Debatda bir-birindən ağır ittihamlar səsləndi - iki video

img

28-09-2013 [19:16]



Hər həftənin cüt günləri olduğu kimi, bu gün də İctimai Televiziyanın canlı efirində prezidentliyə namizədlərin debatı olub. Debatda Milli Şuranın vahid namizədi Cəmil Həsənli, YAP-ın namizədi İlham Əliyevin nümayəndəsi Siyavuş Novruzov, Ümid partiyasının sədri İqbal Ağzadə, BAXCP sədri Qüdrət Həsənquliyev, deputat Fərəc Quliyev, Ədalət partiyasının sədri İlyas İsmaylovun nümayəndəsi Mayis Gülalıyev, ASDP sədri Araz Əlizadə, deputat Zahid Oruc, ADP sədri Sərdar Cəlaloğlu və Hafiz Hacıyev iştirak ediblər.

Bu dəfə həmişəki vaxtından tez başlayan debatda birinci Zahid Oruc, daha sonra Siyavuş Novruzov danışıb.

Siyavuş Novruzov öz çıxışınz Cəmil Həsənlinin 2 il öncə Təhsil Nazirliyinin kollegiya iclasındakı çıxışından sitat oxumaqla başlayıb, vaxtilə hakimiyyətin ünvanına dediyi xoş sözləri ona irad tutub.

İqbal Ağazadə seçicilərə müraciət edərək dəyişikliyin labüd olduğunu bildirib, qeyd edib ki, "dəyişiklik olmamalıdır" deyən Əli Əhmədovdan fərqli olaraq o, ölkənin Qarabağsız günlərinin Qarabağlı günlərə dəyişməsini təklif edir. O, dəyişiklik istəyənləri Ümid Partiyasının namizədinə səs verməyə çağırıb.

İlyas İsmayılovun vəkili Mayis Gülalıyev əvvəlcə Qarabağ məsələsindən danışıb, sonra bir qədər iqtidarın ünvanına danışıb, daha sonra müxalifəti, müxalifət qəzetlərini ittiham edib. Gülalıyev ABŞ-ı suçlamağı da unutmayıb, ancaq nəyə görəsə Rusiyanı "unudub".

Ondan sonra çıxış növbəsi Hafiz Hacıyevə çatıb. Onun çıxışı ənənəvi olub: "hakimiyyətimiz dövründə simasını itirmiş şəxslər", "Qəmbərov İsa", "Kərimov Əli", "Elçibəyi zəhərləyib öldürüblər" və sair və ilaxır.

Fərəc Quliyev siyasi baxışlar sistemi qurmaq üçün elitanı dəyişməyin vacib olduğunu, insanları yox, prinsipləri dəyişməyin zəruri oldğundan danışıb və qeyd edib, prezident seçilərsə, bu işi edəcək.

Sərdar Cəlaloğlu ölkədəki sosial-iqtisadi durumdan danışıb, inkişaf etmiş Avropa ölkələrinin dövlət büdcəsinin göstəricilərini qeyd edərək Azərbaycanda yoxsulluq səviyyəsinin yuxarı olduğunu bildirib.

Araz Əlizadə ənənəvi olaraq bacı və qardaşlarına müraciət edərək, insanlara firavan həyat vəd edib. Daha sonra o, Cəmil Həsənliyə hücum edib, onun ötən dəfəki debatda dediyi sözlərə cavab verib. Araz Əlizadə Milli Şuranın platformasını tənqid edərək, onu "məktəb şagirdinin referatı" adlandırıb.

ASDP sədri daha sonra "Əyri güzgülər krallığı" filmini təhlil edib və çıxışında yalnız Milli Şuradan, onun xalqa verdiyi vədlərdən, orada gördüyü ziddiyyətlərdən danışıb.

Qüdrət Həsənquliyev də sözünü "Cəmil müəllim" deyə başlayıb, daha sonra öz attestat və diplomlarını, fəxri fərmanlarını nümayiş etdirib. BAXCP sədri Cəmil Həsənlinin ötən dəfəki çıxışlarında səsləndirdiyi ittihamlara cavab verib və qeyd edib ki, Cəmil müəllim vaxtilə hakimiyyətin ünvanına xoş sözlər deyib.

Cəmil Həsənli çıxışına Siyavuş Novruzovun ali məktəbdə qiyabi oxuduğu vaxt 3 dəfə kəsiləndən sonra "tramvay altında qalan 3 alması"nı qeyd edərək deyib ki, sənin mənimlə debat aparmağa nə qabiliyyətin və düşüncən var.

Daha sonra o, ünvanına səslənən ittihamlara cavab verərək deyib ki, kənd uşağı olaraq qoyun da otarıb, mal da otarıb: "Dərd bu deyil, dərd odur ki, insan sonradan heyvana çevrilsin".

Zahid Oruc çıxışının yerdə qalan hissəsini üzünü Cəmil Həsənliyə tutaraq İlham Əliyevin vəkili kimi çıxış edib.

Siyavuş Novruzov əsəbi çıxış eləyib, Cəmil Həsənliyə cavab verməyə çalışıb.

Hafiz Hacıyev yenə öz ampluasında sadiq qalıb, Cəmil Həsənlinin və digər liderlərin ünvanına təhqiramiz ifadələr işlədib.

Fərəc Quliyev barışdan danışa-danışa keçmiş cəbhədaşlarını Elçibəyi mənəvi cəhətdən öldürməkdə ittiham edib.

Araz Əlizadanin "Meymun baxar güzgüyə, adın qoyar özgəyə" atalar misalını təkrarladıqdan sonra Qüdrət Həsənquliyev çıxışında xalqa səslənib: "Sizi Cəmil Həsənliyə yox, Qüdrət Həsənquliyevə səs verməyə çağırıram".

Cəmil Həsənli çıxışını davam etdirərək deyib ki, vaxtilə parlamentdə "İlham Əliyev ya korrupsiyanın kökünü kəsməlidir, ya da məlum olacaq ki, özü də korrupsiyanın içindədir".

Cəmil Həsənli deyib ki, bu hakimiyyət Hindistandakı Brahmanlar kimidirlər, gözləri ilə gördükləri hər şeyə "mənimdir" deyirlər.

Zahid Oruc, Siyavuş Novruzov, Hafiz Hacıyev, Araz Əlizadə və Qüdrət Həsənquliyev çıxışlarının yerdə qalan saniyələrini də Cəmil Həsənlinin ünvanına ittihamlar səsləndirməklə yekunlaşdıırblar(musavat.com)

   




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA