Zahid Oruc: “Saunada şəkillərim yoxdur..."

img

15-08-2013 [16:40]



Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Orucun müstəqil şəkildə prezidentliyə namizədliyini irəli sürməsi partiyada qarşıdurma yaradıb. AVP sədri Fəzail Ağamalı bunu qınadığını və düzgün olmadığını deyib. Daha sonra Z.Orucun partiya sədrinin müavinliyi postundan çıxarılması ilə bağlı məlumatlar yayıldı. Məsələyə aydınlıq gətirən Z.Oruc bunun prosedura uyğun olaraq qurultay dövrü ilə bağlı olduğunu və müvəqqəti xarakter daşıdığını dedi. 

Z.Orucun ayrıca partiya yaratmağa hazırlaşması haqqında yayılan xəbərlər isə gündəmdə ən çox səs salan xəbərə çevrildi. Bu həm də ona görə diqqət çəkən idi ki, Azərbaycanda yeni iqtidaryönlü partiyanın yaradılacağı xəbərləri ilə üst-üstə düşürdü.

Bununla bağlı Publika.Az-a danışan Zahid Oruc məlumatı təkzib etdi və bildirdi ki, konkret olaraq seçki öncəsi hansısa təşkilatın yaradılması gündəmdə deyil: "Mən heç bir partiya yaratmıram və mənim adımdan yazılanları mən deməmişəm. Ümumiyyətlə bu məsələ ilə bağlı heç kimə açıqlama verməmişəm. Bəyan edirəm ki, yeni partiya quruculuğu qərarında deyiləm, hər kəs rahat olsun”.

AVP-də baş verən bu proseslərdə diqqət çəkən digər məqam narazılığın nə zamandan başlaması idi. Çünki medianın məlumatlarına görə, hələ iki il öncə partiyada sədrlə müavin arasında anlaşılmazlıq yaranıbmış ki, buna səbəb də Fəzail Ağamalının partiyanın yüksək postlarına özünə yaxın şəxsin gətirməsi və gələcəkdə partiyanı həmin şəxsə dövr etmək istəyi olub. Hətta həmin şəxsin F.Ağamalının oğlu olduğu da iddia olunur.

Belə bir narazılığın olmadığını deyən Z.Oruc qeyd edib ki, o qətiyyən partiyanın gələcək həyatında fəal olmağı, yaxud kiminsə qohumunu sədr kimi hazırlanmasına dair layihələrdə olmayıb:
"Buna dair konfliktlər də olmayıb. Partiya çərçivəsində belə iddialarımız da olmayıb. Mənim başlıca xidmətin Azərbaycan insanına xidmətdir. Bu mənada məni sadə, stabil, millətinə bağlı adam kimi qeyd etmək olar. Mənim üçün kiminsə gələcəkdə partiyanın başçısı kimi planına mane olmaqda qınamaq da çox yanlış idi. Hər kəs bilir ki, məndən o obrazı yaratmaq olmaz. Əksinə kimi kimə ərmağan edirlərsə, ona haqları var”.

Olayların belə yerdə gəldiyi vaxt Publika.Az-ın əldə etdiyi məlumata görə, F.Ağamalı Zahid Oruca qarşı revanşa hazırlaşır. Belə ki, o, partiyanın qərarının əksinə gedən müavini haqqında ictimaiyyət üçün gizli olan, eləcə də, Z.Orucun siyasi karyerası üçün zərbə olacaq məlumat yaymaq fikrinədir.

Z.Oruc isə buna sakitliklə yanaşır və hər nə olursa olsun, hiddətlənməyəcəyini deyir: "Azərbaycanda doğru insanların sayı 5 ya 10 min, 100 min, yaxud nə qədərdir, deyə bilmərəm. Amma hesab edirəm ki, onun içində ön yerlərdən birində olaram. Yəni başından ayağına kimi desəniz, şəxsi həyat, belə demək mümkündürsə ayrı əlaqələr və s. Milyarderin balası deyiləm. Onların himayəsi altında da olmamışam. Gizli qurumlarla bağlantım olmayıb. Separatizmdə bulanmamışam. Saunada şəkillərim yoxdur, ikinci arvad saxlamıram. Kriminallarla bağlantım yoxdur. Oğru dünyasının səsini-sorağını bilmirəm.

Mənimlə bağlı olacaq hər şeyə hazıram. Amma bu məni hiddətləndirməyəcək və qəzəb doğurmayacaq. Tam stabil düşüncəmlə sabaha baxaraq davam edəcəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA