Qarabağ problemi yenidən BMT gündəmində

img

30-09-2013 [09:33]


 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasının Ümumi Müzakirələrində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsini əks etdirən məzmunda çıxış edib. XİN rəhbəri Elmar Məmmədyarov 20 il öncə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pislədiyini xatırladıb:

"Bu qətnamələrdə TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”.

Elmar Məmmədyarov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə qəti tələblərinin Ermənistan tərəfindən hələ də icra olunmaması təəssüf doğurur.

Azərbaycan XİN rəhbəri əlavə edib ki, Ermənistanın davam edən işğalçılıq iddiaları və işğal nəticəsində formalaşmış cari status kvonu möhkəmləndirmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi davamlı əməlləri və yüz minlərlə məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasına mane olması həll prosesinə açıq təhdid yaradır və beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhlükə doğurur.

Nazir Azərbaycanın BMT-də irəli sürdüyü təşəbbüsü ilə 2005 və 2010-cu illərdə ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyaları işğal olunmuş ərazilərə səfər etdiyini qeyd edib. O, hər iki missiya tərəfindən bu ərazilərdə məskunlaşma, sərhədlərin geniş şəkildə yenidən cızılması, ilkin coğrafi adların dəyişdirilməsi və mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə ayrı-seçkili münasibətin bəslənilməsi kimi qeyri-qanuni əməllər sənədləşdirildiyini vurğulayıb: "Amma bu missiyaların hazırladıqları tövsiyələr kağız üzərində qalıb. Bundan əlavə, Suriya ermənilərinin Dağlıq Qarabağ və işğal edilmiş yeddi ətraf Azərbaycan rayonlarına yerləşdirilməsi barəsində son məlumatlar və bu ərazilərə və oradan uçuşların təşkil edilməsi cəhdləri və digər bu kimi qeyri-qanuni əməllər Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan torpaqlarını işğal etmək siyasəti yürütdüyü barəsində sübutları ortaya qoyur”. 

Elmar Məmmədyarov qeyd edib ki, BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına, xüsusilə 51-ci maddədə əks olunmuş müddəalara xələl gətirmədən Azərbaycan münaqişənin həll olunması prosesinə başlayıb və buna etibarlı qalmaqda davam edir. "Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlı və ləyaqətli şəkildə Azərbaycanın bu regionunda yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi vacib və həyati əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk”, - deyə nazir qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA