Soros Bakıdakı mülkünü satır - 2,5 milyon manat

img

10-09-2013 [14:04]


Məşhur maliyyəçi Corc Sorosun adına bağlı Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun Bakı ofisinin binası satılır. 

Satışla bağlı əlavə məlumat almaq üçün Teleqraf.com-un əməkdaşı birbaşa məkana üz tutub - Akademik Həsən Əliyev küçəsi, 117 "A” ünvanına: "Binanın əsas giriş qapısı bağlı idi, satışa dair hər hansı elana, bildirişə rast gəlmədik. Obyektin yaxınlığındakı taksi sürücüləri, avtomobil yuyucuları binanın satılması xəbərini təsdiqləsələr də, aralarında dəqiq məlumat bilən birinə rast gəlmədik. Yalnız bir nəfər təxmini bilgi verdi: "Deyəsən, 703 kvadratmetrdir, neçə milyonasa satılır...”. 


…Saytın yazdığına görə, sözügedən bina 4 mərtəbədən, hər mərtəbə isə 200 kvadratmetrdən ibarətdir. "Qarabağ” firması adlanan bu alqı-satqı ofisinin Samir adlı məsul şəxsi deyib ki, obyektin ümumi sahəsi 800 kvadratmetrə yaxındır: "İlkin qiyməti 2 milyon 500 min manatdır. Ancaq razılaşma yolu ilə aşağı qiymətə də verilə bilər”.

Jurnalist binanın icarəyə verilə biləcəyini də öyrənib: " Doğrusu, ”Akkord" şirkəti ayı 11 min manata icarəyə götürmək istəyirdi, ancaq sahibi binanı satmaq niyyətində olduğundan razılaşmadı".

…Binanın daxilindən foto çəkməyə alqı-satqı firmasının əməkdaşı razılaşsa da, telefon əlaqəsi saxladığı şəxs buna icazə verməyib: "Deyir ki, hazırda orda dövlətə məxsus şirkət fəaliyyət göstərir, ona görə foto çəkmək alınmayacaq”…

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun İdarə Heyətinə bir dönəm sədrlik eləmiş Zərdüşt Əlizadə bildirib ki, həmin bina "Soros” Fondunun mülkiyyətindədir: "Sata da bilərlər, saxlayıb istifadə edə də bilərlər. Açıq Cəmiyyət İnstitutu bir neçə ildir ölkəmizdə fəaliyyətini dayandırıb, onun artıq Azərbaycanda bir nəfər nümayəndəsi də yoxdur. Fond daha heç bir fəaliyyət göstərmir və heç kimə də yardım etmir”.

Zərdüşt Əlizadə daha sonra deyib: "Mən 4 il İdarə Heyətinin üzvü olmuşam. 2005-ci ildən 2009-cu ilə qədər isə sədr vəzifəsini tutmuşam. 2010-cu ildə Fondu tədricən bağladılar. Əvvəlcə bircə səhiyyə proqramının işi davam etdirildi. Başa çatmayan layihələrlə əlaqədar bir neçə nəfər işdə saxlanılmışdı. Həmin proqram sona çatandan sonra ”Soros" tamamilə bağlandı və bütün işçilər azad edildi".

Xatırladaq ki,"SOROS" Fondu Azərbaycanda 2011-ci ldə bağlanıb və buna səbəb kimi Fonddakı korrupsiya faktları göstərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA