Mikayıl Cabbarov girov direktordan danışdı, rəhbər şəxslərə isə xəbərdarlıq etdi

img

16-09-2013 [13:52]



Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin rəhbərlərinə növbəti xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, təhsil sistemində ciddi qanun pozuntuları baş verərsə, Təhsil Nazirliyi Azərbaycan qanunvericiliyi çərçivəsində buna cavab verəcək: "Qanun hamı üçün eynidir və hər kəs qanun çərçivəsində cəzalandırılacaq”.

Nazir qeyd edib ki, ötən həftə Təhsil Nazirliyinin əmri ilə Bakıdakı 23 saylı məktəbin direktoru bəzi qayda pozuntularına yol verdiyi üçün vəzifəsindən azad edilib. Təhsil naziri müəllimlərin dərs yükünün artırılması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda müəllimlərin dərs yükünün artırılması ilə bağlı Təhsil Nazirliyinə müraciətlər edilir: "Biz də bu məsələyə baxır və müsbət yanaşırıq. Ancaq bu, hüquqdur, öhdəlik deyil”.

M. Cabbarovun sözlərinə görə, müəllimlərin daha çox dərs saatında çalışması məcburi deyil: "Biz ümumilikdə təhsil sistemində həvəsləndirmə sisteminin mükəmmələşdirilməsinə çalışırıq. Sadəcə olaraq, bizim görüşümüz məktəb direktorları ilə olduğuna görə fəlsəfə çox aydındır. Hesab edirəm ki, bu gün bizim tətbiqi etdiyimiz həvəsləndirmə sistemi tam optimal deyil. Biz bu istiqamətdə addımlar atmalıyıq və nəzərdən keçirilir”.

Xatırladaq ki, 23 saylı məktəbin direktoru vəzifəsindən azad olunub. O, işdən azad edildikdən sonra deyib ki, nazirliyin əməkdaşları onu girov götürərək, istefa ərizəsi yazmağa məcbur ediblər.   


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA