Azərbaycanla Avropa arasında rüşvət qalmaqalı böyüyür - xarici mətbuat

img

17-09-2013 [12:43]


"Avropa Yayım Birliyi Azərbaycana qarşı rüşvət iddialarını araşdırmaq üçün İctimai TV ilə əməkdaşlıq edir”. Bunu Eurovision Mahnı Müsabiqəsinin icraçı rəhbəri Jon Ola Sand BBC Azərbaycancaya deyib.

"İrimiqyaslı araşdırma aparılır - biz partnyorlarımızla, nümayəndə heyətlərinin başçıları ilə, səslərin sayılmasına baxan Digame şirkətinə müraciət etmişik. Təbii ki, bu barədə məlumat almaq üçün İctimai TV ilə də danışmışıq”, - Avropa Teleradio Yayım Birliyinin (EBU) nümayəndəsi bildirib.

İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədli BBC Azərbaycancaya deyib ki, Avropa Teleradio Yayım Birliyindən araşdırma ilə bağlı heç bir sual və ya müraciət daxil olmayıb.

"Ayrı-ayrı media orqanları nəsə yaza bilərlər. Amma bu müsabiqə ilk gündən bütün auditoriyanın göz qabağındadır və mütəxəssislər çıxışlarımızın uğurlu olduğunu deyirlər", o bildirib.

İTV-yə məktublar

İsveç mediasına danışan nümayəndə heyəti üzvü deyib ki, bu il ölkənin Malmö şəhərində keçirilən müsabiqədə yüksək bal qazanmaq üçün Azərbaycan jüriyə "bir il yaşamağa kifayət edən" pulla rüşvət verməyə cəhd edib.

"Biz bu məsələyə iyun ayında baxmağa başlamışıq", cənab Sand deyib, və İctimai TV-nin təkzibini rədd edib. "Biz İctimai-yə bir neçə məktub göndərmişik - bu, düzgün deyil", cənab Sand deyib.

"Müraciət etdiyimiz qurumlar bizimlə əməkdaşlıq ediblər - müsabiqə zamanı Malmö şəhərində, daha sonra Maltada və sonuncu dəfə Berlində. Bundan savayı biz telekanallardan bir sıra digər təmsilçi ilə danışmışıq, məktublar göndərmişik və cavablar almışıq."

Cənab Sand bu cavablar barədə əlavə məlumat verə bilməyəcəyini bildirib.

"Musiqimizə simpatiya"

"İddialar düzgün çıxsa, bu məsələ Tövsiyə Qrupuna, bundan sonra isə Televiziya Komitəsinə göndərilməli olacaq. Qərar orada veriləcək. Mən qərar barədə spekulyasiya etmək istəmirəm", o deyib.

Bu cür hadisələrin tez-tez baş verməsi barədə sualı cavablandıran Eurovision rəsmisi deyib ki, belə iddialar hər il olur.

"Mən 1998-ci ildəndir ki, Eurovision-la əlaqədəyəm və hər il spekulyasiya və danışıqlar olub amma indiyə qədər heç kim gəlib deyə bilməyib ki, həqiqətən də belədir."

Tahir Məmmədlinin sözlərinə görə, İTV müdaxilə iddialarını qəbul etmir: "Eurovisionu izləyən ölkələr qonşuluq prinsipinə və ya musiqimizə olan simpatiyadan irəli gələrək səs verir. Amma bu qəzetdə yazılanların anlamına gəlmir."

Britaniyada dərc olunan qəzetlər həftə sonu buraxılışlarında Azərbaycanın bu ilki Eurovision mahnı müsabiqəsində səsləri almağa çalışdığını iddia edən yazılar dərc edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA