Namizədlərin növbəti debatı, Cəmil Həsənli iqtidarı yenə sərt tənqid etdi-VİDEO
01-10-2013 [21:28]
Prezidentliyə namizədlərin İctimai Televiziyada keçirilən debatı oktyabrın 1-də də davam edib. Çıxış edən prezidentliyə namizədlərin əksəriyyəti çıxışını həmişəki kimi Milli Şura üzvlərinin tənqidi və təhqiri üzərində qurub.
Püşkatmaya uyğun olaraq ilk çıxış edən namizəd Zahid Oruc bildirib ki, hökumətin fəaliyyətindəki problemləri Milli Məclisdə diqqətə çatdırsa da, debatda bununla bağlı fikirlərini səsləndirməyə imkan tapmır. O, səbəb kimi Milli Şuranın namizədinə cavab verilməsinin daha vacib olduğunu dilə gətirib: "Milli Şuranın üzvlərinin hərəkətlərini Əfqanıstan müxalifətinin təfəkkürünə uyğun sayıram”.
Hakim partiya olan YAP-ın namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı isə bildirib ki, prezident seçkiləri kampaniyası uğurla davam edir.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, ölkədə inanclı insanların çox ciddi problemləri var. Onlar dini baxışlarını, yaşam tərzlərini həyata keçirmək üçün problemlə üzləşirlər. Həbsxanada da dindarların olduğunu xatırladan İ.Ağazadə deyib ki, o, prezident seçilərsə, ölkədə din-dövlət münasibətləri fərqi istiqamətdə qurulacaq: "Hicab azadlığı, insanların ibadət azadlığı təmin olunacaq. İnsanların dini baxışlarına görə onlara ayrı-seçkiliyə yol verilməyəcək”.
İ.Ağazadə çıxışı zamanı təqaüdçülərin problemlərinə də toxunub və hökumətin, cəmiyyətin onlara sahib çıxa bilməməsindən təəssüflənib. Təqaüdlərin azlığından danışan namizəd, onlara təqaüdlərin artırılacağı vədini verib. Həmçinin pensiya yaşının azaldılacağını vurğulayıb.
Ədalət Partiyasının sədri İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mais Gülalıyev isə Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. O bildirib ki, bu problemin həllində əngəl Qərb dünyasıdır: "Hakimiyyət və qərbyönümlü müxalifət bunu həll etmək iqtidarında deyil”.
Digər namizəd Hafiz Hacıyevin çıxışı isə demokratik düşərgənin təhqiri ilə müşayiət olunub. O, mitinqinə on minlərlə insanın gəldiyini deyərək onlara təşəkkürünü də çatdırıb.
Digər prezidentliyə namizəd Fərəc Quliyev seçiciləri Sumqayıtda keçirəcəyi görüşə dəvət edib. Həmçinin Beyləqanda keçirilən görüşdə maneçiliklərin olduğunu bildirib. O, Güney Azərbaycanda, həmçinin Borçalıda yaşayan azərbaycanlıların problemlərindən söz açaraq, "bu problemlərə biganə qalmamalıyıq” deyib.
ADP sədri Sərdar Məmmədovun səlahiyyətli nümayəndəsi Həsrət Rüstəmov isə çıxışı zamanı namizədin tərcümeyi- halından danışıb və vətəndaşları ona səs verməyə çağırıb.
Namizədlərdən Araz Əlizadə isə deyib ki, seçkilərə xalqın firavanlığı naminə gedir.
BAXCP sədri Qüdrət Həsənquliyev çıxışında deyib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədalətli həlli yoxdur: "Biz heç kimdən kömək gözləməməliyik. Neft Fondunda toplanan vəsaitin 80 faizini torpaqların azad olunmasına sərf etməliyik”.
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli isə çıxışına növbəti görüşləri barədə elanı diqqətə çatdırmaqla başlayıb: "Oktyabrın 2-də Şəki şəhərində saat dörddə mitinqimiz olacaq. Oktyabrın 3-də Gəncə şəhərində görüşümüz olacaq. Oktyabrın 5-də isə İnşaatçılar metrosunun yanında saat dörddə, keçmiş Qələbə kinoteatrının arxasında seçicilərlə növbəti mitinq görüşümüz olacaq”. O, daha sonra Elşad Abdullayevin yeni video yaydığını diqqətə çatdırıb: "Mandat alverinin yeni çalarları meydana çıxdı. Məlum oldu ki, parlament seçkilərində mandat alverinin başında dayanan respublika prezidenti cənab İlham Əliyev olub və bu gün açıqlana videolarda buna baxa bilərsiniz”.
Z.Oruc isə bildirib ki, G.Əhmədovaya hələ hökm oxunmadığı üçün onun barəsində bu cür danışmaq olmaz: "Təqsirsizlik prizumpsiyası var”. O, həmçinin Baş Prokurorluğa müraciət edərək deyib ki, Milli Şura üzvləri Elşad Abdullayevlə əlbirdir.
M.Qurbanlı isə deyib ki, Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir: "Azərbaycan tərəqqi edir, buna sevinmək lazımdır. Radikal müxalifətə xalq dəstək vermir. Dünyada böhran var. Ancaq Azərbaycanda sabitlikdir”.
H.Hacıyev isə çıxışının davamında yenə ittihamlar və təhqirlər səsləndirib və deyib: "Xalq sizi sevmir, əl çəkin bu xalqdan”.
H.Rüstəmov isə deyib ki, mövcud hakimiyyət Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil.
Cəmil Həsənli isə çıxışının davamında bank talançılığından danışıb: "Azərbaycanda elə bir ailə yoxdur ki, bank talançılığının əsarətinə düşməyib. Biz hesab edirik ki, Milli Şuranın namizədi olaraq hakimiyyətə gəlsəm, bank amnistiyası, kredit amnistiyasının verilməsi təklifi ilə çıxış edəcəyəm. Çünki illik faizlər ki, var, bunu illərlə siz ödəmisiniz. Hakim ailənin əlində olan banklar artıq çoxdan öz gəlirlərini də, xərclərini də götürüblər. Ona görə də beş min manata qədər aşağı kreditlərin hamısının dövlət hesabına bağlanması istiqamətində addımlar atılacaq. Yüksək məbləğli kreditlər istiqamətində də bəzi addımlar atmağı düşünürük”.
O, kənd təsərrüfatı ilə bağlı da fikirlərini bölüşüb: "Bu hakimiyyətin yeritdiyi siyasət Azərbaycanda kənd təsərrüfatını gəlirsiz sahəyə çevirib. İnsanlar il boyu işləyir və gəlir götürə bilmir. Çünki ölkədə bazar yoxdur. Bu hakimiyyət qanunsuz idxal hesabına ölkəni keyfiyyətsiz mallarla gətirib doldurub. Ölkədə istehsal olunan kənd təsərrüfatı malları bazara buraxılmır”. C.Həsənli kənd təsərrüfatını dirçəltməkdən ötrü faizsiz kredit, subsidiya sisteminin işləməli olduğunu vurğulayıb: "Kənd təsərrüfatının dirçəldilməsi bizim üçün prioritet sahə olacaq”. O, vətəndaşların pozulan mülkiyyət hüquqlarından, vergi sistemindən, dövlət orqanlarının rüşvət dövriyyəsindən də danışıb.
Bundan sonra çıxış edən namizədlər isə C.Həsənlinin çıxışındakı tezisləri vurmağa çalışıblar. Həmçinin yenə də Milli Şura üzvlərinin ünvanına təhqir və ittihamlar səsləndirilib.