı, vətəni sevməyi cinayət əməlinə çevirənlər var ki, başda siz olmaqla hamımızın düşmənləridir. Mən əminəm ki, müraciətimin obyektiv araşdırılmasına, ədalətin bərpa edilməsinə kömək edəcəksiniz”.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA