Milli Şura vahid namizəd üçün imza toplanışına başladı

img

30-08-2013 [18:52]


"İmza toplanması nəzərdə tutulan vərəqələr Mərkəzi Seçki komissiyasından alınıb. Cəmi 900 vərəqə alınıb ki bu da 45 min imza deməkdir. Əvvəlcədə imzaların hansı dairələr üzrə toplanacağını və hansı rayon təşkilatına yollanacağını müəyyənləşdirmişik”.

Bunu "Yeni Müsavat”a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, imza toplanması ilə məşğul olacaq şəxslər avqustun 30-u səhər saatlarında partiya qərargahında toplaşıb və onlara müəyyən tapşırıqlar verilib.


İmza vərəqələrini Milli Şuraya daxil olan partiyalar arasında bölüşdürülməsində də danışan Arif Hacılı qeyd edib ki ümumilikdə 900 imza vərəqəsi var: "Həmin imza vərəqələrindən 420-sini Müsavat Partiyası, 420-sini AXCP, qalanlarını isə KXCP, VHP və Milli Şuraya daxil olan partiyalar arasında bölünüb.

Milli Şuranın imza toplama kampaniyasına rəsmən start verildiyini söyləyən A.Hacılı vurğulayıb ki, hələlik hər hansı bir əngəllə qarşılaşmayıblar: "Ümid edirəm ki, hakimiyyət tərəfindən imza toplanma kampaniyasına hər hansı bir müdaxilə olmayacaq”.

Milli Şuranın namizədinin təhlükəsizliyi barədə danışan Arif Hacılı bildirib ki, hələlik , professor Cəmil Həsənli mühafizəçi istəmir: "Buna maraq göstərmir və bir neçə dəfə buna ehtiyac olmadığını söyləyib. Eyni zamanda bizim onu həyatı ilə bağlı narahatçılığımızı da başa düşür. Ancaq buna baxmayaq tərəfimizdən ona iki mühafizəçi ayrılıb və onlar daima Cəmil Həsənlinin yanında olurlar. Çünki bir neçə gün öncə ona qarşı sui-qəsdə cəhd edilmişdi. Müsavat Partiyasında isə o xüsusi ayrılmış otaqda əyləşir, partiyanın xüsusi mühafizəsini təşkil edən şəxslər təhlükəsizliyi maksimum dərəcədə həyata keçirirlər”.

Seçki prosesində hakimiyyətin Milli Şuraya əngəlləri barədə də danışan Arif Hacılı qeyd edib ki, indidən Mərkəzi Seçki Komissiyası çox böyük qanun pozuntusuna yol verib: "
MSK Milli Şura namizədinin sənədlərini qəbul etdikdən sonra imza vərəqələrini bizə təqdim etməli idi. Lakin, biz imza vərəqələrini avqustun 30-da almışıq. Seçki kampaniyası zamanı qarşılaşacağımız əngəllər barədə əvvəlcədən proqnoz vermək isə mümkünsüzdür”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA