Ceyhun Bayramov keçmiş müşavirinə XİN-də vəzifə verdi - Elnur Məmmədov kimdir? + FOTO

img

23-07-2020 [09:12]


Təhsil nazirinin müşaviri Elnur Məmmədov Xarici İşlər Nazirliyində yeni vəzifəyə təyin olunub.

Bu barədə Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, o, XİN-nin yeni rəhbəri Ceyhun Bayramovun əmri ilə XİN-də yeni vəzifəyə təyin edilib.

Məlumata görə, o, XİN-nin Ümumi Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Bildirilir ki, Ceyhun Bayramovun xüsusi etimad və etibar etdiyi şəxs olan E.Məmmədov XİN-dəki islahatlarda mühüm rol alacaq. 

Xatırladaq ki, Elnur Məmmədov artıq XİN-də işləməsini dolayısı ilə təsdiq edib.

O, Təhsil Nazirliyindəki vəzifəsindən getməsi haqda açıqlamasında bildirib ki, digər dövlət qurumunda (qurumun adını burada açıqlamayıb-mia.az) aldığı təyinatla bağı Təhsil Nazirliyində vəzifəsindən azad olunub: "Böyük təhsil ailəsinin üzvü olduğumdan qürur duyuram. Hesab edirəm ki, təhsildə çalışan hər bir insan bu sahəyə ömürlük bağlı olur. Bu mənada mən təhsil ailəsinin üzvü olaraq qalıram. İşlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq, hamımızın amalı hər sahədə doğma Vətənimizə xidmət etməkdir".

Yeri gəlmişkən, E.Məmmədov Təhsil Nazirliyində də Ceyhun Bayramovun vaxtında vəzifəyə təyinat almışdı.

E.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində BDU-nun nəzdində fəaliyyət göstərən tələbə təhsil-resurs mərkəzinin direktoru olmuş, universitetin elmi jurnallarında beynəlxalq hüquq və münasibətlər üzrə məqalələri dərc edilib. 2004-cü ildə ABŞ Departamentinin Edmund Muskie tələbə təqaüd proqramının qalibi olaraq Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə bitirib. 2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib. 2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.

Müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA