Prezident İlham Əliyev: "Deyə bilərəm ki, əsasən neft tədarüklərinə..."

img

11-08-2013 [21:37]


Azərbaycan və İtaliya arasında yaxşı siyasi əlaqələr mövcuddur və Nazirlər Şurası Prezidentinin səfəri bunun yaxşı göstəricisidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

Prezident bildirib: "İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Bakıya səfərini alqışlayır və böyük önəm veririk. Sizin səfəriniz ikitərəfli münasibətlərimizin məğzinin yaxşı təzahürüdür. Eyni zamanda, bu səfər ikitərəfli əlaqələrimizin bir çox vacib məsələlərini müzakirə etmək baxımından yaxşı imkandır".

İki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən İlham Əliyev qeyd edib ki, tərəflər arasında yaxşı siyasi əlaqələr mövcuddur və Nazirlər Şurası Prezidentinin səfəri bunun yaxşı göstəricisidir: "Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Əlbəttə ki, güclü siyasi təmaslar münasibətlərimizin şaxələndirilməsində vacib rol oynayır".

Dövlət başçısı bildirib: "Deyə bilərəm ki, əsasən neft tədarüklərinə görə İtaliya əsas ticarət tərəfdaşımızdır". Prezident qeyd edib ki, Nazirlər Şurası Prezidentinin səfəri, görüşdə aparılan müzakirələr ticarət münasibətlərimizdə şaxələnmənin mövcud olduğunu bir daha göstərir: "Biz investorlar, podratçılar qismində iş üçün Azərbaycanda daha çox İtaliya şirkətlərini görmək istərdik. İtaliya sənayeçilər komandası nümayəndə heyətinin yaxın vaxtlarda burada olacağı gözlənilir".

İlham Əliyev deyib: "Düşünürəm ki, bir çox birgə maraqlı layihələr tapacağıq. Biz bu gün əlbəttə ki, ölkələrimiz arasında enerji əməkdaşlığını müzakirə etdik. Enerji sahəsində əməkdaşlıq münasibətlərimizdə yeni səhifə açacaq və bu, təkcə ikitərəfli əlaqələrimiz deyil, həmçinin Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər üçün vacib rol oynayacaq".

Dövlət başçısı bildirib: "Bizim enerji layihələrimiz Avropanın enerji təhlükəsizliyini təmin edəcək, eyni zamanda, bizim üçün Avropa İttifaqının yeni böyük bazarlarına çıxış imkanları yaradır. Bizim böyük neft-qaz ehtiyatlarımız var və artıq tədarük marşrutlarını şaxələndirmişik, lakin əlbəttə ki, biz iri bazarlar və uzunmüddətli əməkdaşlıq axtarırıq".

Prezidentin sözlərinə görə, iyunun sonunda TAP barəsində qəbul edilən qərar vacib strateji qərardır: "Biz çox şadıq ki, bu layihə düzgün rəqabət nəticəsində seçilib, çünki bu, investorlar üçün yaxşı və cəlbedici şərait yaradır".

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA