“Azpetrol” Fərhad Əliyev və qardaşı ilə bağlı sualdan yayınır

img

21-10-2013 [13:27]


Qurban bayramı ərəfəsində dövlət başçısı İlham Əliyev tərəfindən sabiq iqtisadi inkişaf nazir Fərhad Əliyev və onun qardaşı, "Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev əfv edilərək, azadlığa buraxıldılar. Bu sərəncam Əliyev qardaşlarının qapısını azadlığa açdı. Bunun ardınca Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin həbsdən əvvəl sahib olduqları bəzi biznes qurumlarının onlara geri qaytarıldığı xəbəri medianın gündəmini zəbt edib.

Bildirilir ki, Rafiq Əliyevin "Azpetrol” şirkətində olan payı da bərpa edilib. Digər yayılan xəbərlərdə dövlət əmlakını talamaqda ittiham olunmuş və buna görə cəzalarını çəkmiş Əliyev qardaşlarının yenidən vəzifəyə qaytarılacağı da iddia olunur.

Modern.az saytı bir neçə gün öncə əfv sərəncamı ilə azadlığa çıxan Rafiq Əliyevin həbsdə olduğu müddətdə "Bank of Baku”nun səhmdarlarından biri olaraq qaldığı barədə xəbər vermişdi. Onun adı bankın səhmdarları siyahısından çıxarılmayıb. Belə ki, Rafiq Əliyev "Bank of Baku”nun nizamnamə kapitalının 11,22%-nə sahibdir.

Rafiq Əliyev qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birgə 2005-ci ildə həbs olunmuşdu. O zaman o "Azpetrol” Şirkətlər Qrupunun rəhbərliyindən kənarlaşdırılsa da, elə "Azpetrol”un da səhmdarı olan "Bank of Baku”dakı payını saxlayırmış.

Bəs Rafiq Əliyevin yenidən "Azpetrol”a qayıtması məsələsində həqiqət yükü nə qədərdir?

Modern.az saytının əməkdaşı bu suala cavab almaq üçün "Azpetrol” LTD-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalovla əlaqə saxlayıb. Camal Zeynalov Rafiq Əliyevin yenidən "Azpetrol”a rəhbərlik edəcəyini nə təsdiq, nə də inkar edib.
"Azpetrol” rəsmisi bu barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib.

"Bank of Baku”nun 11,22 faiz səhmi Rafiq Əliyevə məxsusdur. Bankın digər səhmdarları isə bunlardır: NAB Holding (40%), "Azpetrol” Neft Şirkəti LLC (28,89%), E.İsayev (10%) və "Azinvest” LLC (9, 98%).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA