Hafiz Hacıyev yenidən qızışdı, Cəmil Həsənlidən üzr tələb olundu - debat

img

21-09-2013 [20:31]


Bu gün saat 19-da İctimai Televiziyada Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin növbəti debatı başlayıb. İTV-nin MSK-ya ünvanladığı şikayətə baxmayaraq, bu dəfə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə də efir vaxtı verilib. 

Teledebat başlayarkən, püşkə görə birinci danışan Zahid Oruc heçən dəfəki teledebatda yaranan qalmaqala görə hər iki namizədin - Hafiz Hacıyev və Cəmil Həsənlinin xalqdan üzr istəməli olduğunu bildirərək vaxtını saxladığını deyib.

Prezidentliyə namizəd İlham Əliyevi debatda təmsil edən Siyavuş Novruzov da adları çəkilən şəxslərin xalqdan üzr istəməsinin vacib olduğunu deyib.

Onlardan sonra söz alan İqbal Ağazadə kənd zəhmətkeşlərinin problemlərindən, borcun içində batmalarından danışıb.

Dördüncü olaraq İlyas İsmayılovun nümayəndəsi Mais Gülalıyev danışıb.

Hafiz Hacıyev nəyə görə üzr istəməli olduğunu bilmədiyini deyib və ötən dəfəki verilişdə dediyi və qalmaqala səbəb olan sözlərin bir qismini yenidən təkrar edib.

Bundan başqa, o, 10 il öncə dilə gətirdiyi böhtanları yenidən səsləndirib. O, get-gedə daha da əsəbiləşib, müxalifət liderlərini xəyanətdə günahlandırıb, hətta onları Xocalı qətliamını törətməkdə suçlayıb.

Fərəc Quliyev öz növbəsində danışarkən öz üzərinə dövlət başçısının vəkili rolunu götürüb və Cəmil Həsənliyə qarşı tənqidi fikirlər səsləndirib.

Sərdar Cəlaloğlu öz çıxışında 20 il öncə bir il hakimiyyətdə olduqdan sonra devrilən Elçibəy iqtidarını müdafiə edərək bu günkü debatda həmin komandanın beş üzvünün prezidentliyə namizəd kimi iştirak etdiyini bildirib, daha sonra ölkədə tüğyan edən korrupsiyadan danışıb.

Qüdrət Həsənquliyev Cəmil Həsənlinin iqtidara qarşı aqressiv çıxışlar etməsindən danışıb.

Daha sonra Cəmil Həsənli 6 dəqiqəlik çıxışında hakimiyyətin uğradığı korrupsiya barədə xarici mətbuatda, nüfuzluq nəşrlərdə çıxan materiallar əsasında, konkret rəqəmlər səsləndirərək danışıb və burada səslənən ittihamlara görə hakimiyyətin və onun təmsilçilərinin cavab vermələrini istəyib. Çıxışını bitirdikdən sonra o, studiyanı tərk edib.

Daha sonra Zahid Oruc çıxışını bütünlüklə Cəmil Həsənlinin dediklərini təkzib etməyə çalışıb, öz namizədliyindən danışmaq əvəzinə YAP namizədinin vəkili rolunda çıxış edib.

Siyavuş Novruzov da çıxışını Cəmil Həsənliyə həsr edib, onu Fərhad Əliyevlə yaxın münasibətlər qurmaqda ittiham edib.

Hafiz Hacıyev yerdə qalan vaxtından istifadə edərək çıxış edən zaman yenə öz ampluasına sadiq qalaraq müxalifət liderlərinin ünvanına ağzına gələn sözlər danışıb, qeyd edib ki, bunların qəzeti "gəlib heykəlləri dağıdacağıq” yazır: "O heykəli qoyan adamlar ölüb ki, gəlib dağıdasınız. Mən sizi niyə öldürmürəm ki, gəlib dağıdasınız”.

Araz Əlizadə təhsildən bəhs edib, qeyd edib kİ, təhsil dövlətin sərəncamında olmalıdır.

Qüdrət Həsənquliyev dövlət başçısının müdafiəsi üçün çıxışı edərkən vaxtı qurtarıb, ondan estafeti alan Siyavuş Novruzov Cəmil Həsənlinin "ifşa"sını davam etdirib. Araz Əlizadə də özünü müxalifətçi adlandıraraq dövlət başçısının xarici siyasətini dəstəklədiyini bildirib.

musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA