Nərimanovun nəşi Bakıya gətirilə bilər -VİDEO

img

23-09-2013 [10:25]


Xüsusi əhəmiyyətə malik, Azərbaycan dövlətinin öz vətəndaşlarına sahib çıxmaq istiqamətində apardığı siyasətin məntiqi davamı ola biləcək bir fakt ətrafında dayanaq. Söhbət Nəriman Nərimanovun nəşinin Azərbaycana gətirilməsi ehtimalından gedir. Elə başa düşürük ki, bu ehtimal tez bir zamanda fakta çevriləcək. Azərbaycan vətəndaşlarının daha bir ehtiram yeri, and ünvanı artacaq. 

Bu zəng, günlərin birində Moskvanın "Qızıl meydan”ında, Lenin mavzoleyinin arxasında 116 nəfərin dəfn olunduğu məzarlığın sakinlərinin yaxınları üçün çalınan həyəcan zəngi də ola bilər. Çünki Kremlin divarları yaxınlığındakı bu qəbirlərin yerinin dəyişdirilməsi, Moskva yaxınlığındakı 55 hektarlıq ərazini əhatə edən və bu il iyunun 22-sində açılışı olan Federal Hərbi Memorial qəbiristanlığına köçürülməsi nəzərdə tutulub.

SSRİ və Rusiya qəhrəmanları, yüksək dövlət mükafatına layiq görülənlər, marşallar, ordu generalları, admirallar, Stalin, Brejnev, Andropov, Çernenkov və digər məşhurların da məzarlarının olduğu bu qəbirstanlıqda Sovet Azərbaycanının rəhbərlərindən biri, dövlət xadimi, ədib Nəriman Nərimanovun da məzarı var.
Qızıl meydanda dəfn olunmuş yeganə azərbaycanlı dövlət və siyasət adamı olan Nərimanovun məzarının da digər məzarlarla birgə başqa qəbiristanlığa köçürüləcəyi xəbəri Azərbaycanda bir sıra müzakirələrin gündəmə gəlməsinə səbəb oldu. Doğrudur, Azərbaycanda Nəriman Nərimanova münasibət birmənalı deyil. Amma bu heç də Nərimanovu tarixi şəxsiyyət kimi sərt mühakimə ilə qəbul etmək, tarixin üstündən xətt çəkmək anlamına gəlməməlidir. İdeyasını qəbul etməyə bilərsən, tarixi addımlarını tənqid edə bilərsən, amma Azərbaycan cəmiyyətində azacıq da olsa haqqı varsa, bu haqqın üstündən sükutla keçmək olmaz və onu öz vətəninə qaytarmaq xeyirxah, doğru bir addım olar. Nərimanov irsinin araşdırıcısı Firdovsiyyə Əhmədova deyir ki, Nərimanovun məzarının Azərbaycana köçürülməsi reallaşarsa, bu, təqdirəlayiq hal kimi qiymətləndirilər.

Nərimanovun qardaşının nəticəsi Kamilə Hüseynova da məzarın Bakıya gətirilməsini istəyir və nənəsinin də bu həsrətlə dünyadan köçdüyünü deyir.
Nərimanovun nəşinin qalıqlarının doğma vətənində dəfn edilməsini istəyənlər az deyil. Bu təşəbbüslə tarixçilər, siyasətçilər də çıxış ediblər. Təbii ki, bu məsələ dövlət səviyyəsində həllini tapa bilər.

Sovet dönəmində Nərimanovun nəşinin Kreml divarlarının yanında olması Azərbaycan və biz azərbaycanlılar üçün böyük fəxarət idi. Çünki Nərimanov sovet hökumətinin qurucularından biri idi. Bu gün isə bir moskvalı üçün onun adı heç nə demir. Çoxları isə onu tanımır da. Odur ki, biz Nərimanovu unutqanlıq mühitindən xilas edib, öz şəxsiyyətimizə, tariximizə sahib çıxmalıyıq.

Nərimanovun nəşinin qalıqlarının Azərbaycanda dəfninin gerçəkləşəcəyinə hər halda ümid var. Ən azından uzaq olmayan tarixdə belə bir nümunə olub. Heydər Əliyevin qərarı ilə SSRİ tarixində ilk dəfə qeyri-adi evakuasiya həyata keçirildi. Repressiya illərində həbs olunan, 1939-cu ildə Maqadana sürgün edilən, uzaq Sibirdə, İrkutsk vilayətinin Tayşet rayonunda torpağa tapşırılan 59 yaşında vəfat etmiş, 59 saylı məzarda uyuyan Hüseyn Cavidin cənazəsinin qalıqları elə görkəmli şəxsiyyətin 100 yaşının tamamında Azərbaycana gətirildi və Cavidin ruhu torpağına qovuşdu.

Nəriman Nərimanova da Heydər Əliyev zamanında qiymətini verib. 1970-ci ildə anadan olmasının 100 illiyi münasibəti ilə Nərimanova Bakıda abidə qoyulub. Bakının rayonlarından birinə onun adı verilib. Paytaxtımızda Nərimanovun ev muzeyi var. Bu muzeydə Nərimanova aid sənədlərdən tutmuş, yazı masasına, həkim kimi insanları müayinə etdiyi otaqlaradək ondan bir xatirə olaraq qorunub, saxlanılır. Bu gün Nərimanovun adına prospekt və küçə var. Bütün bunlar Nərimanov irsinə, ədəbi yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə yüksək qiymətin nəticəsidir. Bu gün təkcə Nərimanov deyil, Azərbaycanın bir çox görkəmli dövlət, siyasət, mədəniyyət, ədəbiyyat adamlarının məzarı xarici ölkələrdədir. Mirzə Fətəli Axundovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, habelə Toğrul Nərimanbəyovun məzarı xarici ölkələrdədir. Azərbaycanın bu şəxsiyyətlərinin də öz torpaqlarına qarışmaq, qovuşmaq haqqı var. Bu haqqı isə tarix, zaman və cəmiyyət verir.

 Əslində, Nəriman Nərimanovun harda dəfn olunmasının ona qətiyyən dəxli yoxdur. Onun ruhu onsuz da harda olmalıydısa ordadır. Ölülərin dəfni isə ölülər üçün deyil, daha çox dirilər üçündür(Ans).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA