Prezidentliyə namizədlərin dördüncü debatı -yenilənir

img

24-09-2013 [19:57]


Debat insidentsiz başa çatdı. 
***

19.45


Milli Şuranın namizədi Cəmil Həsənli bildirib ki, indiyədək keçirilən üç debatdan sonra repressiyalar başlayıb. O, xatırladıb ki, AXCP sədri Əli Kərimlinin oğlu həbs edilib, Demokratik Qüvvələrin Milli Şurasından prezidentliyə vahid namizəd Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəri Oqtay Gülalıyevin oğlu bıçaqlanıb: "Bu hakimiyyətin 6 dəqiqəlik gücü yoxdur. Hanı İlham Əliyev? Ona suallar vermişik. Niyə onlara cavab vermir?”

Cəmil Həsənli Dağlıq Qarabağ münaqişəsindən də danışıb: "İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 10 ildə nə edib? YAP hakimiyyəti 20 ildə 20 metr torpaq azad edə bilməməyib. İlham Əliyev neçə dəfə Ermənistan prezidenti ilə görüşüb? 10 ildə 10 metr torpaq azad edə bilməyən adam üçüncü dəfə prezident seçilə bilməz”.


***

19.36

Araz Əlizadə "Yeni Müsavat”da barəsində dərc edilən məqalələrə toxunub. O deyib ki, təşviqat materiallarının "Yeni Müsavat” qəzeti ilə birlikdə paylanılmasını təkzib edib: "Mənim seçicilərim "Yeni Müsavat”ın oxucuları deyil”. Daha sonra Araz Əlizadə Cəmil Həsənli, İsa Qəmbər və Əli Kərimlinin ünvanına ittihamlar səsləndirib.


***

19.33

Sərdar Cəlaloğlu müxalifət liderlərinin övladlarına qarşı repressiyalara toxunub: "Cəmil Əliyev debatdakı insidentdən sonra mənə zəng etdi ki, övladları haqqında deyilənlərdən sonra İlham Əliyevin ailə üzvlərinin adlarını çəkməyə məcbur olub. Əli Kərimlinin oğlu həbs edilib, bir müddət əvvəl İsa Qəmbərin oğlu həbs olunmuşdu. 2003-cü ildə həbs olunanda qızım dizi üstdə qoyuldu avtomatın qabağında. Mən hər şeyi unudaram. Amma övladıma qarşı edilənləri heç vaxt unutmayacam”.

***

19.24

Hafiz Hacıyev bildirib ki, hər dəfə platformasından danışmaq istəsə də, ona manne olurlar. O, yenidən Milli Şura ilə bağlı heç bir sübuta əsaslanmayan cəfəng iddialar səsləndirib. Hafiz Hacıyev deyib ki, Milli Şuranın nümayəndələri Moskvadakı "Rossiya” hotelində Əlikram Hümbətovla görüşüblər. Onun sözlərinə görə, əlində kaset var və lazım olsa yayımlaya bilər.

"Eyni hakimiyyətdə olmuşuq. Hamımız oğru olmuşuq”, - Hafiz Hacıyev bildirib.

Hafiz Hacıyev deyib ki, Əli Kərimlinin həbs edilən oğlu Türkel Bakıda onun plakatlarını cırırmış.


19.17

***

Prezidentliyə namizəd İlham Əliyevin sılahiyyətli nümayəndəsi Mübariz Qurbanlı çıxışını müxalifət liderlərinin çıxışlarına cavab üzərində qurub. Onun sözlərinə görə, Cəmil Həsənli ötən çıxışında 2003-2010-cu illərdə 48 milyard dolların offşor zonalara çıxarılmasından danışıb. Mübariz Qurbanlı bildirib ki, həmin illərdə Azərbaycanın büdcəsi də o qədər olmayıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə Ağstafada baş verənlərdən danışıb. O, deyib ki, rayondakı görüşə mane olan icra başçısının müavini Ramiz Tatarovdan müvafiq qurumlara şikayət edəcək. Prezidentliyə namizəd müəllimlərin və həkimlərin sosial vəziyyətinin ağır olmasına da toxunub. Onun sözlərinə görə, məmurların nəzarətində olan banklar Mərkəzi Bankdan 3 faizlə aldıqları pulları vətəndaşlara 30 faizlə kreditə verir. İqbal Ağazadə 6 dəqiqəlik çıxışını etdikdən sonra həmişəki kimi debat salonunu tərk edib.

***

19.00

İctimai televiziyada prezidentliyə namizədlərin dördüncü debatı başlayıb.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə İctimai Teleradio pulsuz efir vaxtının bölgüsünü - həftəlik ümumi həcmi 6 saat olmaqla, həftənin 1, 3 və 5-ci günləri saat 21:00-da radioda, həftənin 2, 4 və 6-cı günləri isə saat 19:00-da televiziyada hər dəfə 1 saat olmaqla təmin edir. Efir vaxtı qeydiyyata alınan bütün namizədlər arasında bərabər bölünür (hər namizəd üçün 6 dəqiqə).

Mərkəzi Seçki Komissiyası 10 nəfərin namizədliyini qeydə alıb.

Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA