Abel Məhərrəmov professorları fəhlə əvəzinə işlədir?

img

18-09-2013 [12:23]



Bu gün təxminən bir neçə saatdan sonra Quba rayonunun II Nügədi kəndində (rayon mərkəzindən 11 km aralı) Bakı Dövlət Universitetinə məxsus 500 nəfərlik Quba Tədris-Təcrübə və İstirahət bazasının açılışı baş tutacaq. Tədbirə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də qatılacağı gözlənilir.

İlk baxışda normal görünən bu tikintidə əslində son bir həftədir maraqlı hadisələr baş verir. Belə ki, Press24.az-a daxil olan məlumata görə, rektor Abel Məhərrəmov orada gedən abadlıq işlərini sürətləndirmək və prezidentə söz verilən zamanda açılışı etmək üçün artıq bir neçə gündür ki, bütün səyi ilə çalışır. Sahəsi 480 kv.m olan bu ərazini abadlaşdırmaq elə də asan məsələ deyil. Bizə verilən məlumata görə, işin öhdəsindən yalnız fəhlələrin gələ bilməyəcəyini görən rektor son 1 həftədə BDU-nun müəllim, professor heyətini də işə cəlb edib. Demək olar ki, yaşlı professorlar gizli əsəb keçirirlər. Onlar bu yaşda pəncərə silməyi, qapı təmir etməyi özlərinə yaraşdırmırlar. Hətta rektor Bakıda olarkən yaşlı müəllimlərdən biri "Mən bu mərtəbəyə ona görə gəlib çıxmamışam ki, gəlib pəncərə silim!” deyərək, Qubadakı bazada işləməkdən imtina edib. Bu sözləri eşidərkən bərk qəzəblənən Abel müəllim açılışdan sonra həmin müəllimin işdən çıxarılması və ya ciddi cəzalandırılması məsələsinə baxacağını bildirib. İnsafən qeyd etmək lazımdır ki, açılışa böyük məsuliyyətlə hazırlaşan Abel müəllim özü də idman paltarı geyərək abadlıq işlərinə qoşulub, müəllimlərə nümunə göstərib.

Aldığımız bu informasiyaya aydınlıq gətirmək üçün BDU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı ilə əlaqə saxladıq. Hazırda Qubada olduğunu bildirən Nəbi müəllim məlumatın tamamilə əsassız olduğunu söylədi.

"Yalan məlumatdır. Kimsə belə bir işə məcbur edilə bilməz. Hətta mən inzibati-təsərrüfat işləri üzrə prorektor olsam da, bu yaxınlarda əməliyyat keçirtdiyimi nəzərə alaraq hörmətli rektorumuz Abel Məhərrəmov mənə belə uzaq yola çıxmamağımı, tədbirə getməməyi məsləhət gördü. Amma mən razılaşmadım. Neçə vaxdır ki, səbirsizliklə gözlədiyimiz bazanın açılışına qatılmaq istədiyimi dedim. Abel müəllim heç zaman kimisə hansısa işi görməyə məcbur edə bilməz. Düzdür, bəzi yaxın yerlərdəki istirahət bazalarımızın abadlığına könüllü şəkildə kollektivimiz qatılır. Fakültələr üzrə könüllü iməcliklər təşkil olunur. Amma bu gün açılışını etdiyimiz baza çox uzaqda - Qubanın II Nügədi kəndində yerləşdiyindən orada belə iməcliklər keçirmək imkanımız olmayıb. Cəmi bircə dəfə aprelin 27-də şənbə günü Bakı Dövlət Universitetinin kollektivi könüllü şəkildə bazada ağacəkmə aksiyası keçirib. Ağac əkmək isə müqəddəs bir işdir. Mən inanmıram ki, kimsə bundan imtina edə və ya bunu məcburi iş kimi qəbul edə bilər. Ona görə də BDU-nun inzibati təsərrüft işləri üzrə prorektoru olaraq tam əminliklə deyirəm ki, yanlış informasiyadır. Hansısa professorun abadlıq işlərinə məcburi cəlb olunmasından, bununla bağlı rəhbərliklə müəyyən problemlərin yaranmasından söhbət belə gedə bilməz", - deyə Nəbi müəllim bildirdi.

Press24.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA