Füzuli rayon ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

img

23-08-2013 [15:45]


Bu gün Füzuli rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsinin 20-ci ildönümü münasibətilə "Azıx” İctimai Birliyinin təşəbbüsü ilə rayon ictimaiyyətinin, eləcə də Füzuli Rayon İcra Hakimiyyətin nümayəndələri, həmçinin Qarabağ Azadlığı Təşkilatının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər. Füzuli Rayon İcra Hakimiyyəti adından Əbədi Məşəl Kompleksi önünə əklil qoyulub. Füzulidən olan məcburi köçkün, "Azıx” İctimai Birliyinin sədri Tağı Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli rayonunun ermənilər tərəfindən işğal edilməsi bizə təkcə fiziki cəhətdən zərbə deyil: «Bu gün rayonumuzun işğalının 20 ilini qeyd edirik. Biz bu 20 ildə həm fiziki, həm də mənəvi cəhətdən çox şey itirmişik. Füzuli rayonunda respublika və rayon əhəmiyyətli tarixi memarlıq abidələr, böyük ehtiyata malik yeraltı sərvətlər erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Hətta Azıx mağarasının taleyi naməlumdur. Füzuli rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan milyardlarla dollardır. Tədbirdə rayonun bir sıra tanınmış yazarları iştirak edib. Qeyd edək ki, Füzu rayonu 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA