Konstitusiya Məhkəməsi prezident seçkilərinin yekun protokolunu təsdiqləyib

img

19-10-2013 [12:10]


Azərbaycan Konstitusiya Məhkəməsi bugünkü iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 9-da keçirilən prezident seçkilərinin yekunu barədə protokolu təsdiqləyib. ANS PRESS-in verdiyi məlumata görə, iclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib.

MSK sədri deyib ki, seçkilərin şəffaflığının təmin edilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb.

M.Pənahov bildirib ki, səsvermə günü seçicilər çox mütəşəkkil şəkildə məntəqələrə gəlib və öz seçdiyi namizədə səs veriblər: "Səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb. Səsvermə günü operativ şəkildə ilkin nəticələr ictimaiyyətə çatdırılıb".

MSK sədri bildirib ki, səsvermə bitdikdən sonra MSK-ya 4 müraciət daxil olub ki, bunlar da dəqiqliklə araşdırılıb.

Bütün seçki prosesi zamanı MSK müxtəlif dövlət qurumları ilə, aşağı seçki komissiyasının üzvləri ilə müxtəlif formatlı tədbirlər həyata keçirib.
Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar.

Çıxışlardan sonra plenum fasiləyə ayrılıb.

Fasilədən sonra KM sədri Fərhad Əliyev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib. F.Əliyev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına müvafiq olaraq daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA