Müdafiə Nazirliyində yeni təyinatlar, Zakir Həsənov daha iki generalı "vurdu"

img

29-10-2013 [10:53]




Müdafiə Nazirliyində kadr islahatları davam edir. Hərbi-ekspert Üzeyr Cəfərovun verdiyi məlumata görə, dünən yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi vəzifələrini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib. 

Adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülub. O, Müdafiə Nazirliyinin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs olub.

Silahlı Qüvvələrin Akademiyasının rəisi general-mayor Nəcəf Qəmbərov da vəzifəsindən çıxarılıb. Onun yerinə isə son günlər mətbuatın dostu olan general-mayor Altay Mehtiyevin təyin olunduğu bildirilir.

Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət Müdafiə Nazirliyinin Mühafizə Alayının komandiri olmuş bu şəxs tutduğu vəzifədən kənarlaşdırılıb.

Ü.Cəfərov sonuncu qeyd olunan təyinata münasibət də bildirib: "Hesab edirəm ki, düzgün qərarlardır. Mirzəli Yusifov Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq xidmət yerinə deyil, Rusiyaya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə Müdafiə Nazirliyində peyda oldu və vəzifəyə təyinat aldı". 

Ekspert daha sonra bildirir ki, Hərbi Məktəbin zabitlərindən biri, polkovnik Mübariz Rzayev Müdafiə Nazirinin komendantı təyin edilib.

"Müdafiə Nazirliyində elə bir şok təyinat həyata keçirilib ki, şəxsən mən inanmaq istəmədim və gözləyirəm ki, Nazirlik təmsilçiləri özləri buna aydınlıq gətirsinlər. Olmazsa gün ərzində ehtiyatdan gətirilmiş bir baş leytenantın mühüm bir ocağa rəhbər təyinatına münasibət bildirəcəyik. Şəxsən bu yanaşma hesab edirəm ki, anlaşılan deyil. Belə olmaz. Digər təyinatlar da həyata keçirilib. Düşünürəm ki, bu gün üçün bu xəbərlər yetər. Bir də sonda məni açıq və ya gizli tənqid edən və bəzən təhqir edən yoldaşların nəzərinə. Onsuz da məni indiyə kimi necə tanımışdınızsa, bundan sonra da mən əvvəlki kimi öz vicdanımda, öz əqidəmdə qalacağam".

teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA