İlham Əliyev Naftalanda!

img

10-09-2013 [17:22]


Prezident İlham Əliyev Naftalana da səfər edib.

Mia.az xəbər verir ki, prezident İlham Əliyev Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, bu Mərkəzin yaradılması Azərbaycanın bütün bölgələri kimi, Naftalanın da inkişafına daim diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədinə xidmət edir.

Şəhərin Heydər Əliyev Parkında yerləşən Mərkəzin inşasına ötən ilin avqustunda başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 722 kvadratmetrdir. Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotostendlər yaradılmışdır. Bu stendlərdə Ümummilli Liderin Naftalana səfirlərini, eləcə də mədəniyyət və idmana göstərdiyi diqqət və qayğını əks etdirən fotolar yer almışdır. Dahi siyasət xadiminin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü, həmçinin SSRİ Nazirlər Sovetinin birinci müavini işlədiyi illəri əks etdirən fotolar da böyük maraq doğurur. Bu fotolardan məlum olur ki, Azərbaycanı ən çətin sınaqlardan şərəflə çıxararaq onun müstəqillik dayaqlarını daha da möhkəmləndirən Heydər Əliyevin qoyduğu miras bu gün etibarlı əllərdədir.

Xalqımız da böyük oğlunun bu misilsiz xidmətlərini unutmur. Onun ölkə və xalq qarşısındakı xidmətləri hər zaman ehtiramla yad olunur. Naftalan da daxil olmaqla, ölkəmizin bütün bölgələrində yaradılan Heydər Əliyev mərkəzləri də bu amala xidmət edir. Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən bu layihə nəticəsində gənc nəsil Ulu Öndərin irsini daha dərindən öyrənir və bütün bunlar da Heydər Əliyev siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini göstərir.

Mərkəzdə müxtəlif tədbirlərin kеçirilməsi üçün 120 nəfərlik konfrans zalı, elektron kitabxana, xarici dil kursları, internet otağı, rəsm qalereyası və kiçik konfrans zalı da yaradılmışdır.

Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi.

***

Prezident İlham Əliyev Naftalana səfər çərçivəsində  "Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olmub.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, sanatoriyanın ümumi sahəsi 5 hektardır. Tikintisinə 2012-ci ildə başlanılan sanatoriyanın binası beşmərtəbəli olacaqdır. Burada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. Tikintialtı sahəsi 9500 kvadratmetr olan sanatoriyada inşaat işlərinin yaxın gələcəkdə başa çatdırılması planlaşdırılır. İnşaat işləri başa çatdıqdan sonra burada həm yerli, həm də xaricdən gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılacaqdır. Bu layihənin icrası nəticəsində təbii ki, Naftalana istirahətə və müalicə olunmağa gələnlərin sayı daha da artacaqdır. Ölkəmizdə turizm infrastrukturunun yaradılmasına böyük diqqət göstərən Prezident İlham Əliyevin qayğısı nəticəsində artıq Naftalanın da nəhəng turizm mərkəzinə çevrilməsi prosesi uğurla davam etdirilir.

Azərbaycan Prezidenti tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA