"Qızım ağlamağa və yalvarmağa başladı ki, nə olar, bizi öldürməyin”

img

19-09-2013 [16:05]


Bu gün RATİ-nin ofisində həbsdə olan "Bizim Yol” qəzetinin əməkdaşı və jurnalist Pərviz Həşimlinin Hüquqlarını Müdafiə Komitəsinin mətbuat konfransı keçirildi.  

Tədbiri giriş sözü ilə açan jurnalistin atası Kamran Həşimov çıxışında bildirdi ki, illərdir kimya müəllimidir və ziyalı övladlar yetişdirib. Oğlu P.Həşimlinin Azərbaycan dövlətinə qarşı xəyanətdə, neqativ əməllərdə iştirak etmədiyini vurğulayan atası onun parlamentdəki fəaliyyətini də yada salıb: 

"Bir buyruq qulu ona zəng edib ki, Gəncədən hədiyyə gətirmişəm" 

"Mənim oğlum parlament jurnalisti olub, qələmi ilə işləyib, ölkədə baş verən hadisələri işıqlandırıb. Son dövrlər ona MTN-lə əməkdaşlıq etmək üçün elə həmin nazirlik tərəfindən təzyiqlər edilib. Amma buna etiraz edib. Çünki kiminsə haqqında şər danışmaq, tələ qurmaqdan uzaq olub. Buna etiraz etdiyi üçün kənardan bir buyruq qulu ona zəng edib ki, Gəncədən hədiyyə gətirmişəm. Pərviz təəccüblənib ki, nə hədiyyə? Onda da deyib ki, təkzib veriləsi bir yazı var, düş görüşək. Düşən kimi MTN onu həbs edib, maşında silah göstərilib. Sonra evə hücum çəkilib. Ona görə evə daxil olan kimi təhlükəsizlik kameralarını sındırıblar”. 

K.Həşimovun dediyinə görə, əməliyyat zamanı nəvəsinin oyuncağının içinə Makarov tipli silah yerləşdiriblər. "Hansı valideyn öz uşağının oyuncağının içinə tapança qoyar ki, özünü və uşağını məhv etsin” deyə sual edən ata əməliyyatçıların təhlükəsizlik kamerasını söndürəndən sonra evin damına da iri bir əşya qoyduğunu vurğuladı:

"Sonra da qapını bağlayıblar. Cavan qadının, körpə uşağın üstünə 30 əməliyyatçını göndərmək nəyə lazımdır? Eldar Mahmudov eşitsin: gəlinim və uşağı artıq o evdən çıxıb. Həmin evlər onların məsuliyyətində qalır. İstər bundan sonra o evi od vurub yandırsınlar, nə istəyirlər yerləşdirsinlər.Dünyanın heç bir yerində jurnalist dövlət çevrilişi etmir. Bu çevrilişi silahlılar edib. Bu dövlət qruplara bölünüb: bunların mafiyaları var.  Elçin Quliyev Pərvizə deyir ki, sən biz deyən adamların üzünə dirənməlisən”. 

"Qoy Eldar Mahmudov Qurana and içsin ki, o silah-sürsat Pərvizə məxsusdur” 

Jurnalistin atası media vasitəsilə dövlət başçısı İlham Əliyevə də müraciət etdi: "Qoy Eldar Mahmudov Qurana and içsin ki, o silah-sursat Pərvizə məxsusdur. Onda bütün ailəni həbs etsinlər. Amma bunu edə bilməzlər. Çünki prezidentə yalan danışırlar. Qaçqın düşərgələrindən bir-iki yeri təmir edirlər, amma bunu prezidentə başqa cür təqdim edirlər”. 

K.Həşimov "mən bir ziyalı kimi terrorçu övlad yetişdirməmişəm” deyərək İ.Əliyevdən onu qəbul etməsini xahiş etdi. Görüş zamanı ölkədəki problemlər barədə prezidentə məlumat verəcəyini deyən atası həmçinin maraqlı bir təkliflə də çıxış etdi: "Ölkədəki quldur dəstələrinə xüsusi yer ayırsınlar. Qoy o dəstələr gedib "razborka”larını orda aparsınıar. Müxalifət üçün mitinqlərdə xüsusi yer ayırdıqları kimi bu dəstələr üçün də xüsusi yer ayırsınlar. Bizim uşaqlarımızın başına bu işi gətirməsinlər”.  

20 ildir YAP-çı olduğunu vurğulayan ata hər zaman dövləti, onun təhlükəsizliyini dəstəklədiyini dedi. "Silah hardan gəlib Pərvizin ofisinə çıxıb” deyə sual edən K.Həşimovun sözlərinə görə, hətta gömrükdən bir qutu yağı da icazəsiz keçirmək mümkün olmadığı ölkədə oğlunun gömrükdən qanunsuz silah keçirməsi absurddur: "Uşağımın təhlükəsizliyini Eldar Mahmudovdan tələb edirəm”.

İlahə Həşimova: "Silah gizlədən adam onu uşağın oyuncağının içinə qoyarmı?”

P.Həşimlinin həyat yoldaşı İlahə Həşimova isə hadisənin baş verdiyi gün yaşananları nəql etdi. Dedi ki, sentyabrın 17-də axşam saat 7 radələrində evlərinə naməlum, silahlı şəxslər basqın ediblər: "Evdəki təhlükəsizlik kamerasından baxıb gördüm ki, qara cip növlü maşından çoxlu idmançı oğlanlar düşdü. Qardaşıma, qaynıma, Pərvizin dayısına zəng vurdum ki, tez özlərini çatdırsınlar. Bundan əvvəl neçə dəfələrlə hardansa qayıdanda arxamızca maşınlar düşüb. Evə getməmişik, qohumların evində qalmışıq. Bu dəfə də gələn adamlar dərhal "reşotka”nı sındırıb içəri keçdilər. Hamama keçib uşaqla birgə orda gözləmək istədik. Bu dəfə silahlı adamlar qabağımızı kəsib, icazə vermədilər. Qızım ağlamağa və yalvarmağa başladı ki, nə olar, bizi öldürməyin”.

İ.Həşimova dedi ki, evində silah gizlədən adam onu heç vaxt uşaq oyuncağının içinə qoymaz. Onun sözlərinə görə, silahlı şəxslər daha sonra həyətyanı sahəyə, ardınca isə evin yanındakı dama keçiblər: "Biz heç vaxt o zirzəminin qapısını bağlı saxlamırıq. Amma onlar özləri bağlamışdılar və mənə dedilər ki, açın oranı. Dedim, necə bağlamısızsa, elə də açın. Qapını sındırdılar, lazımsız iki-üç taxtanın arxasından qumbara götürdülər. Mənə əmr etdilər ki, götür. Dedim, siz qoymusuz, özünüz götürün. Mənə qayıtdılar ki, əgər qapı açıq olsaydı, onda da deyəcəkdiz ki, qapını açıb, içəri narkotik yerləşdirmisiz. Bu isə onların bu əməliyyatı necə qurduqlarını göstərir”.

"1 qadınla körpə uşağın üstünə 30 idmançı adam düşərmi”,- deyə, sual edən İlahə xanım normal səviyyədə axtarış-əməliyyat tədbirləri aparılsaydı, mənzərənin belə acınacaqlı olmayacağını vurğuladı: "Gələn adamlar özlərini təqdim etmədilər, şahid çağırmadılar. Bu da qanunuzluq idi”.  

K.Həşimov isə media vasitəsilə bir daha İ.Əliyevı müraciət etdi: "Burdan perzidentə car çəkirəm ki, gəncləri belə məhv etməyə qoymasın. Nöqsanı varsa, dindirib təbliğ edirlər. Qaçqınçılıqla, çətinliklə böyütdükləri uşaqların bu cür incidilməsinin qarşısını alsın. Pərviz heç vaxt qırmızı xətti keçməyib”.  

Atasının dediyinə görə, MTN-in İlqar Əliyev adlı əməkdaşı onunla danışaraq əməkdaşlıq təklif edib: "İlqar ona təklif edib ki, bizimlə işləyin, bəzi insanların üzünə durun. Pərviz də bunu qəbul etmədiyinə görə bu əməliyyat qurulub”. 

Elçin Sadıqov: "Başına torba keçirilməsi insan ləyaqətini alçaldır” 

P.Həşimlinin vəkili Elçin Sadıqov dedi ki, həbs zamanı jurnalistə qarşı xeyli sayda qanunsuz hərəkətlər edilib. Heç bir əsas olmadan əl-qolları arxadan bağlanan jurnalist zorakılığa məruz qalıb, zədələr alıb. Bundan başqa, MTN-ə gətiriləndə ifadə verməsi üçün hədələnib. Bildirilib ki, əks halda işgəncə veriləcək”.

Bu əməliyyatın hüquqi tərəflərinə toxunan vəkil dedi ki, jurnalistin evində və ofisində aparılan axtarışla bağlı müstəntiq məhkəmənin qərarını təqdim etməlidir: "O, tapança axtarmağa gəlirsə, öncə deməlidir ki, bunu təhvil verin. İmtina edildikdə hal şahidlərinin də iştirakı və videoçəkilişlə axtarış aparılmalıdır. Obyektiv axtarışların əksəriyyətində videoçəkilişlər olur. Sonda isə protokolun bir surəti də ailəyə verilməlidir”.

E.Sadıqov dedi ki, evdəki təhlükəsizlik kamerasının yaddaş kartını əldə etmək üçün istintaq qarşısında vəsatət qaldırıb. Vəkil həmçinin məhkəmə çıxışında jurnalistin başına torba keçirilməsinə də toxundu. Onun sözlərinə görə, bu da qanuna ziddir: "Avropa Məhkəməsinin qərarı var: bu, insan ləyaqətini alçaldan hərəkətdir. Məhkəmə çıxışında o məhkumların başına torba keçirib üzünü gizlədirlər ki, kənardakı insanlar onun kimliyini görüb daş ata, zərər verə bilərlər. Pərviz Həşimli həmin kateqoriyadan olan insan deyil və ona qarşı bu davranış qanunsuzdur”.

Vəkilin sözlərinə görə, əgər P.Həşimlinin işi qaçaqmalçılıqla bağlıdırsa, bu məsələ Dövlət Gömrük Komitəsinə aiddir. Silahla bağlı məsələ isə prokurorluğa aiddir: "Amma istintaq MTN tərəfindən aparılır və burada ciddi qərəz müşahidə olunur. Tələb edəcəyik ki, istintaqın aparılması prokurorluğa verilsin”.

E.Sadıqov dedi ki, həbs qətimkan tədbiri ilə bağlı apellyasiya məhkəməsinin qərarından sonra jurnalistin həbsinin ev dustaqlığı ilə əvəzlənməsi məsələsini qaldıracaqlar. Vəkilin sözlərinə görə, işdə Zəkəriyyə adlı bir nəfərin də ifadəsi var. Həmin şəxs İrandan P.Həşimli üçün silah gətirdiyini bildirib: "Ondan müəyyən liderlərin əleyhinə ifadə verməsi tələb edilib. Əsasən də AXCP sədri Əli Kərimlinin əleyhinə. 3 saat ərzində ona qarşı təzyiqlər olub”.

Natiq Güləhmədoğlu: "Hakimiyyət nümayəndələri öz körpələrini gözlərinin qabağına gətirsinlər”

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu isə P.Həşimlinin həbsinin çox az adamda tərəddüd yaratdığını dedi: 

"AXCP bunu siyasi sifariş sayır. Bu həbs onun jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır. Həbsdən 20 gün qabaq burda danışılanları müəyyən qədər demişdi. Bu əməliyyat AXCP və onun sədri Əli Kərimliyə qarşıdır. Azərbaycan hakimiyyəti hər dəfə bu düşük və dəbdən düşmüş ssenarini yaradır. 2005-ci il seçkiləri ərəfəsində də Rəsul Quliyev gəlməliydi. Onda bütün ağacların dibindən silahlar, "Kalaşnikov”lar "tapdılar”. Biz qətiyyətlə Pərvizin yanında olacağıq. Ona təşəkkür edirik ki, bu ağır günlərdə ona qarşı edilən təzyiqlərə baxmayaraq, dünyagörüşünə sadiq qalıb, ssenarilərə qol qoymayıb”.  

N.Güləhmədoğlu Azərbaycan hökumətini də mənəviyyata səslədi: "Kişini tutarlar, həbs edərlər. Amma Azərbaycan hakimiyyəti nümayəndələri öz körpələrini gözlərinin qabağına gətirsinlər. Heç kəs belə haldan sığortalanmayıb. Əzəmətli Qəzzafi hakimiyyətinin yaramaz sonluğunu gözlərinin qabağına gətirsinlər. Tutmaq istəyirsən, tut, amma qadına-qıza qarşı bu davranış yersizdir. Bu zülm bizə qarşı olub. Bu çətin sınaqdan ailəsinin və bizim şərəflə çıxmamızı istəyirəm”.

Jurnalist Xalid Kazımov isə hadisə yerində olan jurnalistlərə qarşı da kobud davranış sərgiləndiyini dedi. Onun sözlərinə görə, post patrul xidmətinin əməkdaşları çəkiliş aparmaq istəyən jurnalistlərə "gəlib saçınızı yolarıq”, "çənənizi qırarıq” deyə hədə-qorxu gəlirdilər. Bu təhdidlərlə bağlı DİN-in qaynar xəttinə müraciət edən jurnalistlərə isə "işverənlik etməyin” deyilib.

Konfransın sonunda P.Həşimlinin atası bir daha oğlunun günahsız olduğunu dedi: "Oğlumun belə bir işdə məsuliyyəti olsa, özümü güllələyərəm. Yüzlərlə qaçqın uşağına təhsil vermişəm, qaçqınçılıqla uşaq böyütmüşəm. Tərifnamələrim var. Mənim uşağım elə hərəkət etməyib”(musavat.com).

Xatırladaq ki, Pərviz Həşimlini sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib. Sentyabrın 18-də MTN-in onun işi ilə bağlı yaydığı rəsmi açıqlamada deyilir: "Azərbaycan Respublikasının vətəndaşları Həşimov Pərviz Kamran orlu və Qurbanov Təvəkkül Zəkəriyyə oğlu Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə sentyabrın 17-də tutulublar. Onlar təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin 18 sentyabr 2013-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA