Pərviz Həşimli ittihamı rədd etdi, MTN açıqlama yaydı - foto

img

18-09-2013 [22:14]


MTN-nin təcridxanasına salınan «Bizim yol» qəzetinin əməkdaşı və «Moderator.az» saytının rəhbəri Pərviz Həşimli Səbail rayon Məhkəməsinin qərarına əsasən 2 ay müddətinə həbs olunub.

Qeyd edək ki, MTN-nin məhkəməyə təqdimatında 3 aylıq müddət tələb edilsə də, məhkəmə 2 aylıq müddət barədə qərar verib.

Pərviz Həşimli ittihamları rədd edib, həbsinin jurnalist və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Həbs olunduğu andan bu yana işgəncəyə məruz qalmadığını bildirən Pərviz Həşimli işgəncə ilə hədələndiyini deyib. Saxlanma zamanı MTN əməliyyatçılarının kobudluğu üzündən Pərviz Həşimli ayaq nahiyəsindən xəsarət alıb.

Bu arada Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Bizim yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin saxlanmasına aydınlıq gətirib.

MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının vətəndaşları - Həşimov Pərviz Kamran oğlu və Qurbanov Təvəkkül Zəkəriyyə oğlu Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə 2013-cü il sentyabrın 17-də tutulublar.

Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin 18 sentyabr 2013-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA