Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədovun "Ramiz Həsənovun atası satqın olub" başlıqlı ittihamı ortalığı qarışdırıb.
Xatırladaq ki, Daşqın Gülməmmədov hazırda Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri işləyən Ramiz Həsənovun atası Ayvaz Həsənovun yaşadığı kəndə yaratdığı tarixi hadisələrə qiymət verilməsini gündəmə gətirib. Daşqın Gülməmmədov bildirib ki, 1967-ci ildə Borçalının Qaçağan kəndində baş vermiş antisovet qiyamının səbəb və nəticələri mütləq yenidən araşdırılmalıdır:
"Burada hətta Gürcüstanın eks-prezidenti, 1967-ci ildə Gürcüstan SSR ictimai asayişi mühafizə naziri olmuş Eduard Şevardnadzeyə belə real ittiham irəli sürmək mümkündür. Qiyamın güclə yatırılmasına məhz E.Şevardnadze şəxsən rəhbərlik edib. 1967-ci il Qaçağan antisovet qiyamının əsl səbəbkarı isə Ramiz Həsənovun atası, Qaçağan sovxozunun direktoru Ayvaz Həsənov olub. Onun əməllərinə qarşı etiraz sonradan antisovet qiyamına çevrilib. Nəticədə Ayvaz Həsənov Qaçağan kəndindən gecəliklə qaçaraq, Tiflisə gedib və Gürcüstan KP MK-nın 1-ci katibi Vasili Mjavanadzeyə "Marneuli rayonunda Türkiyə agentlərinin və antisovet ünsürlərin baş qaldırması, dövlət quruluşuna qarşı qiyam etməsi" barədə gizli hesabat təqdim edib. Nəticədə isə Gürcüstan KP MK-nın 1-ci katibi V.Mjavanadze SSRİ Daxili Qoşunlarının Tiflisdə dislokasiya olunan 8-ci alayının Marneuli rayonunun Qaçağan kəndinə yeridilməsi barədə əmr verib. Qiyamın yatırılması və "antisovet ünsürlərinin neytrallaşdırılması" Gürcüstan SSR ictimai asayişi mühafizə naziri Eduard Şevardnadzeyə tapşırılıb. Nəticədə 100-dən çox Qaçağanlı həbs edilib, 2 nəfər şəxs öldürülüb. Bu tarixi hadisəyə siyasi qiymət verməyin zamanı çatıb".
D.Gülməmmədovun sözügedən açıqlamasının borçalılar arasında böyük səs-küy yaratdığı məlumdur. Borçalıların hər zaman adını fəxr və qürurla çəkdiyi Ayvaz Həsənov haqda irəli sürülən ittihamlar çoxlarını çaş-baş salıb.
D.Gülməmmədovun irəli sürdüyü ittihamla qətiyyən razılaşmayan 1942-ci il təvəllüdlü, əslən Marneuli rayonunun Bəytərəbçi kəndindən olan və Qaçağan hadisələri zamanı bu kənddə işləyən Əsgər Paşa oğlu Həsənov bizim redaksiya ilə əlaqə saxlayıb. Ə.Həsənov bildirdi ki, Daşqın Gülməmmədovun fikirləri qərəzlidir və qətiyyən həqiqəti əks etdirmir. Uzun illər A.Həsənovla işləyən Ə.Həsənov bildirdi ki, Ayvaz müəllim millətini, torpağını sevən bir ziyalı, partiya, dövlət xadimi olub: "Bu yazını mənə nəvəm göstərdi. Oxuduqca çox kədərləndim ki, necə ola bilir, belə həqiqətə uyğun olmayan məsələlər mətbuata yol açır? Yazı məndə təəssüf hissi yaratdı. Buna görə də öz fikirlərimi bölüşmək qərarına gəldim. Daşqın Gülməmmədovun irəli sürdüyü iddia tamamilə əsassızdır. O, bu "fakt"ları haradan alıb bilmirəm. 1967-ci ildə Qaçağanda baş verən hadisənin heç bir siyasi məsələ ilə əlaqəsi yox idi. Burada o qeyd edir ki, guya Qaçağanda baş verənlər "antisovet" qiyamı olub. Bu qətiyyən belə deyil. 1967-ci ildə mən Ayvaz Həsənovun rəhbərlik etdiyi sovxozda zootexnik müavini işləyirdim. Bütün hadisələr gözümün qarşısında baş verib. Qaçağanda baş verən hadisənin səbəbi xəstəxana ilə bağlı olub. O vaxt Marneuli rayonunun Ağammədi kəndində dövrün tələblərinə cavab verən, bütün lazımi avadanlıqlarla təchiz olunan xəstəxana tikilmişdi. Qaçağanda da xəstəxana vardı, o MTS-in köhnə binasında yerləşirdi, amma təmirsiz idi, tələblərə cavab vermirdi. O vaxt rayon rəhbərliyi belə bir təşəbbüs irəli sürmüşdü ki, Qaçağanın xəstəxanası ambulatoriya kimi fəaliyyət göstərsin, əsas xəstəxana isə Ağammədidəki yeni xəstəxana olsun. Bu da Qaçağan camaatına xoş gəlmirdi. Onlar deyirdilər ki, Qaçağanda xəstəxana Nikolay dövründən fəaliyyət göstərdiyi üçün Ağammədiyə köçməli deyil. Hətta Marneuli Səhiyyə Şöbəsindən mütəxəssislər gəlib Ağammədinin xəstəxanasını yoxlamışdı və belə qərar qəbul etmişdi ki, bu xəstəxana tam standartlara cavab verir, Qaçağan xəstəxanasının heyəti bura köçürülə bilər. Qaçağan camaatı belə deyirdi ki, bu işdə Ayvaz Həsənovun günahı var. Axı o vaxt xəstəxana ilə bağlı qərarı Ayvaz Həsənov deyil, Marneuli Səhiyyə Şöbəsi vermişdi. Belə bir iş oldu ki, bir sıra adamlar əllərinə Quran götürüb Qaçağan camaatına Ayvaz Həsənovu kənddən qovacaqlarına and içdirmişdilər. Qaçağan camaatı ağzıbir camaatdır. Onlar da Ayvaz Həsənovun sovxoz direktorluğundan çıxmasını və kəndi tərk etməsini tələb edirdilər. Camaatın etirazı başlayanda Ayvaz Həsənov Tiflisə getdi. Qaçağanlılar isə 1967-ci ilin 9 mayında Ayvaz Həsənovun evinə hücum etmişdi. Sonra Əsgər adlı bir nəfər Ayvaz müəllimin ailəsini gizlin yolla Ağammədiyə apardı. O vaxt onun evinə hücum etməkdə Qaçağan camaatı yaxşı iş tutmamışdı. Gərək, qaçağanlılar onun evinə hücum etməyəydilər.
Ayvaz Həsənov balaca adam deyildi, o, sovxoz direktoru idi, bundan başqa, partiya, dövlət xadimi idi, Gürcüstan Ali Sovetinin deputatı idi. Ayvazın deputat toxunulmazlığı vardı... Ayvaz bir dövlət xadimi kimi Gürcüstan Respublikası tərəfindən müdafiə edilməli idi. 1967-ci ilin may ayının 9-da Qaçağana "8-ci" polk gəldi. Polkla bərabər Gürcüstanın daxili işlər naziri İnauri də gəlmişdi. O da, Ayvaz müəllim də camaatın qarşısında çıxış etdi, onları sakitliyə çağırdı. Daşqın bəy deyir ki, guya o vaxt tutulanlar və öldürülənlər olub. Heç bir ölüm hadisəsi də, tutulan da olmadı... Ayvaz Həsənovun əleyhinə qiyam təşkil edən adamlar istintaqa cəlb edildilər, amma heç kəs həbs edilmədi. Ən azından, Ayvaz müəllim buna imkan verməzdi. Ayvaz Həsənov bu hadisədən sonra bir müddət də Qaçağanda işlədi, sonra isə səhv etmirəmsə, Marneulidə sovxoz direktoru işlədi. Ondan sonra müxtəlif vəzifələrə irəli çəkildi. Gürcüstan SSR kənd təsərrüfatı nazirinin heyvandarlıq üzrə müavini işlədi. Ayvaz Həsənovun "satqın" olması barədə fikri inkar edirəm. Millətpərvər bir şəxsiyyət olan Ayvaz müəllimə şər atan adamları başa düşə bilmirəm. Onlar Qaçağan hadisəsini siyasiləşdirməklə və bizim xalqa baş ucalığı gətirməyən bu hadisəni yada salmaqla nə məqsəd güdürlər?"
Əsgər Həsənovun sözlərinə görə, Ayvaz Həsənov çox prinsipial, işgüzar, kənd təsərrüfatını bilən, xalqa, torpağa bağlı bir şəxsiyyət olub: "Ayvaz Həsənovu "satqın" adlandıranlar niyə həqiqətə göz yumur? Onlar bilmirmi ki, 1967-ci il hadisəsinə qədər Qaçağanda bir nəfər də olsa qeyri-azərbaycanlı işləməyib? Ümumiyyətlə, Ayvaz müəllim qeyri-azərbaycanlılarla işləməyi sevmirdi. O, hər zaman milli kadrları, cavan azərbaycanlı mütəxəssisləri irəli çəkirdi. İçi mən qarışıq nə qədər o dövrün gənclərinə şans vermişdi, irəli çəkib iş-güc sahibi etmişdi. O, hər zaman gənclərə öz tövsiyəsini verir, onların hərtərəfli yetişməsində böyük rol oynayırdı. 1967-ci ildən sonra yuxarıdan tələb etdilər ki, sən işlədiyin sovxozda qeyri-azərbaycanlı mütəxəssislər də işlə təmin edilməlidir. Ayvaz müəllimə çamur atmaq, onun haqqında həqiqətə uyğun olmayan şeyləri danışmaq vicdansızlıqdır. Ayvaz müəllim həmişə deyirdi ki, mən xalqımın uğrunda canımı belə qurban verməyə hazıram. Elə xalq yolunda da dünyasını dəyişdi. 1990-cı il 20 Yanvar hadisələri ona pis təsir etmişdi... Deyərdim ki, onun vəfatında bu hadisənin rolu var... Allah rəhmət etsin. Ayvaz Həsənov necə "satqın" ola bilər ki, o, Borçalı Muxtar Respublikasının yaradılması təşəbbüsünü irəli sürürdü. Bu sahədə xeyli iş də görmüşdü. Bizə deyirdi ki, acarlar, osetinlər, abxazlar bir ovuc ola-ola muxtar respublikaya sahibdirlər, amma bir milyondan artıq azərbaycanlının muxtar respublikası yoxdur. O çox çalışırdı ki, Borçalı Muxtar Respublikası yaradılsın. Ayvaz müəllim bu iş üçün Gürcüstan SSR-in razılığını almışdı, sadəcə yerlərdən dəstək qazana bilmədi. Borçalılar onun sözünə dayaq olmadılar. O dövrün irəlidə olan azərbaycanlıları Ayvaz Həsənova arxa-dayaq olmadılar. Dedilər ki, Ayvaz Həsənov Borçalı Muxtar Respublikasını yaradıb özü ona rəhbərlik edəcək... Bu, Ayvaz Həsənovun xalqı uğrunda mübarizəsinə bəslənən münasibət idi. Fərqi nə idi ki, Muxtar Respublikaya kim rəhbərlik edəcək? Əsas o idi ki, Borçalı Muxtar Respublika olacaqdı. İşi özümüzünkülər əydi... Yoxsa, Ayvaz müəllim buna nail olacaqdı... Bundan başqa, Ayvaz Həsənovu gürcülər hər zaman prinsipiallığına görə çox yüksək dəyərləndiriblər. Hətta o vaxt ona təklif ediblər ki, sən çox gözəl, savadlı mütəxəssissən, gəl soyadını dəyişib gürcü soyadı götür, səni daha yüksək vəzifəyə qoyaq. Səhv etmirəmsə ona bu təklifi Eduard Şevardnadze edib, o da buna kəskin şəkildə etiraz edib "mən vəzifəyə görə Həsənovu Asanidze edə bilmərəm" demişdi. Ayvaz Həsənov ömrünün sonuna qədər xalqına, borçalılara vicdanla, məsuliyyətlə xidmət edib. Borçalılar çox şey üçün ona borcludur. Ayvaz Həsənov haqda həqiqətə uyğun olmayan fikirlər söyləməkdənsə, onun işıqlı fəaliyyətini yada salmaq lazımdır. Ayvaz Həsənova "satqın" deyənlər tarix qarşısında böyük günah edirlər. Kimin kiminlə şəxsi ədavəti varsa, gedib başqa yerdə çəksin, amma vətənvərvər, xalqpərvər bir şəxsiyyətin ruhuna toxunmaq olmaz... Yenə də deyirəm, Qaçağan hadisəsi siyasi hadisə deyildi, bu, sırf xəstəxana məsələsinə görə idi. Ona siyasi don geyindirmək və böyük bir şəxsiyyəti ləkələmək düşmən dəyirmanına su tökməkdir".
baki-xeber.com