Qüdrət Həsənquliyev: "Bu seçkilər yeni dönəmin başlanğıcı olacaq"

img

15-09-2013 [21:45]



Artıq seçkidə mübarizənin kimlər arasında gedəcəyi bəllidir. Namizədliyini irəli sürənlərin sayı 20 nəfəri ötsə də, qeydə alınan namizədlərin sayı onun yarısı qədər oldu. Prezidentliyə namizədliyi MSK tərəfindən qeydə alınan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətə arxada qalan mərhələni qiymətləndirməklə başladıq.
- Sözün doğrusu, mən mətbuatda rast gəlmədim ki, hansısa namizədin imzatoplama kampaniyasına maneə yaradılsın. Bu baxımdan, hesab edirəm ki, bu mərhələ çox normal keçib. Arzu edək ki, həm təbliğat kampaniyası dönəmində, həm də seçki günündə ciddi qanun pozuntuları baş verməsin, Azərbaycan beynəlxalq təşkilatların şübhə altına almayacağı bir seçki keçirə bilsin.
- Amma əvvəlki seçkilərdə imzatoplama kamaniyası zamanı da müxalifətdən olan namizədlərə ciddi problemlər yaradılırdı...
- Bəli, əvvəlki seçkilərdə neqativ hallara rast gəlinirdi, amma bu dəfə özünüz də müşahidə etdiniz ki, hər hansı ciddi qanun pozuntusu olmadı. Əgər kimsə normal şəkildə imza toplayıbsa, əminəm ki, onun da namizədliyi qeydə alınıb.
- Artıq sabahdan təbliğat-təşviqat mərhələsi başlayır. Sizin taktika necə olacaq?
- Çalışacağıq ki, müxtəlif formalardan istifadə edək. 21 günlük kampaniya müddətində daha çox insanla təmasda olmaq, daha geniş kontingentə öz platformamızı, fikirlərimizi çatdırmaq niyyətindəyik. Hesab edirəm ki, bizim platformamız milli maraqlara söykənən platformadır. Platformada Qarabağın azadlığı, ölkədə köklü konstitusion islahatların aparılması, qanunun aliliyi, hüquq, iqtisadiyyat sistemində liberallaşmanın təmin olunması və digər məsələlər yer alıb. Düşünürəm ki, biz, insanlara o platformanı çatdıra bilsək, uğurlu nəticələr əldə edə biləcəyik. Bunun üçün bölgələrdə də bir sıra görüşlər planlaşdırırıq. Təbliğat kampaniyası başlayandan sonra ab-havanı qiymətləndirəcəyik ki, hansı bölgədə görüşlərin forması necə ola bilər.
Sosial şəbəkələrdən də istifadə edəcəyik. Eyni zamanda, mətbuatın, telekanalların imkanlarından maksimum dərəcədə yararlanmağa çalışacağıq. Yəni, seçki kampaniyasının imkan verdiyi çərçivədə bütün vasitələrdən istifadə edib, fikirlərimizi geniş ictimaiyyətə çatdıracağıq.
- Mübarizə aparacağınız şəxslər bəllidir. Bunların arasında Sizin üçün sürpriz rəqib varmı?
- Rəqiblərimizin hamısına hörmətlə yanaşıram. Əsas rəqib kimi iqtidarın namizədini görürəm, amma digər namizədlər də kifayət qədər hazırlıqlı və ciddi şəxslərdir. Ancaq mən onları bizə ciddi rəqib kimi qəbul eləmirəm. Hesab edirəm ki, bizim partiyanın daha güclü və aydın hədəfləri, proqramları var. Digər namizədlərdən heç kimin, o cümlədən bizi ciddi namizəd saymayan Cəmil Həsənlinin də aydın platforması yoxdur. Bu adam sənəd imzalayıb və iki il ölkəni idarə etmək məsuliyyətini öz üzərinə götürüb. Onun imzaladığı sənəddə ölkənin xarici siyasəti ilə bağlı bir mövqe yoxdur. Belə bir namizədin xalqdan səs alacağı çox çətin görsənir. Düzdür, Cəmil Həsənlinin şəxsiyyətinə cəmiyyətdə hörmət var, amma onun namizədliyini elə urvatsız irəli sürüb, əl-qolunu elə bağlayıblar ki, insanlar onun prezident olmaya-cağının fərqindədir. Ona görə də onun seçkidə qələbə çalacağı ciddi şübhələr doğurur.
Mən Cəmil Həsənlinin namizədliyini irəli sürənlərə bir sual vermək istəyirəm. Əgər Cəmil bəy həqiqətən də təcrübəli siyasətçidirsə və ilk gündən sizinlə bir yerdədirsə, onda niyə ona etimad göstərmirsiz ki, ölkəni beş il idarə eləsin? Deməli, onlar bu ziyalıdan istifadə edib hakimiyyətə gəlmək istəyirlər. Cəmiyyət bütün bunları görür və ona görə də inanmıram ki, xalq Milli Şuranın namizədinə səs versin. Bu gün ortada ciddi bir iş yoxdu, amma onlar didişirlər. Görün, sabah əllərində səlahiyyət olsa, nə baş verər.
Tutaq ki, Cəmil Həsənli seçkini uddu və koalision hökumət quruldu. İndi səlahiyyətsiz adamlar, vəzifə əllərində olanda daha da dərin qarşıdurmalara gedəcəklər. Bu adamlar ölkəni xaosa apara bilərlər. Yəni, xarici siyasəti bəlli olmayan, daxili ziddiyyətlər içərisində boğulan bir mühit yaranar. Bir-birinə nifrət edənlərin koalision hökuməti ölkəni daha təhlükəli vəziyyətə sürükləyə bilər. Ona görə də bu düşərgənin səs almaq imkanı yoxdur. Bu mənada deyə bilərəm ki, seçkidə əsas mübarizə iqtidarla bizim aramızda gedəcək və xalqdan səs ala biləcək əsas partiya olacağıq.
- Rüstəm İbrahimbəyov namizəd olsaydı, həm düşüncə tərzi, həm elektoral baza baxımından fərqliliklər olardı. Amma bu baxımdan, Cəmil Həsənli ilə müəyyən yaxınlıq var. Cəmil Həsənlinin rəqib olmasının Sizə zərəri varmı?
- Mən, hələ bir müddət əvvəl də demişdim ki, Cəmil Həsənli İctimai Palatanın vahid namizədi olsaydı, İctimai Palata Rusiyanın layihəsində yer almasaydı, onlar Cəmil Həsənlinin həm şəxsiyyətinə, həm siyasi təcrübəsinə söykənərək cəmiyyətin müəyyən hissəsinin səsini alardılar. Ancaq indi Cəmil Həsənli ifşa olunmuş siyasi qrupun təmsilçisidir. Onun quracağı hökumət də özünü ifşa etmiş insanlardan ibarət ola-caq. Bu baxımdan, nəinki Cəmil Həsənli, dünyanın huri mələkləri gəlsə belə, Milli Şuranın "tabutunu" yerdən qaldıra bilməz. Yəni, Milli Şura artıq keçmişdə qalmış, bitmiş, tükənmiş bir layihədir.
- Sizinlə yanaşı, Cəmil Həsənli də parlamentli respublika ideyası ilə seçkiyə qatılır. Sizcə, müxalifətin digər qanadının da bu tələblə çıxış etməsi qarşıdakı dövrdə hakimiyyəti müəyyən addımar atmağa sövq edə bilərmi?
- Əlbəttə, mən istərdim ki, bütün namizədlər bu ideyanı dəstəkləsinlər. Ona görə ki, parlamentli res-publika daha demokratik idarəetmə formasıdır. Avropanın əsas dövlətləri parlamentli respublikalardır. Artıq Gürcüstan da buna keçib, Ermənistanda da iqtidar səviyyəsində müzakirəyə çıxarılıb. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti də bunda maraqlı olmalıdır. Azərbaycanın müsəlman ölkəsi olduğunu da nəzərə aldıqda, parlamentli respublika üsul-idarəsi daha məqsədəuyğundur.
Bizdə dindən gələn bir ənənə var ki, vəzifəli şəxsə təzim edilir. Bir də ki, eyni adam hakimiyyətdə uzun müddət qalırsa, nə qədər demokratik olur-olsun, ətrafı ondan avtoritar şəxs yarada bilir. Bu baxımdan, biz, parlamentli respublikaya keçməliyik ki, hökumət ciddi şəkildə nümayəndəli orqanın təsiri altında olsun. Biz, demokratiyanın təməlini və demokratik ənənələrin formalaşmasının yolunu parlamentli res-publikada görürük.
- Qüdrət bəy, seçkiyə qatılan bütün partiyalar ictimai rəyi də qiymətləndirirlər. Maraqlıdır ki, Azərbaycanda keçirilən sorğuların nəticələrinə görə, hakimiyyət namizədi daha çox səs alır, digərləri isə heç bir faizi toplaya bilmir.
- Mən bilirəm ki, Prezidentin cəmiyyətdə müəyyən reytinqi var. Amma bizdə sorğu keçirmək institutu müstəqil deyil və xalqın etimadını qazanmayıb. Ona görə də bu cür sorğulara əhəmiyyət verməyin tə-rəfdarı deyiləm. Çox təəssüf ki, Azərbaycanda bitərəf, müstəqil və obyektiv sorğu keçirən qurumlar yoxdur.
- Son illər keçirilən digər seçkilərdə də müxalif namizədlər ümumilikdə 13 faizi keçə bilmirlər...
- Bu seçkilərdə biz maksimum hədəflər müəyyənləşdirməliyik. Minimum hədəf isə odur ki, konstruktiv müxalifət - mən öz partiyamızı nəzərdə tuturam - yeni güclə ölkənin siyasi həyatına daxil ola bilsin, hakimiyyətin siyasətinə təsir etmək gücündə olsun. Hakimiyyəti dəyişməsə də, xalq anlamalıdır ki, güclü müxalifətin yaranması onun maraqlarına uyğundur. Ancaq xalq o müxalifətə səs verməlidir ki, ölkəni qarşıdurmaya yox, əməkdaşlıqla inkişafa aparsın. Biz bunu arzulayırıq. Bu istiqamətdə fəaliyyətimizi quracağıq. Amma ən pis variantda belə, mən ümid edirəm ki, konstruktiv müxalifətin timsalında biz seçkiləri qazana bilməsək də, seçkidən böyük güclə çıxacağıq.
- Hakimiyyət bəzi məsələlərdə Rusiya ilə müqayisələr aparsa da, oradakı proseslərdən nəticə çıxarılmır. Məsələn, mer seçkisində müxalifət xeyli səs toplayıb...
- Rusiya böyük dövlətdir və burada sistem oturuşub. Eyni zamanda, orda çoxpartiyalı sistem də ciddi şə-kildə mövcuddur. Müxalifətdən olan fraksiya rəhbəri həm də vitse-spikerdir. Onların hər birinin gözəl ofisləri, qərargahları var. Amma mən öz qərargahımıza hansısa xarici qonaq dəvət eləməyə utanıram. Mən, çox arzulayardım ki, YAP-ın ən ucqar rayondakı ofisi kimi bizim mərkəzi qərargahımız olsun. Parlament rəhbərliyində hətta komitə sədrinin müavini səviyyəsində belə müxalifətçi təmsil olunmur. Bütün bunlar onu göstərir ki, bu məsələdə Rusiyadan, digər Cənubi Qafqaz ölkələrindən, hətta Ermənistandan da geri qalırıq.
- 15 il əvvəl Azərbaycandakı siyasi partiyaların gücü indikindən daha çox idi. Sizcə, bu seçkidən sonra dö-nüş ola bilərmi?
- Ümid edirəm ki, dönüş olacaq. Əgər seçkini biz udacağıqsa, dərhal islahatlara gedəcəyik. İqtidar qalib gələcəksə, mütləq islahatlara getməlidir. Əgər hakimiyyət seçkidən sonra islahatlara getməsə, Azər-baycanın gələcəyi çox qaranlıq ola bilər.
Müxalifət budəfəki seçkidən də zəif çıxsa, bu, Azərbaycandakı çoxpartiyalı sistemin rəsmi şəkildə dəfni olacaq. Bundan sonra insanlar hakimiyyət uğrunda mübarizənin başqa formalarını düşünəcəklər. Bu da çox acınacaqlı faciələrə yol aça bilər. Ümid edirəm ki, bu seçkilər yeni dönəmin başlanğıcı olacaq. Seçkini iqtidarın, ya müxalifətin udmasından asılı olmayaraq, Azərbaycanda demokratikləşmə, qanunun aliliyinin bərpası və gücləndirilməsi, iqtisadiyyatın liberallaşması istiqamətində yeni mərhələyə keçid etmək imkanı var. Ona görə də, hər kəs - iqtidar da, müxalifət də, cəmiyyət də - bu istiqamətdə əlindən gələni etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA