İlham Əliyev: “Biz korrupsiya bəlasını Azərbaycandan tamamilə götürəcəyik”

img

01-10-2013 [09:46]



"Azərbaycan özünü xarici risklərdən qoruya bilib. Dünyada, regionda baş verən hadisələr, toqquşmalar, qarşıdurmalar Azərbaycana heç bir təsir etmir. Çünki ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, xalqla iqtidar arasındakı birlik bizi bu risklərdən sığortalayır. Eyni zamanda, iqtisadi sahədə də dünyada gedən xoşagəlməz proseslər Azərbaycana təsir etməyib. Dünyada beş ildən artıqdır ki, maliyyə və iqtisadi böhran hökm sürür. Ancaq Azərbaycanda vətəndaşlar bunu hiss etmirlər. Əksinə, Azərbaycanda maaşlar, pensiyalar artırılır, yeni iş yerləri açılır, investisiyalar artır. Yəni, biz dünyada baş verən iqtisadi çətinliklərdən də özümüzü qoruya bilmişik. Belə olan halda biz əlbəttə ki, cəmiyyətimizi, dövlətimizi korrupsiyadan da qorumalıyıq və qoruyacağıq”. 

Musavat.com-un məlumatına görə, bunu prezident İlham Əliyev Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında deyib. 

İlham Əliyev bildirib ki, hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya var: "Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur. Profilaktik tədbirlər, maarifləndirmə və eyni zamanda, ölkəmizdə bu sahədə aparılan sistem xarakterli islahatlar da öz rolunu oynayır. Onların içində mən "elektron hökumət" sistemini xüsusilə qeyd etmək istəyirəm. "ASAN xidmət"in fəaliyyətini qeyd etmək istəyirəm. Qısa müddət ərzində "ASAN xidmət"ə 500 mindən artıq vətəndaş müraciət edib. Bu xidmət cəmi bir ildən az bir vaxtda fəaliyyət göstərir və özü də təkcə Bakını, Sumqayıtı və Abşeron yarımadasını əhatə edir. Ancaq insanlar müraciət edir. Nəyə görə? Çünki orada korrupsiya yoxdur. Orada insanlara mədəni xidmət göstərilir. Biz bütün sistemimizi şəffaflaşdırmalıyıq. İqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesi uğurla baş verir, davam edir. Şəffaflıq indeksinə görə Azərbaycan dünya miqyasında ön plandadır. Ona görə, belə olan halda ölkəmizin uğurlu inkişafını və gözəl perspektivlərimizi nəzərə alaraq korrupsiyaya qarşı mübarizədə də biz dünya miqyasında mütləq ön planda, ön sıralarda olmalıyıq”.

"Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə var. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər var. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaq. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir. Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi, məhz bütün bu amillər əminəm ki, məqsədə çatmaq üçün bizə kömək göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olmalıdır”, - dövlət başçısı əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA