“Sahibkarlar təşkilatlanmış halda bir olsaydılar...?!”–TƏKLİF

img

25-10-2013 [13:45]


İqtisadçı -ekspert Natiq Cəfərli:"Mən, ümumiyyətlə, bunu demək istəyirəm ki, Azərbaycanda olan sahibkarlar təşkilatlanmırlar. Əgər onlar cəm halında, təşkilatlanmış halda bir yerdə olsaydılar, və öz hüquqlarının qorunması çərçivəsində bir mübarizə aparsaydılar, onda onlara qarşı da bu qədər haqsızlıq olmazdı "

Vəkillər kollegiyasının intizam komissiyasının sədr müavini Esmira Hüseynova:"əgər onlar mallarını sığortalayıblarsa, onda müqavilənin şərtlərinə uyğun kompensasiya tələb olunmalıdır"

Bildiyimiz kimi, Sumqayıt şəhərində bir neçə gün əvvəl yanan "Karvan” Ticarət Mərkəzində mağazaları ziyan çəkmiş sahibkarların qeydiyyatına başlanıb. Ticarət mərkəzinin qarşısına yığışan sahibkarların qeydiyyatı şəhər İcra Hakimiyyəti nümayəndələri və FHN-nin işçiləri tərəfindən qeydiyyata alınır. İH-nin şöbə müdiri Seyfəddin Rəhimov sahibkarlarla görüşdə bildirib ki, qeydiyyat başa çatandan sonra onlara yardım göstərilməsi barədə məsələyə baxılacaq: "Bura özəl obyekt olduğu üçün hər hansı kompensasiya verilməsi nəzərdə tutulmur. Bununla bağlı yalnız Nazirlər Kabineti qərar verə bilər”.

Sahibkarlar isə onlara dəyən ziyana görə kompensasiya verilməsini istəyiblər. İH nümayəndəsi deyib ki, qərar müzakirələrdən sonra veriləcək: "Hər halda hansısa formada köməklik ediləcək. Biz bununla bağlı hökumətə müraciət edəcəyik”. "Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhmədov isə jurnalistlərə bildirib ki, bazar rəhbərliyi, hökumət tərəfindən sahibkarlara dəymiş zərərə görə köməklik olunacaq: "Yüz-iki yüz milyon yanıb külə döndü. Bizə səbir etmək qalır. Hökumət, bazar rəhbərliyi tərəfindən də köməklik olacaq. Bazarın 1 milyonluq sığortası var”.

Ümumiyyətlə, bu vəziyyətdə "sahibkarlar nə etməlidir” sualına cavab tapmaq üçüniqtisadçı -ekspert Natiq Cəfərli və vəkillər kollegiyasının intizam komissiyasının sədr müavini Esmira Hüseynovaya müraciət etdik. Onlar da öz açıqlamalarında Birlik.az saytına bunları dedilər:

Natiq Cəfərli:"İlk əvvəl onu deyim ki, tək "Karvan” Ticarət Mərkəzindəki icarəçilər yox, ümumiyyətlə, bir çox sahibkarlar və icarəçilər öz hüquqlarını bilmirlər. Sumqayıtda baş vermiş yanğına qayıtdıqda, mən onu bilirəm ki, icarəçilərdən aylıq pul, yaxud illik pul yığıldıqda onlardan sığorta pulunun da bu pul daxilində olduğu bildirilirmiş. İndi sahibkarlar həmin sığortanın qəbzlərini saxlayırlarsa, onda onlar birbaşa hüquqi çərçivədə əvvəl sığorta olunan şirkətə müraciət etməli, əgər onların sığortaladıqları mallara dəymiş zərərin pulu verilməsə, onda həmin sahibkarlar bir başa kütləvi şəkildə məhkəmələrə müraciət etməlidirlər. Çox acınacaqlıdır ki, yanan malların özləri belə ölkəyə daxil olarkən sığortalanmayıb. Bunu da birbaşa Azərbaycanda gömrük və vergi sisteminin korrupsiyaya uğraması ilə əlaqələndirmək olar. Çünki gömrükdən malları keçirdikdə məcbur edirlər ki, biznesmenlər malları tam həcmdə rəsmiləşdirməsinlər. Onlar bu cür hallarla malların az miqdarını rəsmi şəkildə sığortalayırlar, digər bir böyük hissəsini isə rüşvət şəkilində sahibkarlardan alırlar. Belə olan halda sığorta şirkətləri də sahibkarlara dəyən ziyanın tam hesabını bilmirlər və onlar tərəfindən sığortalanmış cüzi bir hissənin dəyərini verirlər. Mən, ümumiyyətlə, bunu demək istəyirəm ki, Azərbaycanda olan sahibkarlar təşkilatlanmırlar. Əgər onlar cəm halında, təşkilatlanmış halda bir yerdə olsaydılar, və öz hüquqlarının qorunması çərçivəsində bir mübarizə aparsaydılar, onda onlara qarşı da bu qədər haqsızlıq olmazdı. Nə qədər ki, bu kimi hallar Azərbaycanda inkişaf etmir, bundan sonra da sahibkarlara qarşı bu kimi neqativ hallar üz tutacaq. Konkret "Karvan” Ticarət Mərkəzindəki hala qayıtdıqda, mən düşünürəm ki, onların həlli siyasi gedişatla bərpa ola bilər. Bunun üçün də gərək sahibkarlar birgə intensiv iş görsünlər. Qaldı ki, bazarın bir milyonluq sığortasına, bu yalnız və yalnız bazarın təmirinə xərclənəcək. Bu puldan sahibkarlara heç bir pay çatmayacaq.”

Esmira Hüseynova: "İlk öncə yanğının səbəbləri araşdırılmalıdır, daha sonra hansısa rəy verilməlidir. Sahibkarların hüququna gəldikdə, əgər onlar mallarını sığortalayıblarsa, onda müqavilənin şərtlərinə uyğun kompensasiya tələb olunmalıdır. Onların sığorta şərtlərindən xəbərim olmadığı üçün mən bu məsələyə hüquqi çərçivədən cavab verə bilmərəm.”

Abdullah Elçi

Birlik.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA