Qüdrət Həsənquliyev: "Hədəfimiz parlamentli respublikadır"

img

25-08-2013 [19:53]


9 Oktyabrda keçiriləcək prezident seçkilərinin vaxtı yaxınlaşdıqca, siyasi həyatdakı aktivlik də artır. Artıq prezidentliyə namizədlərin sayının 20-yə yaxınlaşması da bundan xəbər verir. Prezidentliyə iddialıların çox olmasına baxmayaraq, imzatoplama kampaniyasından sonra onların bir neçəsinin bu mübarizədən kənarda qalacağı ehtimal edilir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili, prezidentliyə namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevlə söhbətə də bu mövzudan başladıq.

- Namizədlərin çox olmasında təhlükəli bir şey görmürəm. Hesab etmirəm ki, namizədliyi irəli sürülənlərin hamısı 40 min imzanı toplaya biləcək. Düşünürəm ki, qeydiyyata alınanlar iddialıların yarısını təşkil edəcək. Amma vətəndaşların hüququdur, namizədliklərini verə bilərlər.
Biz, ilk gündən imza vərəqələrini bu prosesə cəlb olunan şəxslərə paylamağa başladıq. Onların bir qismi rayonlara ezam olunublar, bəziləri hələ də qayıtmayıblar. Onu da deyə bilərəm ki, bizim partiyanın 40 min imzanı toplamaq problemi yoxdur. Yəqin ki, qısa müddətdə imzalar toplanıb təhvil veriləcək. Ümid edirəm ki, partiyamızın namizədi kimi mənim qeydə alınma-ğımda da problem olmayacaq.
- Demək olar, seçkidə iştirak edəcək qüvvələr artıq müəyyənləşib. Siz əsas rəqib kimi hansı qüvvəni görürsüz?
- Bu seçkidə səs toplamaq ehtimalı olan üç qüvvə var. Birinci yerdə iqtidar partiyasıdır. Keçmiş təcrübə göstərir ki, dövlətin resursları da iqtidar namizədinin qələbəsinin təmin olunmasına cəlb edilir. Elə, dövlət televiziyası da yalnız iqtidar namizədinin təbliğatını aparır.
Əgər Milli Şura vahid namizədlə iştirak edəcəksə, radikal qüvvələrin təmsilçisinin və bizim partiyanın da səs almaq imkanı var. Digər namizədlərə də hörmətim var, amma onların ciddi səs alacaqlarını güman etmirəm.
- Ötən parlament seçkilərində bir neçə partiya ilə əməkdaşlıq edirdiz, bəs, indi dəstəklənmək ehtimalı nə qədərdir?
- Biz istərdik ki, vahid namizədlə çıxış edək. Amma bu təşəbbüsə digər parti-yalardan cavab gəlmədi, ona görə də seçkiyə təkbaşına qatıldıq. Artıq belə bir gözləntimiz yoxdur və bu istiqamətdə hər hansı danışıq aparmırıq. İndi həmin blokdan İlyas İsmayılovun özü də seçkilərə qatılır. Həmin bloka daxil olan Təkamül Partiyasının sədri Teyyub Əliyev isə artıq bizim partiyadadır. Fazil Mustafaya gəlincə, o, seçkiyə qatılmır, amma bəyan edib ki, tərəfdarları kimə istəsə, ona səs versinlər.
Hesab edirəm ki, önəmli olanı partiyamızın bu seçkiyə çox ciddi proqramla qatılmasıdır. Biz ölkədə köklü konstitusion islahatların aparılmasını tələb edirik. Düşünürəm ki, köklü islahatlar aparılmadan cəmiyyətdə fundamen-tal dəyişikliklərə nail ola bilməyəcəyik.
Bilirsiniz ki, Şərq despotizmi insanlarda dərin izlərini buraxıb, şüuraltında insanlarda qorxu hissi var. Qorxaq insan isə qəddar olur. Suriyadakı proseslərdə bunun şahidi oluruq. Bunları nəzərə alaraq, düşünürük ki, səs almaq naminə xalqı yalandan tərifləmək, onun mənfi tərəflərini gizlətmək yanlışdır. Çox təəssüf ki, bizdə siyasi qüvvələrin əksəriyyəti zaman-zaman bu yolu seçiblər, yalnız xalqı tərifləmək, problemləri rəqiblərində görmək və sairlə kifayətlənirlər. Amma bu yanaşma səhvdir, biz xalqı sevməklə yanaşı, problemlərini də deməliyik. Çünki problemlərin çoxu idarəetmədən yox, xalqın əsrlər ərzində formalaşmasından qaynaqlanır. Bunun dəyişməsi üçün də köklü islahatlar aparılmalıdır. Hakimiyyət daha çox nümayəndəli orqana verilməlidir. Prezidentin də geniş səlahiyyətləri olmalıdır, çünki bizdə oturuşmuş siyasi sistem yoxdur. Təbii ki, dövlətin bütövlüyünü qoruyub saxlamaq üçün prezidentlik institutu olmalıdır. Amma, ümumən idarəetmədə dəyişiklik edilməli, hökuməti parlamentdə çoxluqda olan partiya formalaşdırmalı və məhkəmə hakimiyyətinin tam müstəqilliyinə nail olunmalıdır. Bizim təqdim edəcəyimiz ideya budur və maksimum çalışacağıq ki, bu ideya cəmiyyətdə dəstək qazansın.
Bilirsiniz ki, radikal düşərgəni təmsil edən İctimai Palata da bu ideyanı dəstəkləyib. Milli Şuradan da, cəmiyyətin digər təbəqələrindən də bu ideyaya dəstək var. İstərdik, cəmiyyət də bu ideyanı dəstəkləsin ki, iqtidar bunu qəbul eləsin və islahatlar yolu ilə cəmiyyətimizi dəyişə bilək.
- Qüdrət bəy, əvvəlki seçkilərdə də bu təkliflərin bir hissəsini səsləndirmişdiniz. Ötən dövr ərzində hakimiyyət hər hansı təklifinizi qəbul elədimi?
- Xeyr, hakimiyyət hələlik konstitusion islahatlara getməyi düşünmür. Biz rəsmi qaydada bu layihəni təqdim eləmişik. Sonra İslahat qrupu da belə bir təkliflə çıxış elədi. Artıq cəmiyyətin böyük hissəsi bu ideyanı dəstəkləyir. Bu seçkilərdə də bu ideyanı geniş şəkildə yaymağa çalışacağıq.
- Bəzi ekspertlər iddia edirlər ki, bu dəfə qeydə alınan prezidentliyə namizədlər çox, ödənişsiz efir vaxtı isə qısa olacaq. Partiyanızın fikirlərini çatdır-maq üçün alternativ imkanlarınız varmı?
- Gözləyək, görək MSK hansı qərarı verəcək. Efir vaxtı 3 saatdan az olma-malıdır. Əgər minimalı götürəcəklərsə, deməli, bu, MSK-nın özünün marağında deyil. Bu vaxtı iki dəfə artırmaq olar ki, namizədlər fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər. Hesab edirəm ki, dövlət televiziyasında da namizəd-lərə pulsuz efir vaxtı ayrılmalıdır. Ümid edək ki, MSK daha uğurlu qərar qəbul edəcək.
- Hakimiyyətə yaxın mərkəzlərin keçirdiyi sorğularda müxalifətə ümumilikdə 3 faiz səs veriblər. Sizcə, seçkilərin nəticələri də belə olacaq, yoxsa...
- Təbii ki, iqtidarın resursları böyükdür. Yəni, qüvvələr nisbəti xeyli dərəcədə qeyri-bərabərdir, bunu etiraf eləmək lazımdır. Amma hesab edirəm ki, bu seçkilərdə müxalifətin meydana daha güclü çıxmaq imkanı var. Müxalifət bu seçkidən elə bir səviyyədə çıxar ki, iqtidarı islahatlara getməyə sövq edə bilər. Sözsüz ki, yenə də hər şey xalqdan asılıdır. Camaat yenə də evində oturub seçkiyə gəlməyəcəksə, yenə də bu iqtidarı dəstəkləyənlər seçkidə iştirak edəcəksə, müxalif düşüncəli insanlar seçkinin mənasız olduğunu düşü-nəcəksə, onda heç bir nəticə olmayacaq. Ancaq biz çalışacağıq ki, xalqı bu düşüncədən qurtaraq. Yəni xalq başa düşsün ki, Əlinin, Həsənin, Qüdrətin missiyası deyil ki, səni azad eləsin, onlar önə düşüb gedə bilərlər, amma sən özün prosesdə iştirak edib azadlığı qazanmalısan. Biz insanları buna yenə də inandıra bilməsək, iqdidarın namizədi 99 faiz də səs ala bilər, çünki narazı elektorat seçkiyə qatılmamış olacaq. Bilirsiz, xalq bütövlükdə seçkiyə qatılmırsa, prosesdə iştirak etmirsə, onda siyasətçinin edə biləcəyi çox az iş qalır.
- Acınacaqlısı odur ki, siyasətçilərin bir hissəsi də daxili intriqalarla xalqı özlərindən kənarlaşdırırlar...
- Radikal düşərgə zaman-zaman xalqın ümidlərinə böyük zərbə vurub. Seçkiqabağı bəyan edirlər ki, seçki total şəkildə saxtalaşdırılacaq, seçkiyə qatılmırlar, tərəfdarlarını çağırırlar ki, seçkiyə getməyin, o zaman da narazı elektorat evdə oturur və iqtidar seçkini udur. Ya da öz aralarında yersiz didişmələrə gedirlər. Bir də, nəyin bahasına olur-olsun hakimiyyətə gəlmək istəkləri var ki, bu da insanlarda müəyyən mənada ikrahla qarşılanır. Bu dəfə də Rusiyanın oyununa getdilər. Rusiya da bunlardan çox ucuz formada istifadə elədi. Mən bununla bağlı mətbuatda dəfələrlə fikirlərimi deyirdim və insanları çağırırdım ki, ehtiyatlı olun, bu prosesə qoşulmayın. Çünki burada məqsəd Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq edib nələrsə qoparmasıdır. Sözün doğrusu, Rusiya qismən istəyinə nail oldu. Bunların hamısı ümidlərini bağlamışdılar ki, guya Rusiya İbrahimbəyova dəstək verəcək, indiki iqtidarı müdafiə etməyəcək. Ancaq bu ümidlər puç oldu. Hazırda Milli Şurada ümidsizlik, çarəsizlik mühiti yaranıb. O düşərgədə olanların hər biri indi iqtidarla əməkdaşlıq üçün yollar axtarırlar. Bax, bu proses-lə insanlarda müxalifətə olan etimad və güvən hissini bir az da öldürdülər. Eyni zamanda, bu proses gələcəkdə Rusiyanın Azərbaycana qarşı daha aqressiv siyasət yürütməsini şərtləndirəcək. Artıq Rusiya da gördü ki, burda özünə milli qüvvə deyənlər hakimiyyət naminə ən aşağılayıcı şərtləri qəbul eləməyə hazırdır. Ona görə də Rusiya gələcəkdə təzyiqləri bir az da artıracaq.
Milli Şura ətrafında olan adamlara deyirəm ki, hər dəfə sonda belə bir xəyal qırıqlığına uğrayırsız. Düşünürsüz ki, yəqin, növbəti dəfə daha yaxşı olacaq, amma o da olmur. İntellekt kasadlığı və cəsarətin olmaması hər dəfə o insanları xəyal qırıqlığına uğradacaq. Eyni zamanda, bu, demokratikləşmə prosesinə öz neqativ təsirini göstərəcək. Zaman göstərir ki, bu insanlar həlledici məqamda düzgün qərar qəbul edə bilmirlər.
Rüstəm İbrahimbəyov komfort həyata öyrəşmiş adamdır. Onun kimi bir adamı gətirib vahid namizəd elan etmək çox yanlış addım idi. Bütün bunlar göstərir ki, onlarda məsuliyyət hissi yoxdur. Qorxaqlıq, intellekt kasadlığı həmişə bunları uçuruma aparıb. Məsələ burasındadır ki, onları kompensa-siya etmək üçün yüksək mənəvi keyfiyyət də yoxdur. Hakimiyyət hərisliyi və bunun üçün hər şeyə hazır olmaq xarakterləri var. Vaxtiylə hakimiyyət hərisliyi ucbatından iqtidarı əldən verdilər, indi də kənarda bir-birlərini qırırlar. Hətta bu gün Əli Ömərov da demokratiyadan danışır. Amma vaxt var idi ki, Əli Kərimovun tikili cibindən "qumbara çıxardırdı".
Onu da deyim ki, Əli Kərimlinin də, İsa Qəmbərin də ətrafının 90 faizi bu iqtidarla əməkdaşlıq edir. Bu reallığı özləri də yaxşı bilirlər. Əli Kərimlinin özü zaman-zaman bu iqtidarla əməkdaşlıq edib. Ola bilsin ki, indi də hansısa formada əməkdaşlığını davam etdirir. Bunun nəticəsi olaraq da, pozuculuq işi ilə məşğuldur.
- Onda belə çıxır ki, bu seçkilərdə də ciddi nəticə əldə edilməyəcək?
- Xeyr, mən ruhdan düşməyin tərəfdarı deyiləm. Təbii ki, bayaqdan danış-dıqlarım müxalifətin bir kəsiminə aiddir. Digər kəsim, hansı ki, ölkənin gələcəyini yalnız konstruktiv dialoqda görür, təəssüf ki, iqtidar tərəfindən bizim də çağırışlarımıza cavab verilmir. Bəzən o çağırışlara sayğısız və entinasız yanaşırlar. Bu da çoxpartiyalı sistemin inkişafını zəiflədir, ölkəni xarici təzyiqlər qarşısında qoyur. Bu, həm də siyasi sistemin özünü çox kövrək, gücsüz, hər hansı kənar təzyiqlər qarşısında müqavimətsiz edir.
- Sizcə, bu seçkidə kontruktiv müxalifət nə qazanacaq?
- Biz ümid edirik ki, bu seçkidən daha çox konstruktiv müxalifət güclü çıxa bilər. Bu da növbəti islahatlara təkan vermiş olardı. Ona görə də biz böyük əzmlə bu mübarizəyə qatılırıq və ümid edirik ki, əgər səsimizi xalqımıza çat-dıra bilsək, narazı elektoratı seçkiyə gətirsək, o insanlar özləri islahatlara yol açmış olacaqlar.
- Qüdrət bəy, son illər seçkilərdən sonra da müxalifətin vitrini dəyişməmiş qalır. Sizcə, bu seçki dəyişiklik üçün başlanğıc ola bilərmi?
- Bizdən də çox şey asılıdır. Amma mən istəmirəm ki, yenə də bütün məsuliyyəti biz siyasətçilər öz üzərilərinə götürsünlər. Hər hansı bir proses alınmayanda siyasətçini ittiham edirlər. Ancaq hər şey seçicidən asılıdır, insanlar çağırışlara cavab verməlidirlər.
Bir nümunə gətirim. Bu 20 ildə biz hələ də insanlara aşılaya bilməmişik ki, büdcə vəsaiti onun vəsaitidir. İnsanlara hələ də elə gəlir ki, dövlət vəsaiti oğurlanırsa, bunun ona dəxli yoxdur. İnsanlar nə zaman dövləti və onun büdcəsini özününkü hesab eləsələr, o zaman biz dəyişikliyə nail ola bilərik. Ancaq bizim tələsməyimizlə də nəsə həll olunmur. Bəzən sürətli islahatlar da əks-effekt verir. Çünki siyasi sistemin güclü olmadığı ölkələrdə klanlar, tayfalararası, regional toqquşmalar olur. Ona görə də sürətli radikal islahatların da tərəfdarı deyiləm. Ancaq bütün hallarda seçkidən sonra islahatlar başlanmalıdır. Kiçik, dekorativ xarakterli islahatlar heç nəyi dəyişməyəcək. Ona görə də bizim seçki şüarımız dördüncü respublikadır. Bütün seçki plakatlarımızda da bu şüar öz əksini tapacaq. Hədəfimiz parlamentli respublikadır. Biz Azərbaycanın gələcəyini yalnız dördüncü parlamentli respublikada görürük və mübarizəmizi də bu yöndə aparacağıq.

- See more at: http://www.reytinqinfo.az/manset/778-q%C3%BCdr%C9%99t-h%C9%99s%C9%99nquliyev-biz-az%C9%99rbaycan%C4%B1n-g%C9%99l%C9%99c%C9%99yini-yaln%C4%B1z-d%C3%B6rd%C3%BCnc%C3%BC-parla-mentli-respublikada-g%C3%B6r%C3%BCr%C3%BCk-v%C9%99-m%C3%BCbariz%C9%99mizi-bu-y%C3%B6nd%C9%99-aparaca%C4%9F%C4%B1q.html#sthash.QaKZThPp.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA