Bu gün Milli Şura Dövlət Müstəqilliyi Gününü qeyd edəcək

img

18-10-2013 [10:33]


 Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Dövlət müstəqilliyimizin bərpa olunmasından 22 il keçir. 1988-ci ildən başlanan xalq hərəkatı 1991-ci il oktyabrın 18-də Azərbaycanın SSRİ-nin tərkibindən ayrılması və Ali Sovetdə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə nəticələndi. Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Həmin il dekabrın 29-da ümumxalq səsverməsi-referandum keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz ”Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üç rəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Dövlət müstəqilliyinin bərpa olunması tarixini - 18 oktyabrı Azərbaycanın demokratik qüvvələri də hər il müxtəlif tədbirlərlə qeyd edirlər. Bu gün 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Demokratik Qüvvələrin Milli Şurası tədbirlər planlaşdırıb. Oktyabrın 18-i saat 12-də Milli Şuraya daxil olan bir sıra təşkilatlar Müstəqillik Günü münasibətilə xalq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəklər. Saat 15-də isə Müsavat Partiyasının qərargahında xüsusi bayram tədbiri olacaq.

"Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını hazırlayan deputat komissiyasının sədri olmuş Hacıbaba Əzimovun da fikirlərini aldıq. Hacıbaba Əzimov sözünə Azərbaycan xalqını və Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizə aparmış insanları təbrik etməklə başladı: "Bu, Azərbaycanın ən əlamətdar bayramlarındadır. Çünki Azərbaycanın müstəqil dövlətə çevrilməsi uzun illər ərzində aparılmış gərgin mübarizənin yekun nəticəsiydi. Müstəqillik haqqında aktın qəbul edilməsindən sonra Azərbaycan Türkiyə və Pakistan da daxil olmaqla, dünyanın əksər dövlətləri tərəfindən suveren dövlət kimi tanındı. 1992-ci ildə isə Azərbaycan müstəqil dövlət kimi BMT-nin tam hüquqlu üzvlüyünə qəbul olundu. Bu, Azərbaycanın və xalqımızın çox böyük qələbəsiydi”.

Hacıbaba Əzimov Azərbaycanın müstəqilliyinə qovuşmasından sonra ölkədə cərəyan etmiş bəzi siyasi proseslərdən təəssüfləndiyini də qətiyyən gizlətmədi: "Təəssüf ki, Azərbaycanın böyük əziyyətlər hesabına qazanılmış müstəqilliyinin bəxş etdiyi nemətlərdən xalqın tam şəkildə bəhrələnməsinə imkan vermədilər. Çünki bir qrup hakimiyyəti ələ keçirərək xalqın azadlığını məhdudlaşdırmağa çalışdı. Mən hər il prezidentə məktub yazaraq, 18 oktyabr Müstəqillik Gününün dövlət səviyyəsində qeyd olunmasını xahiş etmişəm. Mən öz müraciətlərimdə yazmışam ki, məlum antimilli qərar ləğv olunsun və müstəqilliyimizi elan etdiyimiz gün dövlət bayramları sırasına daxil edilsin”.

Hacıbaba Əzimov bu gün Milli Şuranın keçirəcəyi bayram tədbirlərinə qatılmaq niyyətində olduğunu da xüsusi olaraq vurğulad(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA