Müsavat başladı: "Bu müddətin artıq 10 günü gedib"

img

15-08-2013 [15:49]


Müsavat Partiyası ölkənin bütün ərazisində yerli seçki qərargahları yaradıb. Bunu "Media forum” saytına partiyanın Mərkəzi Seçki Qərargahının sədri, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Mərkəzi Seçki Qərargahında mütəmadi olaraq iclasların keçirildiyini bildirən Arif Hacılı qeyd edib ki, bu qərargah seçkidə icra funksiyaları ilə bağlı bütün işləri öz üzərinə götürən bir qurumdur: "Seçki ilə bağlı müəyyən qərarların qəbul edilməsi, seçkinin ümumi strategiyasının müəyyənləşdirilməsi üçün ayrıca bir qurumun - Seçki Strategiya Mərkəzinin yaradılması təklifləri də var. Seçki Strategiya Mərkəzində Müsavat başqanı İsa Qəmbər, partiyanın seçki qərargahına rəhbərlik edən şəxslər və İsa Qəmbərin prezidentliyə namizədliyini müdafiə edən ziyalılar, siyasi xadimlər, intellektuallar təmsil oluna bilər”.

Müsavat Partiyası İsa Qəmbərin prezidentliyə namizədliyini yanvarın 4-də irəli sürüb. İyunun 7-də Demokratik Qüvvələrin Milli Şurası yaradılıb. İyulun 2-də isə şura yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovu prezidentliyə vahid namizədi elan edib. Müsavat Partiyası da Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunur.

Arif Hacılı "Media forum”a açıqlamasında qeyd edib ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi rəsmən qeydiyyata alınması üçün ikili vətəndaşlıqla bağlı problemi həll olunmadığından Müsavat Partiyasının seçkidə İsa Qəmbərin namizədliyi ilə iştirak edib-etməyəcəyi məsələsi tam müəyyənləşməyib. Partiyanın Seçki Strategiya Mərkəzinin yaradılması da bu səbəbdən ləngiyir: "Milli Şuranın avqustun 19-da keçiriləcək sessiyasınadək Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi həll edəcəyinə ümid bəsləyirik. O vaxta qədər bu məsələ həll olunmasa, sessiyada Milli Şuranın başqa bir intellektualı vahid namizəd kimi müdafiə etməsi təklifini irəli sürəcəyik. Çalışacağıq ki, həmkarlarımızı bunun ən düzgün qərar olduğuna inandıraq. Əgər bu alınmayacaqsa, seçkidə öz namizədimizlə iştirak barədə müzakirələr başlanacaq. Çünki seçki kampaniyasının müddəti qısaldılaraq iki aya endirilib və bu müddətin də artıq 10 günü gedib. Hesab edirəm ki, bundan artıq ləngimək olmaz”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA