Doğum mələfə ilə oldu, uşaq öldü – Şabranda şok hadisə

img

23-09-2013 [11:34]



Həkimlərin xəstələrə səhlənkar yanaşması ya savadsızlığı zaman-zaman cəmiyyətin müzakirə mövzuları olsa da, deyəsən, bunlar problemin həllində müsbət dönüş yaratmır.

 Mia.az vasitəsi ilə prezident İlham Əliyevə, səhiyyə naziri Oqtay Şirəliyevə, baş prokuror Zakir Qaralova digər aidiyyatı orqanların rəhbərlərinə şikayət məktubu ünvanlayan Şabran rayonu Taxtalar kəndində yaşayan Nümunə Həzrətqulu qızı Aslanovanın yazdıqları da belə düşünməyə əsas verir.

 Şikayətçi yazır ki, hamilə qızını Şabran Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə yerləşdiriblər: «Xəstəxanaya gələndə bizi şöbənin Mehriban adlı işçisi (həkim köməkçisi) qəbul edib, qızımın vəziyyətinin qənaətbəxş olduğunu dedi. Mən ondan baş həkim, o biri həkimlərin, əsasən Roza həkimin gəlməsini gözləməyi tələb etsəm , o, heç bir problemin olmadığını dedi və doğuşun tez həyata keçməsi üçün qızıma üç iynə vurdu».

 Şikayətçi deyir ki, hıkimlərin təcrübəsizliyini hiss edib, Roza xanımla danışıb, ancaq o, gəlməkdən imtina edib: "Dedi ki, Sumqayıtda toydadır, gələ bilməyəcək. Bir az sonra isə təcili yardım maşını ilə İlhamə adı həkimi gətirdilər. Bundan sonra mənə bildirildi ki, sizi səhər 8- sevindirəcəyik. Həmin vaxta 5-10 dəqiqə qalmış içəridə çaxnaşma düşdü. Narahat olmamaq üçün məni içəri apardılar. Gördüklərim məni heyrətə gətirdi. Təcili peşəkar həkimlər çağırmağı tələb etdim. İlhamə həkim isə mənə gah qızımın başını, gah da ayağını tutulmasına kömək etməyi tələb edirdi. Özümü itirmiş halda, həyəcanla Allaha yalvarırdım. İlhamə, Mehriban bir neçə tibb bacısı isə qızımın bədəninə mələfə dolayaraq başladılar onunla qarın hissəsini sıxmağa. Beləliklə güc yolu ilə oğul nəvəmi dünyaya gətirdilər. Lakin uşağın ağlamaması məni şoka saldı. Qızımın əhvalı pis olduğu üçünsə İlhamə ona süni nəfəs verirdi. 25 dəqiqə sonra isə Nətavan adlı həkim gəldi. O da artıq ölmüş uşağa iynə vurdu. Lakin uşağın öldüyünə tam əmin olandan sonra düşdülər yenidən qızımın üstünə. Məni qızımın sağlamlığı üçün heç bir təhlükə olmadığına əmin etdilər. Bundan sonra artıq öldürülmüş nəvəmi dəfn üçün götürüb apardım».

 Nümunə Aslanova yazır ki, bir saatdan sonra qayıdanda qızının reanimasiyada olduğunu görüb: «Baş həkimdən icazə alıb, qızımın yanına girdim. Vəziyyətinin çox pis olduğunu gördüm. Dərhal başqa həkimlər çağırdım. Ora ilk gələn İmanqulu həkimlə Ramiz həkim gəldilər. Az sonra İlhamə Kəmalə həkim gəldilər. Öz aralarında bir qədər rus dilində danışdılar. Bəli, İmanqulu həkimlə Ramiz həkimin sayəsində qızımı həyatda saxlamaq mümkün oldu. Onlara bir daha minnətdarlığımı bildirirəm».

 Rayon sakini deyir ki, sonradan həkimlər nəvəsinin ölümü, qızının vəziyyətinin kəskin pisləşməsini böyrək çatışmazlığı ilə əlaqələndirməyə çalışıblar: «Amma bunlar tamamilə yalan idi. Çünki hamiləlik dövrü həmişə həkim nəzarətində olub. Bütün yoxlamalar hamiləlik dövrü çox yaxşı olub. Sadəcə həkimlər doğuşun bir qədər tez olması üçün vurduqları iynələr belə vəziyyət yaratdı. Mən buna əminəm. Çünki əgər xəstəxanada saat 9-da növbə dəyişir. Buna görə doğumu tezləşdirdilər ki, pulu digər «şirinliyi» özləri alsınlar. Burada belə hallara görə həkimlər arasında tez-tez mübahisə düşdüyünü bütün rayon bilir. Mən ölkə prezidentindən nazirdən nəvəmi pula görə öldürən, qızımı ölümün bir addımlığına gətirən həkimlərin cəzalandırılmasını xahiş edirəm».

 Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA