Prezident İlham Əliyev Gədəbəydə yeni qızıl zavodunu açdı

img

10-09-2013 [22:07]


Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə edib. Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verib.

Dövlət başçısı Gədəbəydə "Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak edib. Bildirilib ki, yeni zavodun tikintisinə ötən il başlanılıb, bu ilin iyununda başa çatdırılıb. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz emal olunacaq ki, köhnə müəssisədə bu proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaq. Bu məqsədlə anbar tikilmiş və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib.

İstehsal prosesini izləyən dövlət başçısına məlumat verilib ki, zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub.

Bildirilib ki, Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub, dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədilə istismar edilib. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ-mədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın "Siemens” şirkəti yataqda mis hasilatı ilə məşğul olmuş, təxminən 2 milyon ton filiz çıxarılıb. 1997-ci ildə Azərbaycanın "Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlanıb. Prezident İlham Əliyev zavodu işə salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA