Abbas Abbasov, Eldar Həsənov, Akif Muradverdiyev... daha kimlər İlham Əliyevə qəsd hazırlayıb? - Şok iddia

img

12-08-2013 [13:18]


Jurnalist Eynulla Fətullayev şok iddialarla çıxış edib. Onun Virtualaz.org saytında yerləşdirilən "İlham Əliyevə qəsdin üstü açıldı” adlı yazısında tanınmış şəxslərə qarşı ağır ittihamlar var. Musavat.com həmin yazıdan seçmələri təqdim edir. 

Eynulla Fətullayev yazır ki, oliqarxlar Moskvada "Milyarderlər İttifaqı”nda bir yumruq kimi möhkəm birləşər-birləşməz bu ittifaqın daha passionar və məşhur nümayəndələri əsas zərbələrini əliyevçi elitaya yönəltdilər: "Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Söyün Sadıqov və daha neçə-neçə adam diaspor təşkilatlarının proqramlarında yazılan vəzifələrin ziddinə olaraq (ki, bunu Bakıda da öncədən proqnozlaşdırmışdılar) prezident Əliyevə və onun ətrafına qarşı əsl təbliğat savaşı cəbhəsi açdılar. Azərbaycan politoloqlarının və analitiklərinin gəldiyi əqli nəticəyə rəğmən hətta Azərbaycanı hələ Heydər Əliyev hakimiyyəti dövründən Rusiyanın etibarlı siyasi müttəfiqi sayan prezident Vladimir Putinin özü də təsəvvür edə bilməzdi ki, onun administrasiyasının bəzi təmsilçiləri son məqsədi prezident İlham Əliyevi devirmək olan bu çirkin avantüraya qoşula bilərlər”.

Jurnalist iddia edir ki, prezident İ.Əliyevin güc yolu ilə devrilməsinin əsas ideya müəllifi və ilhamvericisi olan Abbas Abbasov birbaşa Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodin tərəfindən idarə olunur: ""Milyarderlər ittifaqı” məhz Volodinin istəyi və səyləri ilə yaradılmışdı. Kremlin "boz kardinalı” Surkovu Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində əvəzləmiş Vyaçeslav Volodin (o, hakim Vahid Rusiya Partiyasının da icraçı katibidir) Kremldə öz amansızlığı və sərtliyi ilə, qərar verərkən bir növ "balta ilə işləməyə” meylli olması ilə tanınır. Rusiya qanunlarına demokratik azadlıqların məhdudlaşdırılması istiqamətində edilən ən qalmaqallı düzəlişlərin (diffamasiyanın kriminallaşdırılmasından tutmuş QHT nümayəndələrinin xarici agentlər kimi tanınmasına qədər əksər düzəlişlərin) müəllifi də məhz odur. Məşhur rus politoloqu Aleksandr Kınev V.Volodinin şəxsiyyətini belə xarakterizə edir: "Əgər Surkovun zamanında Prezident Administrasiyası üçün xas olan cəhət zahirən həddən artıq mürəkkəb görünən qərarlar qəbul etmək idisə, indi klassik dəb hökmrandır. Yəni Surkovun dövründə hər dəfə yeni velosiped modeli icad etməyə çalışırdılarsa, indi hər şey çox sadədir - artıq sınaqdan çıxarılmış nümunələrdən istifadə edirlər””.

Yazıda bildirilir ki, Kremlin milli siyasətə görə məsul şəxsi olan V.Volodin indi də Azərbaycana münasibətdə qonşu Gürcüstanda sınaqdan çıxarılmış modeli - hakimiyyətə öz "köpəkoğlu” milyarderini gətirmək modelini tətbiq etməyə qərar vermişdi: "Burada çox vacib bir məqam var. Təsadüfi deyildi ki, Volodinin şəxsən və bilavasitə idarə və kuratorluq etdiyi Dağıstan prezidenti Ramazan Abdulatipov da "Milyarderlər ittifaqı”nın tərkibinə daxil edilmişdi. Azərbaycanla heç bir bağlılığı olmayan R.Abdulatipovun bu qurumda peyda olması əvvəlcə anlaşılmazlıq doğurdu. Sual olunurdu: muxtar respublikanın (lap elə Azərbaycanla həmsərhəd olsun!) rəhbərinin Rusiyadakı azərbaycanlı qastarbayter və miqrantların problemlərinə nə aidiyyəti var? R.Abdulatipovu bu ittifaqa qəsdən, məqsədli şəkildə daxil etmişdilər. Bununla Əliyev hakimiyyəti dövründə pas basan, amma hələ də çox təhlükəli və əbədi təsir vasitəsi kimi qalan "ləzgi problemi”nə eyham vurulurdu”.

"Azərbaycan diasporunun əksər fəallarının sözlərinə görə, V.Volodin prezident İ.Əliyevə dərin nifrət hissi bəsləyir və bunu heç gizlətməyə də cəhd etmir. O, özünün diaspor təşkilatlarının nümayəndələri ilə bütün görüşlərində və məsləhətləşmələrində açıq-aşkar deyib ki, Azərbaycanın hazırkı hakimiyyətinin sonu çatıb və Rusiya Azərbaycandakı vəziyyəti dəyişmək üçün hər şeyi edəcək. V.Volodinin Azərbaycan prezidentinə nifrəti belə bir ifrat həddə çatıb ki, o, bəzi özəl görüşlərində İ.Əliyevin ünvanına hətta təhqiramiz ifadələr də işlədib. Abbas Abbasovun, Rüstəm İbrahimbəyovun, Söyün Sadıqovun və Kreml partiyasının digər "qırğıları”nın əsas məsləhətçisi də V.Volodindir. Bu "qırğı”ların qarşısına qoyulan başlıca vəzifə Azərbaycandakı daxili siyasi sabitliyi pozmaq idi”, - yazıda deyilir.



Eynulla Fətullayevin iddiasına görə, nə qədər qəribə görünsə də V.Volodinin planlarında R.İbrahimbəyova ikinci dərəcəli, az əhəmiyyətli rol ayrılmışdı: "R.İbrahimbəyovun missiyası yeni "qırmızı inqilabi proseslər”in başlıca katalizatoru kimi çıxış etmək idi. Çünki bütün anti-Əliyev qüvvələri "demokratik platforma” adlı yeni mərkəzə cəmləmək sabiq məmur və keçmiş əliyevçi A.Abbasovdan fərqli olaraq İbrahimbəyovdan ötrü daha asan idi. İlkin olaraq A.Abbasov İbrahimbəyov hökumətində baş nazir olmalı idi (İbrahimbəyov xarizmatik baş nazirin əlində faktiki olaraq oyuncağa çevrilirdi). Sonra isə o, müvəqqəti hökumətin istefasından sonra prezidentliyə namizəd irəli sürüləcəkdi. Beləliklə, qəsdçilər klassik müxalifət liderlərini, o cümlədən ilk gündən baş nazir postu təklif etdikləri Əli Kərimlini ciddiyə almırdılar. Qəsdçilərin hakimiyyətə gəlişindən sonra Əli Kərimlini hansı tale gözləyirdi? Təxmin etmək çətindir”.



"Bütün bunlarla yanaşı ötən ilin qışında, 2012-ci ilin dekabrında İlham Əliyevi Abbas Abbasovu qəbul etməyə,- özü də iki dəfə!- sövq edən səbəbləri izah etmək çox çətindir. Prezident doğrudanmı bilmirdi ki, o, rusiyalı qubernatorlarla söhbətlərində Azərbaycanı uçurumun bir addımlığına gətirən indiki hakimiyyətini dəyişməyin vaxtının çatdığını açıq mətnlə deyən bir adamı qəbul edir? Bu, məlum deyil. Hərçənd Abbas Abbasovun dostu və həmfikri Telman İsmayılova yaxın adamlar bildirir ki, prezident İlham Əliyev baş nazirin sabiq I müavinini qəbul etməkdən əvvəlcə qətiyyətlə imtina edibmiş. Lakin İ.Əliyev "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovun israrlı xahişlərindən sonra A.Abbasovu qəbul etməyə hər halda razılıq vermişdi”, - yazıda deyilir.

Eynulla Fətullayev daha sonra yazır: "Kiçicik jurnalist araşdırması sayəsində öyrənə bilmişik ki, Abbas Abbasov ötən il dekabrın 25-də Bakıya "LUKoil” prezidentinin şəxsi təyyarəsində və Vahid Ələkbərovun elə özü ilə birgə gəlib. Və çox maraqlıdır ki, prezident İ.Əliyevlə görüşdə A.Abbasovdan başqa elə V.Ələkbərov özü də olub. Onlar bir neçə saat ərzində nədən danışıblar - bu haqda dəqiq bir şey demək mümkün deyil, bununla bağlı yalnız fərziyyələr yürütmək olar. Lakin bir şey dəqiqdir: həmin görüşdən bir neçə gün sonra A.Abbasov yenə də V.Ələkbərovla birgə Bakıya - İ.Əliyevin qəbuluna gəlib.

A.Abbasov İ.Əliyevlə birinci görüşdən sonra jurnalistlərlə söhbətində bildirmişdi ki, prezident ona "AzerRos” Milli-Mədəni Muxtariyyətinin başçısı postunda Söyün Sadıqovu əvəzləməyi məsləhət görüb”.

Prezident Əliyev bununla nə demək istəyib?

Yeri gəlmişkən, A.Abbasovun çıxışındakı bu ən vacib detal yenə də praktiki olaraq heç kimin diqqətini cəlb etmədi. İlham Əliyev onun elə öz hakimiyyətinə qarşı qəsd hazırlayan Volodin qrupundakı bir adama "əhlikef inqilab”ın digər fiqurantının postunu tutmağı nəyə görə təklif etmişdi? Prezident bununla nəyə eyham vururdu? Bununla həmin qruplaşmanın planları ilə bağlı hər şeyin ona artıq tam məlum olduğuna işarə vururdumu? Axı hələ sovet vaxtlarından rus xüsusi xidmət orqanları ilə sıx bağlı olan(Rusiya mətbuatı yenicə zühur eləmiş bu "azərbaycanlı vətənpərvərin” casusluq fəaliyyətinə dair çoxsaylı materiallarla doludur) Söyün Sadıqovun özü də yeni anti-Əliyev cəbhəsinin rəmzinə çevrilmiş fiqur idi. 

Bu sualımı təkrar edirəm: İlham Əliyev Abbas Abbasova Söyün Sadıqovun vəzifəsini tutmağı tövsiyə eləməklə nəyə eyham vururdu? 

Bu görüşdən az əvvəl "Milyarderlər ittifaqı” Abbas Abbasovun bütün ictimai-siyasi layihələrinin sponsoru olan Vahid Ələkbərovun şəxsən özünün iştirakı ilə toplaşaraq Əliyev hakimiyyətinə qarşı mübarizə məqsədilə təxminən 20 milyon dollar pul ayırmışdı. Bu isə Azərbaycan kimi balaca ölkənin altını üstünə çevirməyə kifayət edəcək bir məbləğdir. Rusiyanın ali dairələrinə çıxışı olan İlham Əliyev bütün bunlar barədə məlumatlı olmaya bilməzdi.

Abbas Abbasov isə İlham Əliyevin bu bizanssayağı mesajını hərfən qavradı. O, Rusiyaya qayıdandan sonra doğrudan da Söyün Sadıqovun təşkilatına rəhbərlik etməyə başlayıb Rusiya xüsusi xidmət orqanlarının bu casusunun kürsüsünə əyləşdi. Həmin gündən etibarən A.Abbasov onu Bakıdan ayıran uçurumun dərinləşməsinə addım-addım xidmət etməyə başladı.

A.Abbasov anlayırdı ki, o, Volodin oyununun çirkabına daha çox batdıqca geri çəkilmək üçün daha heç bir yolu qalmır. A.Abbasov İ.Əliyevlə görüşdən bir neçə həftə sonra belə deyirdi: "Mənə inanın, onlar gedəcəklər, onlar olmayacaqlar”.

Eynulla Fətullayevin fikrincə, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi ideyası da İlham Əliyevə qarşı qəsd planının tərkib hissəsi olub: "Bir müddətdən sonra isə A.Abbasovun silahdaşı, qəsdçilər arasındakı digər mühüm fiqur Söyün Sadıqov bir neçə "cırtdan partiya”, o cümlədən Demokratik Azərbaycan Dünyası Partiyasından olan hansısa Sevda Xurşudova vasitəsilə belə şayiələr yaymağa başlayır ki, guya hakim partiyada parçalanma var və Mehriban Əliyevanın namizədliyi irəli sürülüb. Bu informasiya diversiyasının konkret məqsədi vardı və o, seçki ərəfəsində ictimai rəyi çaşdırmağa, hakim elitada parçalanma yaratmağa, seçki marafonunun kulminasiya nöqtəsində prezidentin imicinə maksimum zərbə vurulmasına hesablanmışdı. Görünən bu idi ki, bu informasiya diversiyası Moskvanın siyasi mərkəzlərinin birində işlənib hazırlanmışdı. Çünki İbrahimbəyovun özü hələ 2009-cu ildən etibarən birinci ledinin prezidentliyə namizədliyinin irəli sürülməsi və hazırkı prezidentin istefa verməsi kimi absurd ideyanın ilk və əsas təbliğatçısı idi. Bir neçə ildən sonra isə bu ideyanı "Kreml partiyası”nın digər personajları da dilə gətirməyə başladılar.

Azərbaycan hakimiyyəti S.Sadıqovun bu diversiyasının qarşısını aldı və Gürcüstan vətəndaşı olan S.Xurşudova Azərbaycandan deportasiya olundu. S.Xurşudova deportasiya ediləndən sonra Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ideyası da tezliklə hamı tərəfindən o dəqiqə unuduldu...”

Yazıda iddia olunur ki, Milli Şuranın yaradılması ideyası da Kremlə məxsusdur: "A.Abbasov bu mövzularda ürəyini boşaldandan bir ay sonra Volodin planının Azərbaycandan olan əlaqələndiricisi (koordinatoru) Eldar Namazov Rüstəm İbrahimbəyovun sədrliyi ilə Milli Şura yaradılması ideyasını irəli sürür və rejissorun müxalifətin prezidentliyə vahid namizədi olması təklifini ortaya atır. Əliyev hakimiyyətinə qarşı müqavimətin hansı formatında və hansı təşkilati strukturunda rol və yer almaq, özünü hansı model çərçivəsində təsdiqləmək məsələsinin ənənəvi müxalifətdən (yəni milli-demokratlardan, habelə liberal platformadan çıxış edən və 2003-cü ilin oktyabrından, xüsusilə də Rusiya ətrafında "narıncı qurşaq” yaratmaq ideyasının iflasından sonra müstəqil siyasi qüvvəyə çevrilmək perspektivlərini tamamilə itirmiş ənənəvi qərbçilərdən) ötrü haradasa artıq fərqi yox idi. Çünki ənənəvi müxalifətin itirəcəyi heç nə qalmamışdı.

Siyasi sistemin qapısı arxasında qalan liberal-demokratlarla milli-demokratlar bu hakimiyyətə qarşı müqavimətin istənilən sabit və etibarlı modelini qəbul etməyə hazır idilər; təki bu müqavimət hərəkatı Ailənin hakimiyyətinin fundamental siyasi iflasına gətirib çıxarsın. 

Azərbaycan siyasətinin bu "yaşlı sakinləri” ideoloji və geosiyasi oriyentirlərin tamamilə dağınıq və qarmaqarışıq olduğu bir şəraitdə şimal küləyinin əsməyə başladığını hiss edincə hakimiyyətlə mübarizənin yeni texnologiyasını sınaqdan çıxarmağa qərar verdilər. Qərb tufanını - Katrinanı gözləmək uzun çəkdi. "Katalina qəsdi”nə girmək lazım gəldi! Hərçənd ki, Əli Kərimli və İsa Qəmbər Moskvadakı kukla oynadanların son məqsədlərini böyük ehtimalla bilmirdilər”.

"Əlbəttə, ənənəvi müxalifət Volodin planını seçərkən ortadakı güclü maliyyə imkanlarına, "Milyarderlər ittifaqı”nın ilk ianəsinə şirniklənmişdi. Müxalifət liderlərindən birinin etirafına görə, Azərbaycandakı sabitliyi pozub vəziyyəti gərginləşdirmək üçün ayrılmış ilk 20 milyon dollar Eldar Namazovun nəzarətinə keçib. Bu isə sadəcə olaraq aydın deyil: cənab Namazov milyarderlərin ilk tranşını necə və hara xərclədi və pulun qalan böyük hissəsini necə xərcləməyi düşünür?

Axı Namazovla İbrahimbəyovun Köhnə və Yeni dünyalara (Avropa və Amerikaya) "xidməti” səfərlərini, Moskva gəzintilərini, Milli Şuranın artıq rusiyayönümlü mövqedə olan Tiflisdəki bahalı təqdimat mərasimini və Londonda xərclənən pulları (Eldar Namazov özü söhbətin hansı xərclərdən getdiyini gözəl bilir) çıxsaq, ölkdə sabitliyi pozmaq üçün elə də ciddi tədbirlər keçirilməyib. Elə deyilmi?

Kifayət qədər mötəbər mənbələrdən verilən məlumatlara görə, Eldar Namazov seçkilər ərəfəsində və ondan sonra Bakıda ciddi iğtişaşların təşkilini planlaşdırır. Hər halda Volodinin ilkin konsepsiyasında belə planlar var idi.

İndi sual olunur: bu necə olub ki, ölkədə sabitliyi pozmaq üçün kifayət qədər ciddi məbləğdə pul ayrılması faktı Azərbaycan xüsusi xidmət orqanlarının gözündən yayınıb və onlar E.Namazovun izinin Rusiyaya gedib çıxması məsələsi ilə indiyə qədər də məşğul olmayıblar?

Onlar bu vaxta qədər doğrudanmı məhz Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin şahid ifadələrini və etiraflarını gözləyiblər? Bizim ədliyyə orqanları hələ də "sübutun allahı yalnız etirafdır” məntiqi ilə düşünürlərmi? O zaman Muradverdiyev nə yaxşı ki, danışdı, hər şeyi açıb-tökdü...”, - yazıda deyilir.

Eynulla Fətullayevin Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin son həbsindən sonra verdiyi ifadələrlə bağlı yazdıqları isə xeyli ilgincdir: "A.Muradverdiyevin hüquqlarını müdafiə edən Fuad Ağayevə yaxın vəkillərin verdiyi məlumata görə, sabiq işlər müdiri istintaqa artıq etirafedici ifadələr verib. Muradverdiyev özünün Moskvaya müntəzəm səfərləri (qeyd edək ki, onu elə Moskvaya uçan təyyarədəcə saxlamışdılar), Abbas Abbasovla, Telman İsmayılovla, Eldar Namazovla, Rüstəm İbrahimbəyovla və digərləri ilə görüş və məsləhətləşmələri barədə danışıb. 

Bu görüşlərdə builki seçkilər ərəfəsində Bakıda eynilə 2003-cü ilin oktyabr hadisələrində olduğu kimi kütləvi iğtişaşların təşkili yollarını axtarıb tapmaq barədə də söhbətlər gedib.

Yeri gəlmişkən, A.Muradverdiyevin Moskvaya bütün səfərlərinin xərcini Eldar Namazov çəkib. Aydındır ki, Vahid Ələkbərovun və digər oliqarxların ayırdığı həmin pullar hesabına... Onlar Moskvada "Marko Polo” otelində qalırmışlar. Bu otel Rüstəm İbrahimbəyovun yaşadığı evin yaxınlığındadır. A.Muradverdiyev Vahid Ələkbərovla üzbəüz söhbəti zamanı neft maqnatından hətta oğlunu "LUKoil” şirkətinə işə götürməyi də xahiş edib."Milyarderlər ittifaqı”nın planlarında A.Muradverdiyevə vacib bir rol ayrılmışdı.

O, "narıncı inqilab” zamanında olduğu kimi, Abbas Abbasovla seçki ərəfəsində Milli Şuranı dəstəkləməyə hazır olan məmurlar arasında vasitəçilik etmək vəzifəsini öz üzərinə götürməli idi.

Burada söhbət prezidentin işdən qovduğu bəzi sabiq nazirlərin və narazı məmurların "Milyarderlər ittifaqı”na cəlb olunmasından gedir. A.Muradverdiyev sabiq məmur zümrəsi ilə Moskva elitasını birləşdirəcək əsas vasitəçi - həlqə hesab olunurdu”.

Yazıda iddia olunur ki, "Volodinin oyunu”na A.Muradverdiyevlə yanaşı digər iri Azərbaycan məmuru - sabiq baş prokuror və Serbiyadakı indiki səfir Eldar Həsənov da cəlb olunub: "Eldar Həsənovun iblisanə qəddarlığı və heç cür sakitləşmək bilməyən, ipə-sapa yatmayan hakimiyyət ehtirası o, hələ baş prokuror olan vaxtlardan dillər əzbəridir. O, Əliyevin sisteminə xidmət edə-edə öz sistemini qurur, sifarişli cinayət işlərinə möhür vura-vura siyasi tayfa başçısı obrazında çıxış edirdi.

Nə qədər təzadlı görünsə də belədir: hakimiyyət tərəfindən üzərinə repressiya siyasəti yürütmək vəzifəsi qoyulan baş prokuror siyasi məhbusların meyitləri və cinayət işləri arasında eşələnə-eşələnə elə amansız repressiyaya məruz qoyduğu adamların rəğbətini qazanırdı. İnsanların ruhunu öldürən E.Həsənov 1995-ci il OMON qiyamının təşkilatçılarından biri olmasına baxmayaraq bir vaxtlar elə baş nazirin o zamankı müavini A.Abbasovun himayədarlığı ilə baş prokuror vəzifəsinə sahiblənmişdi.

E.Həsənov hələ Heydər Əliyevin hakimiyyəti illərindən bu günədək A.Abbasovla əlbir hərəkət edir. Sual olunur: Azərbaycanın Balkanlardakı səfiri Rusiyada və Moskvada nə iş görür, onun günü niyə demək olar ki, Rusiyada keçir?

Eldar Həsənov Moskvada böyük biznes qurub və onu inkişaf etdirir. Sabiq baş prokuror Azərbaycanın ən çox korrupsiyaya uğrayan məmurlarından biri idi. O, qarət-talan yolu ilə topladığı və Azərbaycandan çıxardığı ilkin kapitalı indi nəhəng investisiya layihələrinə yatırır”.

Eynulla Fətullayev hesab edir ki, çox böyük ehtimalla A.Muradverdiyevin ifadələri Bakıda planlaşdırılan iğtişaşların təşkilatçıları arasında ilk həbsləri həyata keçirmək üçün sanballı əsasa çevriləcək: "Əliyevə müxalif traybokratiyanın tipik nümayəndəsi olan A.Muradverdiyevlə yanaşı "Volodin oyunu”nda iştirak edən daha bir əsas sima,- bu, nə qədər təəccüblü görünsə də,- parlamentin keçmiş spikeri Rəsul Quliyevdir. Yuxarıda gətirilən dəlillər oxucunu ola bilər ki, qane etməsin. Lakin Rəsul Quliyevin şəxsən özü tərəfindən imzalanan və "Azadlıq” radiosu tərəfindən yayılan müraciət var. Bu müraciət müəyyən müddətdən bəri Azərbaycanı başı üzərindənasılan təhlükənin miqyasını əyani şəkildə açıb göstərir. Azərbaycanın "bir nömrəli demokratı və qərbpərəsti, okeanın o tayındakı qaçqın, liberalizmdən moizələr oxuyan məşhur vaiz, ana yurdun xilaskarı” olan Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri Sergey İvanoviç Kislyaka məxfi məktubla müraciət edib. R.Quliyev öz məktubunda Rusiya səfirini ciddi-cəhdlə inandırmağa çalışır ki, İlham Əliyevin hakimiyyətdə qalması Rusiya-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur; belə ki, Azərbaycan prezidenti Rusiya kimi nəhəng dövlətin geopolitik maraqlaına məhəl qoymur və onu nəzərə almır, öz ölkəsində Rusiyaya əlindən gələn pisliyi edir.

R.Quliyev öz məktubunda vəziyyətin dəyişəcəyi təqdirdə Rusiya-Azərbaycan münasibətlərini ən yüksək səviyyəyə qaldırmaq üçün əlindən gələni edəcəyini, Rusiyanın həm Azərbaycandakı, həm də bütövlükdə Cənubi Qafqazdakı geostrateji maraqlarını təmin edəcəyini vəd edir”.

Yazıda iddia olunur ki, Rusiya prezidenti Putinin müdaxiləsi və ola bilər ki, bir də ABŞ-dakı dostlar ölkəni yeni iğtişaş və çaxnaşmalardan, onun başı üzərindən asılıb qalan xarici təhlükədən və yeni kataklizmlərdən xilas edib: "Rusiya prezidenti möhkəm siyasi tellərlə bağlı olduğu İlham Əliyevə açıq və nümayişkaranə dəstəyini ifadə etmək üçün sabah Bakıya gəlir.

Azərbaycanla Rusiya öz qarşılıqlı münasibətlərində 10 illik anlaşılmazlıq və gərginliklə səciyyələnən "qara zolaq”dan məhz Putinin hakimiyyətə gəlişindən sonra bir yerdə, birgə səylərlə çıxa bildilər. İki ölkə arasındakı etimad mühitini Heydər Əliyevlə Vladimir Putin arasındakı elə ilk görüşdən sonra yaranan şəxsi dostluq münasibətlərinin sayəsində bərqərar etmək mümkün oldu.

Rusiya səfirliyinin əməkdaşları hələ Heydər Əliyevin hakimiyyəti illərində maraqlı bir şey danışırdılar. Onlar deyirdilərki, Putinin Bakıya birinci səfəri zamanı Putinlə H.Əliyev ilk dəfə üz-üzə gələndə başları söhbətə necə qarışmışdısa, saatı-vaxtı da unutmuşdlar.Geosiyasi fəlakətin ağır nəticələrinin müzakirəsi çox uzun çəkmişdi...”.

musavat.com 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA