Rafiq Tağının xanımı: “Mənə məktub lazım deyil”

img

10-09-2013 [14:41]



Mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva sentyabrın 10-da "Media forum” saytına açıqlama verib.

O deyib ki, Rafiq Tağının qətlinin istintaqında heç bir irəliləyiş yoxdur: "Avqustun əvvəllərində, Rafiqin ad günü ərəfəsində mediaya açıqlama vermişdim ki, yoldaşımı sifarişlə öldürüblər. Baş Prokurorluqdan məktub göndərdilər ki, guya iş üzrə istintaq gedir. İstintaq hələ də gedir, amma bu iş başa çatmayıb. Elə bil baş aldadırlar. Yalandan iki cümlə sözü məktubla evə göndərirlər. Mənə belə məktublar lazım deyil. Mənə nəticə lazımdır.

İşi aparan müstəntiqə bir neçə dəfə zəng vursam da, cavab vermədi. İyunun 22-də prezidentə etdiyimiz müraciətə də heç bir reaksiya olmadı. Ona görə bilmirəm şikayətimi hara deyim. Ölkə rəhbərliyi məni qəbul etsəydi dərdimi deyərdim, istintaqın getmədiyindən danışardım”.

Mailə Tağıyeva qayınanası Hüzrə xanımın Rafiq Tağının ölümündən hələ də xəbərsiz olduğunu xatırladıb. Rafiq Tağının yaxınları onun ölümünü anasından gizlədirlər, Hüzrə xanıma oğlunun xaricə kitab çıxarmağa getdiyini bildiriblər: "Bu yaxınlarda qayınanam deyirdi ki, Rafiqə deyin gəlsin, darıxıram, birdən ölərəm, onu görə bilmərəm. Deyir Asiman əsgərlikdən qayıdıb, yekə oğlandır, gəlib oğlunu evləndirsin. Məcburam qayınanama yalan danışım”.

Rafiq Tağının oğlu Asiman Tağılı əsgərliyini bu yay başa vurub.

Rafiq Tağının ailə üzvlərinin prezident İlham Əliyevə 22 iyun müraciətində istintaq orqanının cinayətin üstünü açmaq üçün heç bir səmərəli addım atmadığı vurğulanıb və dövlət başçısından yazıçının ölümünün araşdırılmasına göstəriş verməsi, istintaqı diqqətdə saxlanması xahiş olunub.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA