Ombudsman Orxan Zeynalova qarşı zorakılığa etiraz etdi - Bəyanat

img

17-10-2013 [16:48]



Ombudsman Elmira Süleymanova oktyabrın 17-də bəyanat yayıb. Bəyanatda deyilir:

"Moskva şəhərində Rusiya Federasiyasının vətəndaşını öldürməkdə şübhəli bilinən, Moskvada əməkçi miqrant qismində çalışan Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalov oktyabr ayının 15-də xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyatda tutulub. 

Zeynalovun tutulması zamanı bir sıra ciddi qanun pozuntularına yol verilib. Rusiya Federasiyası BMT-nin və Avropa Şurasının üzvü olaraq insan hüquqlarına dair əsas beynəlxalq hüquqi aktların, o cümlədən də Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının, işgəncə əleyhinə BMT və Avropa Şurası konvensiyalarının iştirakçısı kimi öz üzərinə müvafiq öhdəliklər götürüb.

Beynəlxalq Paktın 7-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən, heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaya məruz qala bilməz. Paktın 14-cü maddəsinə əsasən, cinayət törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanuna müvafiq olaraq sübuta yetirilməyənə qədər günahsız hesab olunur. Bu maddənin daha bir tələbi ondan ibarətdir ki, saxlanılan şəxsə ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında dərhal və onun başa düşdüyü dildə məlumat verilməlidir.

Zeynalov saxlanılan zaman xüsusi təyinatlı polis qüvvələri tərəfindən zərurət olmadan ona qarşı güc tətbiq edilməsi, kobud rəftar, müxtəlif bədən xəsarətləri yetirilməsi, ləyaqəti alçaldan davranış insan hüquqlarına dair normaların ciddi pozuntusudur. Onun tutulması və dövlətin yüksək vəzifəli şəxslərindən olan daxili işlər nazirinin xidməti otağına ləyaqəti alçaldılmış şəkildə gətirilməsi, prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada, vaxtında vəkillə və tərcüməçi ilə təmin edilməməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan KİV-də cinayətkar, qatil adlandırılması aidiyyəti beynəlxalq hüquq normalarının, həmçinin Rusiya Konstitusiyasının, hüquqi dövlətin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasının kobud pozuntusu ilə müşayiət olunub. Zeynalovun qətl törətməsini fiziki və psixoloji təzyiq, işgəncə altında etiraf etməsi də onun ifadəsinin hüquqi əhəmiyyətini şübhə altına almış olur.

Eyni zamanda məişət zəminində baş vermiş və Moskvanın Qərbi-Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasının fəaliyyəti ilə heç bir bağlılığı olmayan cinayət hadisəsi nəticəsində mindən artıq miqrantın saxlanılması, onlara qarşı kobud rəftar edilməsi, ləyaqətinin alçaldılması, mülkiyyətinin talan və məhv edilməsi beynəlxalq sənədlərin, Rusiya qanunvericiliyinin kobud pozuntusudur.

Rusiyanın federal ombudsmanı Lukini səlahiyyətli orqanlarla birgə məsələnin hüquq müstəvisində dərindən araşdırılmasına, Zeynalovun və digər azərbaycanlı miqrantların hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlər görməyə çağırıram". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA