Təhsil Nazirliyində Mehriban Əliyevanın oxuduğu məktəbin direktoruna təzyiq edilib

img

12-09-2013 [17:48]


Paytaxt Bakının Səbail rayonunda yerləşən 23 saylı məktəbin direktoru İradə Rəhimliyə Təhsil Nazirliyində təzyiq edilməsi ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Qeyd edək ki, sözügedən təhsil ocağı ölkə başçısı İlham Əliyevin xanımı Mehriban Əliyevanın oxuduğu məktəbdir və İradə Rəhimli oranın məzunu olmaqla yanaşı, 36 ilə yaxındır ki, burada fəaliyyət göstərir. Sözügedən təzyiq olayı ilə bağlı İradə xanımla əlaqə saxladıq və o, nazirlikdə şəxsinə qarşı baş verənləri təsdiqlədi.

İ.Rəhimli Faktxeber.com-a açıqlamasında bildirdi ki, dünən təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasdan sonra onu dustaq kimi maşınla nazirliyə aparıblar: "İclasda nazir mənə bildirdi ki, sizin məktəbdə təzə bina üçün pul yığılır. Mən bunu təkzib etdikdə, nazir inanmadığını bildirdi və saat 6-ya qədər məktəbdə yoxlama aparıb, nəticələri açıqlayacaqlarını söylədi. Halbuki mən konfransda ola-ola nazir işçilərini məktəbə göndərərək müəllimləri bir-biri sorğu-sual etdirib və heç nə aşkara çıxarılmayıb. Yoxlamaya gələnlər öz təşəkkürlərini bildirərək, heç bir məktəbdə belə bir müsbət mühitlə üzləşmədiklərini söyləyiblər. Konfransdan sonra mən nazirlik işçiləri tərəfindən dustaq şəkilində maşına mindirilərək Təhsil Nazirliyinə aparıldım. Nazirlikdə əvvəlcə hədə-qorxu ilə danışdılar və bildirdilər ki, bizə səhv məlumat versəniz, sizinlə bağlı prokurorluğa müraciət edəcəyik. Mənim yanımda hansısa xanıma zəng etdilər və xanım telefonda bildirdi ki, məktəbdə onun övladlarından təmir adı ilə pul alıblar. Lakin sonradan nazirliyin işçiləri yanında müəllimlərlə danışdıq və onlar deyilənləri təkzib etdilər.”
Axşam saat 8-ə qədər nazirlikdə saxlanıldığını bildirən İradə xanım, "mən deyilənlərlə bağlı məktəbdə araşdırma aparmaq istədiyim bildirdim. Onlar buna icazə verdilər. Məktəbdə iştirakım olmadan valideynlərin və müəllimlərin iştirakı ilə iclas təşkil etdim. İclasda valideynlər və müəllimlər öz təşəbbüsləri ilə bağlı ərizə yazaraq, deyilənlərin yalan olduğunu söylədilər. Bundan sonra Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin rəhbəri Kənan müəllimə zəng edərək bildirdim ki, bizim işlərimiz hazırdır və nazirlə görüşüb, sənədləri təqdim etmək istəyirik. Bu gün səhər mənə zəng edərək bildirdilər ki, 11:30-da nazirliyin hüquqşünası Mətin müəllimin yanında olmalısınız. Mətin müəllimin yanına gələndə, o mənimlə hədə qorxu ilə danışaraq baş verənləri etiraf etməyimi istədi. Çox gözəl başa düşürdüm ki, bu öncədən hazırlanmış bir təxribatdır. Nazir qəbul otağında məni 25 dəqiqə saxladandan sonra qəbul etdi və bildirdi ki, siz yalan danışırsız və məndə sizin hara gedib-gəlməniz, kimlərlə görüşmənizlə bağlı çox ciddi məlumatlar var. Mən ona bildirdim ki, "necə yəni, siz mənə güdürsüz?" Yenə nazir bildirdi ki, "mən sizə inanmıram və artıq işdən çıxmanızla bağlı qərarımı vermişəm." "Hansı əsas və hüquqla məni işdən çıxarırsız” – sualını verəndə isə bildirdi ki, mən sizə hesabat vermirəm və gedin Mətin müəllim sizi gözləyir. Mətin müəllim də öz otağında mənə bildirdi ki, "İradə xanım, xahiş edirəm ərizə yazın və qeyd edin ki, səhhətimlə əlaqədar vəzifəmdən istefa verirəm." Mən də deyilən formada ərizəmi yazdım. Ərizəni yazmayacağım halda isə məni nazirlikdən buraxmayacaqdılar.”
İşdən çıxarılmasının səbəblərindən də danışan İradə xanım qeyd etdi ki, Təhsil Nazirliyinə boş bir yer lazım idi onu da ələ gətirdi: "Yerimə gətiriləcək şəxsə uğurlar arzulayıram və onun kim olacağını da bilmirəm. Yeganə arzum budur ki, məktəblə bağlı çəkdiyimiz əziyyət batmasın. Və dəqiq bilirəm ki, bu seçkiqabağı bir təxribatdır.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA