Bakıda qadının evinə gecəyarısı polis basqını olub - şikayət

img

18-09-2013 [13:19]


Sentyabrın 17-də gecə saatlarında polis əməkdaşları "Nur” Təlim və Tədris Mərkəzinin sədri olmuş, hazırda təlimçi kimi fəaliyyət göstərən Məlahət Ağayevanın evinə basqın edib. 

M.Ağayevanın verdiyi məlumata görə, Xətai rayonundakı Naximov 39 ünvanında yerləşən evə gələn 10 nəfər polis əməkdaşı heç bir sənəd təqdim etmədən içəri daxil olub, evdəki şəxslərə, hətta uşaqlara qarşı zorakılıq nümayiş etdiriblər: "Gecə saat 12-də 10-a yaxın polis əməkdaşı həyətə daxil oldu. Özlərini təqdim etmədən həyətdəki bütün evlərdə axtarış apardılar. Nə məqsədlə gəldiklərini soruşanda bacım oğlunun Xətai rayonu 35-ci polis bölməsinin rəisinin qarşısında avtoxuliqanlıq etdiyini bildirərək, onu axtardıqlarını söylədilər. Bacım oğlu toyda idi, onu çağırdıq, ancaq sonra məlum oldu ki, onlar bacım oğlu üçün yox, qardaşım üçün gəliblər. Qardaşım 178-ci maddə ilə məhkum edilib, hazırda şərti azadlıqdadır. Ancaq onun yenidən axtarışa verilməsi ilə bağlı heç bir çağırış bizə daxil olmayıb. Bundan başqa o, bizim ünvanda yaşamır. Əgər günahı varsa, mütləq cəzalandırılmalıdır. Ancaq gecə saat 12-də polis əməkdaşlarının həyətə daxil olaraq, heç bir sənəd təqdim etmədən axtarış aparması, bizə qarşı zorakılıq nümayiş etdirməsi qanunsuzluqdur”.


M.Ağayevanın sözlərinə görə, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən bəzi QHT rəhbərləri ilə əlaqə yaratdıqdan sonra onların təkidi ilə polis sənəd təqdim edib: "Ancaq bundan sonra sənədlərini təqdim etdilər və Nərimanov rayonundakı 16-cı polis bölməsinin əməkdaşı olduqlarını dedilər. 21 yaşlı bacım oğlu gecəni 35-ci polis bölməsində keçirdi. Onu bu gün səhər buraxıblar. Polislər özləri ilə Yasamal rayonundan 2 hal şahidi də gətirmişdilər. Bir daha təkrar edirəm ki, əgər qardaşım günahkardırsa, onu sivil qaydada, qanunlara əməl etməklə cəzalandırmaq lazımdır. Bu şəkildə evə basqın edib heç bir açıqlama vermədən, sənəd təqdim olunmadan uşaqlara qarşı da kobud davranmaq nə dərəcədə qanunidir?”

M.Ağayevanın sözlərinə görə, hadisə zamanı xəsarət aldığı və qan təzyiqi yüksəldiyi üçün həmin ünvana təcili yardım çağırılıb. Ancaq təcili yardım gəlməyib: "Təcili yardımı çağıranda nə baş verdiyini soruşdular. Biz də evə polislərin gəldiyini bildirdik. Bu sözdən sonra təcili yardım gəlmədi”.

Nərimanov rayonu 16-cı polis bölməsindən isə AzNews.az-a bildirilib ki, polis vətəndaşın evində axtarış apararkən mütləq sənəd təqdim etməlidir: "Şikayətçi evə gedən əməkdaşların 16-cı polis bölməsinin əməkdaşları olduğunu dəqiq bilirmi? Əgər o polisin təqdim etdiyi sənəddə doğrudan da 16-cı polis bölməsinin əməkdaşları olduğunu yazılıbsa, o zaman bizim bölməyə müraciət etsin. Nə baş verdiyini burada aydınlaşdırarıq”.

AzNews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA