Mehriban Əliyeva və Leyla Əliyeva uşaq bağçasının açılışında

img

25-09-2013 [19:27]


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak edib. 

"Qafqazinfo” xəbər verir ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçasının binasının yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycanın birinci xanımı bağça binasının əsaslı yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu bağça 1976-cı ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ildə başlanmışdır. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılıb.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan 120 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaqdır. İkimərtəbəli bağçada 6 qrup var.

Mehriban xanım Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə maraqlandı. Məlumat verildi ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. 289 nömrəli məktəbəqədər təhsil müəssisəsində yaradılmış şərait də uşaqlara ən yüksək səviyyədə təlim-tərbiyə keçməyə geniş imkan verir. Bağçanın ətrafı abadlaşdırılıb.

***

Bu gün həm də, Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılışı olub.

Açılışda Mehriban Əliyeva və Leyla Əliyeva da isştirak ediblər.

Mehriban Əliyeva 246 nömrəli körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Mehriban Əliyevaya məlumat verilib ki, bağçanın əvvəlki binası 1985-ci ildə tikilmişdir. Bina son illər yararsız vəziyyətə düşmüş və əsaslı təmirə ehtiyac yaranmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilmişdir. Tikinti işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Nəticədə 246 nömrəli körpələr evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb.

Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcək. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaqdır. On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılıb. Bu uşaq müəssisəsi balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilmişdir. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də inventarlar hədiyyə edilmişdir. Həyətyanı sahə abadlaşdırılmış, 4 min 500 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, oyun meydançaları və köşklər qurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA