Eldar Əzizov açıqlama verdi: "Sumqayıt iki hissəyə bölünəcək"

img

27-08-2013 [16:27]



Yaxın vaxtlarda Sumqayıt şəhəri 2 rayona bölünəcək. 

Bu barədə Sumqayıtın Baş Planının müzakirəsi zamanı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O, bildirib ki, bölgü 9 oktyabr prezident seçkisindən sonra həyata keçiriləcək. Lakin E.Əzizov bölgünün hansı ərazidən aparılacağını və rayonların adlarını açıqlamayıb. Şəhər sakinləri arasında gəzən söz-söhbətlərə əsasən, rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun sərhədləri isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək nəzərdə tutulub.

E.Əzizov Sumqayıtın Abşeron rayonunun bəzi əraziləri hesabına genişləndiriləcəyini də açıqlayıb. Çox güman ki, həmin ərazi Ceyranbatan qəsəbəsinə gedən yolun sağını əhatə edəcək. İcra başçısının sözlərinə görə, artıq Abşerondakı həmkarı Zakir Fərəcovdan razılıq alınıb və yalnız hökumətin müsbət qərarı qalıb. O, Baş Planın müzakirəsi zamanı yeni tikintilər üçün məhz həmin ərazilərin ayrılmasını məqsədəuyğun sayıb. E.Əzizov bildirib ki, planı hazırlayanların tikinti üçün təklif etdiyi digər ərazidə villalar, geniş mənzillər tikildiyindən, həmin evlərdə yaşayanların köçürülməsi həm iqtisadi, həm də şəhərin görkəmi baxımından münasib sayıla bilməz(Lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA