Qüdrət Həsənquliyevin seçicilərlə görüş-mitinqi

img

27-09-2013 [19:32]


Sentyabrın 27-si Bakıda, Yasamaldakı "Məhsul” stadionunda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin seçicilərlə görüş-mitinqi keçirilib.

"Media forum” saytının məlumatına görə, seçicilər qarşısında çıxış edən Qüdrət Həsənquliyev öz platformasından, iqtidar-müxalifət münasibətlərindən və Azərbaycanın geosiyasi vəziyyətindən danışıb.

O, seçiciləri emosiyaya qapılmaqla yox, ciddi götür-qoy etməklə səs verməyə çağırıb, bildirib ki, Azərbaycanda nəyin bahasına olur-olsun, hətta şeytanla əməkdaşlıq etməklə hakimiyyətə gəlmək istəyən qüvvələr var. Bu kontekstdə Qüdrət Həsənquliyev ilin əvvəlində Rusiyada azərbaycanlı iş adamları və ictimai kəsimin təmsilçilərinin yaratdığı, "Milyarderlər ittifaqı” kimi tanınan qurumu misal çəkib. Namizədin fikrincə, həmin qurumda təmsil olunan yazıçı Rüstəm İbrahimbəyovun siyasi səhnədə fəallaşması, nəticədə Azərbaycan müxalifətinin bir hissəsini öz ətrafında – Milli Şurada toplaması da Moskvada yazılmış ssenarinin tərkib hissəsi olub.

"Biz milli demokratik qüvvələrə bildirirdik ki, imkan verməyin sizdən istifadə etsinlər” deyən Qüdrət Həsənquliyev nəzərdə tutduğu qüvvələrin bu xəbərdarlığa məhəl qoymadığını qeyd edib.

BAXCP sədri İranın da builki prezident seçkisi ərəfəsində Azərbaycanda özünə yaxın qüvvələr vasitəsilə oyunlar oynadığına diqqət çəkib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Bakıya gəlib Azərbaycan hakimiyyəti ilə anlaşandan sonra Rusiya meylli qüvvələr – "Milyarderlər ittifaqı”, Rüstəm İbrahimbəyov geri çəkildiyi kimi İran meylli qüvvələr də geri çəkildi. Qüdrət Həsənquliyev buna misal olaraq İranın himayə etdiyi qüvvələrin başqa namizədi müdafiə etmək barədə qərar çıxarmasını göstərib və bunu onların "başqa namizədi dəstəkləmək adı ilə aradan çıxması” adlandırıb.

Qüdrət Həsənquliyev hakimiyyətə gələcəyi təqdirdə ölkənin parlament tipli respublikaya keçəcəyini, hüquqi islahatlar aparılacağını, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunacağını vəd edib. O, təhsil və səhiyyə sahəsində islahatların aparılacağını, dövlət təhsil və səhiyyə ocaqlarının özəlləşdiriləcəyini, tibbi sığortanın vətəndaşların hamısı üçün əlçatan olacağını bəyan edib.

Prezidentliyə namizəd Azərbaycan dövlətinin adının Şimali Azərbaycan Respublikasına dəyişdiriləcəyini də deyib və qeyd edib ki, Azərbaycanın tarixi torpaqlarının böyük bir hissəsi hazırda İranın əsarətində olduğundan bu addımı atmaq zəruridir.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA