Misir Mərdanovun əmri naxçıvanlı tibb işçilərinə hansı problem yaradıb?

img

09-09-2013 [13:34]



Bu ilin aprel ayında vəzifəsindən azad olunan az sonra AMEA-nın Riyaziyyat institutuna direktor təyin olunan sabiq təhsil naziri Misir Mərdanov naxçıvanlı tibb bacılarını zülmə salıb.

 Bu barədə "Reytinq"in yazdığına görə, Misir Mərdanov təhsil naziri olarkən verdiyi əmr Naxçıvanda 750 nəfərə yaxın tibb bacısının əksəriyyətinin tibb müəssisələrindən qovulmasına səbəb olub. Belə ki, işdən çıxarılan ya bu təhlükə ilə hələ yaşayan tibb bacıları 1991-ci ildən 2003-cü ilədək Naxçıvanda fəaliyyət göstərən, 2003-cü ildən isə fəaliyyəti dayandırılan "Tekis" və "Gənc Təbib" tibb kolleclərinin məzunlarıdırlar: «Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1999-2003-cü illər üçün "Tekis" tibb kolleci üçün cəmi 30 nəfər tələbə qəbulu üzrə plan ayrılıb. Lakin buna baxmayaraq, kollecə 750 nəfər qəbul edilib. Onlara tibb bacısı və orta tibb işçisi ixtisası üzrə işləmək səlahiyyəti verən diplomlar verilib. Lakin 12 il fəaliyyət göstərən kollecdəki bu qanunsuzluğu nədənsə vaxtında Təhsil Nazirliyi «görməyib». Tam əksinə, kollec rəhbərliyinə daha geniş qazanc mənbələri formalaşdırıblar. Lakin 12 il heç nəyi «görməyən» Misir Mərdanov son üç ildəki qəbul planı ilə bağlı TQDK-nın səs-küyündən sonra guya araşdırma apardı. Və kollecin maddi texniki bazası, ştatda olan elmi pedaqoji potensialı və tədris metodik təminatının mövcud normalara cavab vermədiyini əsas gətirərək, Naxçıvan "Tekis" tibb kollecinin fəaliyyətinin 2003-cü ildə dayandırılması haqda əmr imzaladı».

 Müsahibimiz daha bir maraqlı məqamdan söz açaraq deyir ki, "Tekis" tibb kollecindən fərqli olaraq «Gənc Təbib» tibb kollecinin fəaliyyəti isə Naxçıvan MR Nazirlər Kabinetinin 19 iyul 2001-ci il tarixli qərarı ilə dayandırılıb. Buna baxmayaraq 2002-ci ildə bu tibb məktəbinə mindən artıq şəxs qəbul edilib, onlara tibb bacısı, əczaçılıq və mamalıq ixtisasları üzrə diplomlar verilib: «Ancaq bir il əvvəl Səhiyyə müəssisələrində Muxtar respublika Milli Təhlükəsizlik Nazirliyi ilə Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Və bu zaman diplomların verilməsində qanunsuzluq «görünüb». Qəribə görünsə də, əməliyyat zamanı səhiyyə müəssisələrində saxta diplomlarla işləyən xeyli şəxslər, hətta Rusiyanın müxtəlif şəhərlərindən və Özbəkistanda da diplom alıb, işləyənlər də aşkarlanıb. İndisə bu kolleclərin verdiyi diplomlar 750-yə yaxın 10-12 il iş təcrübəsinə malik olan işçilərin işdən çıxarılmasına səbəb verib».

 Müsahibimiz deyir ki, həmin işçilər bununla razılaşmır və haqlarını məhkəmələrdə və ölkə rəhbərliyinə ard-arda yazdıqları şikayətlərlə bərpa etmək istəyirlər: «Onu da deyim ki, bu məsələ ilə bağlı Səhiyyə Nazirliyində yığıncaq da keçirilib və qərara alınıb ki, məsələ tam araşdırılana qədər tibb işçiləri müvəqqəti öz işlərində qalacaqlar. Ancaq istər MR-də, istərsə də Azərbaycanın digər bölgələrində kimin himayəçisi zəifdirsə, onları işdən qovdular. Bu proses artıq yekunlaşmaq üzrədir. Tibb bacıları isə bununla razılaşmır və bəziləri məhkəmələrə də üz tutub. Belələrindən biri də «Tekis»in məzunu olmuş Nərminə Aqil qızı Novruzovadır. O, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırıb. İddia ərizəsində Naxçıvan «Tekis» Tibb Kolleci tərəfindən ona verilmiş diplomun dövlət nümunəli diplom blankına uyğun hesab edilməsi tələbi qoyulub. Lakin birinsi məhkəmə instansiyası onun tələbini təmin etmədi. Buna görə də Nəriminə Novruzova apellyasiya şikayəti verdi».

 Məlumata görə, Nəriminə Novruzovanın şikayəti Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub və hakim Valeh Ağayevin sədrliyi ilə üç gün əvvəl araşdırılıb: «Hakim Nərminə Novruzovanın Təhsil və Səhiyyə nazirlikləri ilə bərabər, TQDK-ya qarşı verdiyi şikayət üzrə sentyabrın 3-də iclas keçirib. Və Azərbaycan reallığında rast gəlinməyən qərar qəbul olunub. Belə ki, hakim birinci məhkəmə instansiyasının qərarını ləğv edərək, Nəriminə Novruzovanın tələbini təmin edib. Bu isə o deməkdir ki, həmin tibb bacısına verilmiş diplomun dövlət nümunəli diplom blankına uyğun hesab ediləcək. Yəqin bu qələbə digər tibb işçilərini ruhlandıracaq».

"Reytinq" qəzeti


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA