İcra başçısına 5 milyon manat kələk gəliblər

img

20-09-2013 [11:18]


Xəbər verdiyimiz kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi, QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs ediblər.

R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Qaranlıq maliyyə əməliyyatlarında onun qardaşı Emin Hüseynovun da iştirakı ilə bağlı məlumatlar var. Hüseynov qardaşları dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət etməyə hazırlaşırlar. Bununla bağlı "Yeni Müsavat”a yeni məlumatlar daxil olub.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, bu işdə rayonlardan birinin icra hakimiyyətinin başçısı da 5 milyon manat zərər çəkib (rayonun və başçının adı bizə bəlli olsa da, müəyyən dəqiqləşdirmələr apardığımızdan hələlik ad çəkmirik - red.) 2012-ci ildə dövlət büdcəsindən həmin rayona ayrılmış 11 milyon manatın 5 milyon manatı "Texnikabank”ın yerli filialı vasitəsilə nağdlaşdırılaraq hesabdan çıxarılıb və hazırda həbsdə olan Rahib Hüseynova faizə verilib. Bu əməliyyata icra başçısının oğlu rəhbərlik edib. İcra başçısının hüqüq-mühafizə sistemində rəhbər vəzifədə işləyən oğlunun Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin İdarə Heyətinin sədri Arif Əsgərovun oğlu Elnarın bacanağı olduğu bildirilir. Eyni zamanda 5 milyon manatın bankdan çıxarılmasında birbaşa iştirak edən "Texnikabank”ın yerli filialının müdiri Elnur Süleymanovun da icra başçısının oğlu ilə yaxın qohumluq münasibətində olması ilə bağlı məlumatlar var. 

"Liman Group” şirkətinin rəhbəri, Arif Əsgərovun oğlu Elnar Əsgərovun da adı bu nəhəng korrupsiya qalmaqalında hallanır. Məlumatlara görə, E.Əsgərov QSC-nin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. Məlumatların təhlilindən belə çıxır ki, 48 milyon manatı Arif Əsgərovun yaxın qohumlarından ibarət olan mütəşəkkil qrup mənimsəyib. İşin üstü açıldığından qrupun bəzi üzvləri (Rahib Hüseynov və qardaşı) qurban verilib, bəzi üzvləri isə toxunulmaz saxlanılır (Elnar Əsgərov). 

Mənbənin bildirdiyinə görə, icra başçısının oğlunun büdcədən oğurladığı 5 milyon manat 48 milyona daxil deyil: "Təbii ki, icra başçısının oğlu bu faktı istintaqa açıqlasa, o və atası avtomatik olaraq dövləti cinayətdə iştirak etdiyini etiraf etməli olacaq. Çünki ”Texnikabank"ın yerli filialından çıxarılan 5 milyon manat dövlət vəsaitidir və onu faizə vermək dövlət əmlakının talan edilməsinin etirafı anlamına gəlir. Ona görə də icra başçısının oğlu bu barədə susmağa üstünlük verir".

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA