Cənub zonasından olan deputat və ziyalılar separatçı Ələkrəmı “top"a tutdular

img

25-09-2013 [18:03]


1993-cü ildə Azərbaycanın cənub zonasında "Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Ələkrəm Hümbətovun Ermənistana səfərinə cənub zonasından olan Azərbaycan ziyalıları və ictimai-siyasi xadimlər ciddi etiraz ediblər.


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardası, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Paşazadə APA-ya açıqlamasında bildirib ki, Ələkrəm Hümbətov azərbaycanlı deyil: "Onun Ermənistana, oradan da Dağlıq Qarabağa gedib orada talışlarla bağlı çıxış etməyə haqqı yoxdur. Onu talışlar, cənub bölgəsinin camaatı talışlıqdan çıxarıb. Xalq onu vətəndən deportasiya edib”. Deputatın fikrincə, Ə. Hümbətov bir dəfə vətəni satıbsa, yenə sata bilər: "O artıq ermənilərdən biridir”.

Cənub bölgəsindən olan digər deputat, parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, Ə. Hümbətovun talışların adından danışmağa haqqı yoxdur və o, ümumiyyətlə, milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir. H. Rəcəbli qeyd edib ki, bütün hallarda Azərbaycan xalqı, xüsusilə də cənub bölgəsi Ə. Hümbətovu qəbul etmir: "Bu gün Azərbaycanın Əkrəm Əylislisi də var, Ələkrəm Hümbətovu da var. Bu insanları ilk gündən Azərbaycan cəmiyyəti qəbul eləməyib. Bu adamlar bizim üçün xəyanətkardır. Ələkrəm Hümbətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir ya yox?..”

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə (Sədi) bəyan edib ki, Ə. Hümbətovun gedib haradasa talışlar adından çıxış etməyə haqqı çatmır: "Biz Ələkrəm Hümbətova görə o vaxt çətin günlər – xaos, qalmaqallı günlər yaşamışıq. Ölkə bir neçə hissəyə bölünmüşdü. Ona görə də bizim xalq Ələkrəm Hümbətov kimi adamları heç vaxt qəbul etmir və edə də bilməz. Ölkədaxili separatizmin, milli ədavətin müəllifi olan, millətin adından danışan, yağı düşmənlə bir yerdə olan dinimizin düşmənidir. O vaxt Ermənistanda talış radiosu açmaq kimi bir fikir də ortaya atmışdılar. Bu, cəfəngiyatdır. İyirmi faiz torpaqlarımızı işğal edən, əli qanımıza bulaşan Ermənistanla eyni fikirdə olan insanı biz qəbul edə bilmərik”.

Müsavat Partiyasının üzvü Əlövsət Talışxanlı isə bildirib ki, Lənkəran xanının nəvəsi olaraq Ə. Hümbətov kimi bir adamın fəaliyyətini kəskin pisləyir: "Mən Ələkrəm kimi fırıldaqçıları, haranınsa qucağına atılmış bir adamı tanımıram. Qısa formada desək, o, bizə düşməndir. Onun bizim aramızda heç bir nüfuzu yoxdur. Azərbaycan dövlətçiliyinə xələl gətirən hansısa bir adamı bütün el-obam pisləyir. Şəxsən bir müsavatçı kimi mənim, qohum-əqrəbamın bir amalı var, bu da bütöv Azərbaycandır”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, Ə. Hümbətov elə bir tipdir ki, onun fəaliyyəti ilə bağlı şərh verməyə ehtiyac yoxdur: "Mən hələ indiyə qədər cənub bölgəsində onun hansısa fikrinə dəstək verəcək 10 nəfər də görməmişəm. Ona görə də biz bu məsələdən narahat deyilik. Bildirirəm ki, o, Azərbaycan vətəndaşı deyil, xaindir. Ona görə də onunla bağlı elə bir şərh verməyə ehtiyac duymuram”.

Əslən cənub bölgəsindən olan xalq artisti Canəli Əkbərov isə Ələkrəm Hümbətovun hərəkətindən hiddətlənib: "O, talışlara heç vaxt nüfuz gətirməyib. O kimdir ki, talışlar adından danışır?!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA