Daha bir ticarət mərkəzində sahibkarlar etiraza qalxır - qalmaqal

img

28-10-2013 [11:46]



Bakı Metropoliteninin "Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən eyni adlı yarmarkada bu gün satıcıların kütləvi aksiyası gözlənilir. 

Mia.az-a verilən xəbərə görə, buna səbəb kimi yarmarka müdriyyətinin birdən-birə yer haqlarını 50 manat qaldırması göstərilir. Aylıq icarə pullarının qaldırılması ilə bağlı elan hələlik otaqları icarəyə götürən sahibkarlara verilib. Belə bir elanın "polka” alveri ilə məşğul olan şəxslərə də bu gün veriləcəyi planlaşdırılıb. 

Yarmarkada alver edən şəxslərin verdiyi məlumata görə, icarə haqlarının birdən- birə bu qədər qaldırılması böyük narazılığa səbəb olub və onlar ciddi müqavimət göstərməyi planlaşdırır.

Saytımızın əməkdaşları "Xalqlar Dostluğu” yarmarkasında olub, narazı sahibkarlarla görüşüb. Yarmarkada çalışan və adının çəkilməsini istəməyən şəxslər əməkdaşımızla söhbətində bildiriblər ki, artıq bıçaq sümüyə dayanıb: "Bu bazar rəhbərliyinin özbaşınalığıdır. Biz seçkilərdən sonra ölkədə böyük islahatların aparılacağını, vəziyyətimizin yaxşılaşacağını gözləyirdik. Anacaq görün, başımıza hansı oyunları açırlar? Yarmarka yaranandan burada çalışırıq və birinci dəfədir ki, icarə haqqının bu məbləğdə artırılmasını görürük. Gedin, bizim otaqlara baxın. Heç bir şəraiti olmayan 4 divardan başqa heç nə yoxdur. Yayda vinteliyatora, qışda isə istilik üçün bizdən əlavə pul yığılır. Bazarda al-ver də cox zəifdir. İndiki icarə haqqını güclə çıxardırıq. Onların pul yığanı bunu kobud formada elan etdikdən sonra , deyir ki, gedin hara istəyirsiniz şikayət edin. İnsanlarla sanki öz qullarıkimi rəftar edirlər. Bu özbaşınalıqla barışmaq niyyətində deyilik”.

Başqa sahibkarlarla söhbətdən isə aydın olub ki, yarmarkanın pul yığanı bu artımı seçkilərdə rəhbərliyin xərcinin çox çıxmağı ilə izah edib. Xatırladaq ki, "Xalqlar Dostluğu” yarmarkasının sahibi əslən naxçıvanlı olan İman adlı şəxsdir. Şübhəsiz ki, onun xəbəri olmasa, proseslər bu məcrada cərəyan edə bilməz.

Saytımız yarmarkada baş verəcək bütün prosesləri diqqətə saxlayıb oxuculara əlavə məlumatlar verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA