“Azərsu” 3,8 milyardlıq investisiyanı “suya axıdıb”

img

29-08-2013 [10:06]


Ölkə sakinlərinin fasiləsiz olaraq içməli su ilə təchizatı sovet dövründən indiyə qədər ən aktual problem olaraq qalır. Azərbaycana böyük neft pulları axmağa başlayandan - 2006-cı ildən bu məqsədlə dövlət büdcəsindən çox nəhəng məbləğlər ayrılsa da, məsələ hələ də həllini tapmayıb. Ölkənin əksər ərazilərində içməli su problemi vətəndaşların əsas qayğılarından biridir.

Kənd yerlərində təbii qaynaqlar (bulaq, su quyuları) hesabına problem həllini tapsa da, şəhər mühitində məsələ daha qəlizdir. Şəhər sakinləri içməli su problemini cibləri hesabına həll edirlər - müəyyən təbəqə marketlərdən qablaşdırılmış su almaq məcburiyyətində qalır. Çünki su ilə təchiz olunmaq hələ suyun istifadəyə yararlı olması anlamını vermir. Əksər ailələrə verilən su yalnız paltar yumağa yarayır, yemək hazırlamağa və içməyə yararlı olmur. Əhalinin su təchizatına cavabdeh olan "Azərsu” isə nəhəng investisiyaları udmaqda davam edir.
"Bizim Yol” qəzetinin məlumatına görə, 2005-ci ildən indiyədək büdcədən su və kanalizasiya sisteminin qurulmasına 2 milyard manatdan çox vəsait ayrılsa da, vəziyyət getdikcə daha da ağırlaşır. Bakıda yağış yağarkən paytaxtın mərkəzi küçələri gölə dönür. Həmin ərazilərin hamısı yenicə təmirdən çıxıb, kollektor sistemlərinin qurulması üçün vəsait ayrılıb. Təmirdən sonra məlum olur ki, kollektor sistemi ya quraşdırılmayıb, ya da işləmir.
Yeni kanalizasiya və su sisteminin qurulması üçün xüsusi dövlət proqramları hazırlanıb. Bunlar həm dövlət büdcəsindən, həm də beynəlxalq maliyyə kreditləri hesabına həyata keçirilir. Dövlət büdcəsindən bu istiqamətə 2 milyard manat, beynəlxalq təşkilatlardan isə 1,8 milyard manat yönəldilib. Hazırda 38 rayonun 350 kənd və qəsəbəsində su təchizatının yaxşılaşdırılması istiqamətində işlər getdiyi deyilir. Bunların 17-si dövlət büdcəsi hesabına, 21-i isə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlardan cəlb olunmuş kreditlər vasitəsilə reallaşdırılır.
Bundan əlavə, 1 milyard dollar Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə xərclənib. Lakin bu qədər pulun suya axmasına baxmayaraq, əhalinin içməli su ilə təminatında ciddi dəyişikliklər baş verməyib. Adıçəkilən su kəmərində böyük yeyintilər aşkar olunandan sonra "Azərsu" ASC rəhbərliyində sadəcə dəyişiklik oldu, heç bir məmur məsuliyyətə cəlb olunmadı. Yeni rəhbərlik iş başına keçəndən sonra büdcədən bu istiqamətdə daha böyük pullar ayrıldı.
"Bizim Yol”un araşdırmasına görə, bu layihələrin şəffaf icrası ilə bağlı müəyyən şübhələr var. Qeyri-şəffaflıq daha çox mülkiyyətçilərə verilən kompensasiyalarda, kommunal xətlərin çəkilişi zamanı keyfiyyətli materiallardan istifadə edilməməsində, içməli suyun keyfiyyətinin hələ də düzəlməməsində özünü büruzə verir.
Məsələn, Asiya Yenidənqurma və İnkişaf Bankı Göyçay rayonunun su və kanalizasiya sisteminin yenidən qurulmasına kredit ayırıb. Monitorinqlərdən məlum oldu ki, ciddi nəzarət olmadığından mövcud su sistemini dağıdıblar, bərpasını isə vaxtında yerinə yetirməyiblər. Sonra acınacaqlı bir durum yarandı. Yüksəklikdə su anbarı düzəltmişdilər, qışda boruların partlaya biləcəyini nəzərə almamışdılar. Borular partlayandan sonra rayonun bütün su sistemini iflic duruma gətirdilər. Məcbur olub büdcədən əlavə vəsait ayırdılar ki, dağılmış sistemi düzəltsinlər. Nəticədə layihənin smetası bir qədər də böyüdü və icrası artıq neçə ildir ki, davam edir.
Yerli ekspertlər bu barədə Asiya Yenidənqurma və İnkişaf Bankına narahatlıqlarını çatdırıblar. Banka nəzarət üçün əlavə mütəxəssislərin cəlb edilməsi tövsiyə edilib, ancaq donor buna razı olmayıb. Bundan başqa, su sayğaclarının quraşdırılmasının kredit hesabına həyata keçiriləcəyi və əhalidən heç bir vəsait alınmayacağı vəd edilmişdi. Sonradan məlum oldu ki, "Azərsu”nun əməkdaşları sayğacın pulunu əhalidən yığıb.
Adının çəkilməsini istəməyən ekspertin sözlərinə görə, xətlərdəki suyun 60 faizi itkiyə məruz qalır. Dünya Bankı 2006-cı ildə bununla bağlı tədqiqat apardı. Məlum olmuşdu ki, suyun 35 faizi Bakıya gələn zaman, 25 faizi isə daxilə paylaşmada itir. Bunun bərpası üçün 3 milyard manat vəsait lazım olduğunu hesablamışdılar. Ona görə də ekspert Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin əvəzinə, su itkisinin qarşısının alınmasına vəsait yönəldilməsini daha effektli sayır.
Görünən budur ki, dövlət büdcəsinin və beynəlxalq təşkilatların kreditləri hesabına su və kanalizasiya sisteminin modernləşməsinə milyardlar ayrılsa da, problemlər 20 il öncəki səviyyədədir. Buna baxmayaraq, bu istiqamət üzrə investisiyalar artmaqdadır. Ya bu investisiyalar təyinatı üzrə xərclənmir, ya da korrupsiya yeminə çevrilir. Bunun başqa yozumu yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA