Azərbaycanda daha bir fond yaradılır - sərəncam

img

25-10-2013 [11:48]



Təhsilin İnkişaf Fondu yaradılacaq.  Bu haqda prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda xəbər verilir.

Strategiyaya görə, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması nəzərdə tutulub. Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması planlaşdırlır.


Təhsil müəssisələrini bir təhsil alana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması nəzərdə tutulub.

Strategiyada həmçinin, təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi, mülkiyyət formasından asılı olmayaraq müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq, məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılması, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8–2 dəfəyədək artırılması nəzərdə tutlub.

Tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırıla bilər.

Müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması, təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması, təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi, məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlərin (dərs və ya təlim vəsaitləri və s.) göstərilməsi yeni strategiyada nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA