Oqtay Gülalıyevin oğlu bıçaqlandı, nazirlik açıqlama verdi - yenilənib

img

24-09-2013 [17:17]


Sentyabrın 23-də axşam Azərbaycan vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevin oğlu Əli Gülalıyeva hücum edilib. 4-5 nəfər gənc 16 yaşlı Əlini döyüblər və iki bıçaq xəsarəti yetiriblər. Gəncin vəziyyəti orta-ağır kimi səciyyələndirilir. 

Turan-a məlum olub ki, hadisə saat 22 radələrində Gülalıyevlərin yaşadığı NZS qəsəbəsində baş verib. Əli Gülalıyev sinif yoldaşından dərsliyi almaq üçün evdən çıxıb. Qayıdarkən evlərindən təxminən 100 metr məsafədə 4-5 gənc ona hücum edib, döyməyə başlayıb, sol əlinə və sol buduna iki bıçaq xəsarəti yetiriblər.

Çox qan itirən gənci təsadüfən yoldan keçənlər evə gətiriblər. Nüfuz edən bıçaq yaralarının dərinliyi 12 sm təşkil edib.

Gənc dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. A.Gülalıyevin səhhəti orta ağır olaraq qiymətləndirilir.

Xətai rayon 37-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Cinayətin motivləri hələlik məlum deyil. Bəzi ekspertlər hesab edirlər ki, cinayətlərin xarakteri və ölümcül təhlükəli xəsarətlərin yetirilməməsi xəbərdarlıq işarəsidir.

***

Daxili İşlər Nazirliyi Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin oğlunun bıçaqlanması faktına münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, həqiqətən də belə bir fakt qeydə alınıb: "Bir neçə gənc 16 yaşlı Əli Gülalıyevi döyərək ona yüngül xəsarət yetirib. Faktla bağlı polisə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Müəyyən edilib ki, sentyabrın 20-də Əli Gülalıyev öz sinif yoldaşı Bayram Sultanlını döyüb və ona göz nahiyəsindən xəsarət yetirib. Güman edilir ki, Bayram Sultanlıya yaxın şəxslər də Əli Gülalıyevlə bu məsələ ətrafında mübahisə ediblər. Nəticədə onlardan biri Əlini döyərək yüngül dərəcəli xəsarət yetirib. Hazırda polis əməkdaşları tərəfindən onların müəyyənləşdirilərək yaxalanması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir”.

O. Mansurzadə Əli Gülalıyevin döyülməsinin bəzi KİV-də atası Oqtay Gülalıyevə guya xəbərdarlıq kimi qiymətləndirilməsi barədə yayılan məlumatların heç bir məntiqi və hüquqi əsasının olmadığını bildirib.

O, həmçinin qeyd edib ki, bəzi maraqlı qüvvələr belə hadisələri qəsdən siyasiləşdirməyə cəhd göstərir: "Halbuki respublika ərazisində gündə onlarca belə hadisə baş verir, həmin faktlarla bağlı müəyyən şəxslər saxlanılır, zəruri araşdırmalar aparılır və sonda hüquqi qiymət verilir. Məsələn, iki gün əvvəl gecəyarısı 3 sərxoş gənc prezidentliyə namizədlərin təşviqat materiallarını korlayarkən və şəkillərini cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Polis həmin şəxsləri nizam-intizama dəvət edib. Lakin onlar polisin qanuni tələbinə məhəl qoymayaraq, müqavimət göstərib, ictimai qaydanı pozan hərəkətlərə yol veriblər. Polis də öz növbəsində protokol tərtib edərək toplanmış materialları məhkəməyə göndərib. Sonradan həmin gənclərdən birinin Əli Kərimlinin oğlu olduğu müəyyənləşib. İndi Əli Kərimli, bəzi müxalifət funksionerləri, siyasi qurumlar təəssüflər olsun ki, birinci olayda olduğu kimi, həmin hadisəyə də siyasi rəng verməyə cəhd göstərirlər. Biz belə kriminal xarakterli əməllərin, yaxud inzibati hüquqpozmaların siyasiləşməsinin əleyhinəyik və bu, qətiyyən yolverilməzdir. Lakin qarşı tərəf yalan məlumatlar yayaraq ictimai rəyi çaşdırmağa yönələn bəyanatlar verirsə, biz də həmin hadisələrin əsl mahiyyətini açmağa məcbur oluruq”.


Qeyd edək ki, O.Gülalıyev 2010-cu il Kür zonasında daşqının və 2012-ci ildə Zaqatala rayonunda zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı yol verilmiş korrupsiya faktlarının üstünü açan "Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatorudur.

O.Gülalıyev həmçinin "Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının üzvü və Demokratik Qüvvələrin Milli Şurasından prezidentliyə vahid namizəd Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA