Həbsdəki zabitdən Müdafiə Nazirliyinə sensasion ittiham

img

08-08-2013 [20:59]


Milli Ordunun sabiq zabiti, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Renat Yusifov Müdafiə Nazirliyində (MN) büdcə vəsaitlərinin oğurlanması ilə bağlı prezidentə növbəti məktubla müraciət edib. 

Məktub müəllifi həbs olunan günə qədər Şəmkir korpusuna daxil olan 812 saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi olub. O, prezidentə əvvəlki məktubunda jurnalist, tənqidçi və müxalifətçi olmadığını yazır. Qeyd edir ki, həbsdə olduğu illər ərzində işinə ədalətlə baxılacağı ümidi ilə ən müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər edib, amma məmurlardan ədalət görməyib. Bu səbəbdən də mətbuat vasitəsilə prezidentə müraciət edib, Müdafiə Nazirliyində baş verən qanunsuzluqlar və ədalətsizliklər haqda məlumat vermək məcburiyyətindədir: "Sizdən kömək istəyirəm”.

R.Yusifov yazır ki, 2009-cu ilin avqustunda yuxarılardan verilən göstərişlə MN Maliyyə və Büdcə İdarəsinin rəisi (MBİ) əvəzi polkovnik-leytenant Elçin Mehdiyev Şəmkir korpusuna daxil olan 5 hərbi hissədə maliyyə durumunun təftiş edilməsi əmrini verib: "Elçin Mehdiyev 3 hərbi hissəni MBİ-nin Təftiş və nəzarət şöbəsinin inspektorları polkovnik-leytenantlar Rafiq Əzimov, Murad Allahverdiyev və mayor Sadıx Sadıxova, digər 2 hərbi hissəyni isə Şəmkir korpusunun maliyyə xidmətinin rəisi Elşən Əsgərova və Emil Mustafayevə tapşırdı. Adətən MN hərbi hissələrdə köhnə klassik sxemlə maliyyə təftişi aparır - ildə 1 dəfə. Müəyyən olunan büdcə oğurluqlarının 25-30 faizini götürəndən sonra təftiş müddətində "hər şeyin qaydasında olması” haqda "təmiz akt” tərtib edir. 2009-cu ilin avqustunda keçirilən təftişdən sonra isə bizlərə elan olundu ki, Elçin Mehdiyev büdcədən oğurlanmış vəsaitlərin MN İşlər İdarəsinin hesabına köçürülməsini tələb edir. Qanunla isə həmin pullar hərbi hissələrin hesabına qaytarılmalı idi”.

Həbsdəki maliyyə rəisi redaksiyamıza yolladığı son məktubunda yazır: "Əvvəlki məktublarımda qeyd etmişdim ki, Şəmkir korpusuna daxil olan hərbi hissələrin maliyyə şöbələrində baş vermiş oğurluqları araşdıran istintaq qrupu yalnız 2008 və 2009-cu ilin sənədlərini nəzərdən keçirirdi. 2008-ci ildən əvvəlki dövrlər araşdırılmırdı. Mən istintaq qrupunun rəhbərinə rüşvət verməkdən imtina etdiyimi müstəntiqə dedim. Az sonra isə o mənə xəbər çatdırdı ki, qrup rəhbəri mənim mövqeyimdən çox narazıdır və maliyyə rəisi olduğum hərbi hissənin 2008-ci ilə qədərki dövrünü də yoxlamaq haqda düşünür. Müstəntiqə istintaq qrupu rəhbərinin Şəmkir korpusuna daxil olan bütün hərbi hissələrdə 2008-ci ilə qədərki maliyyə durumunu yoxlayıb-yoxlamayacağı ilə bağlı sual verdim. Cavab verdi ki, Şəmkir korpusuna daxil olan hərbi hissələrin həbsdəki maliyyə rəisləri məndən fərqli olaraq ağıllıdırlar və əlavə istintaq araşdırması yalnız mənim maliyyə rəisi olduğum hərbi hissədə aparılacaq. Xoş niyyəti olmayan vicdansız qanun keşikçiləri düşünürdülər ki, mən onların bu niyyətdə olduqlarını bilib qorxumdan tələb etdikləri 50 min manatı verəcəyəm. Amma bu hədə-qorxu əks effekt verdi. Baş verənləri özlüyümdə analiz edib belə qərara gəldim ki, heç bir rüşvət Mahir Əliyevin sabah başqa bir müstəntiqlə əvəzlənməyəcəyinə təminat vermir. Üstəlik, onun əvəzinə başqa bir rüşvətxorun təyin ediləcəyi də bəri başdan aydındır və onun yeni oyun qaydaları diqtə edəcəyi də mübahisəsizdir. Çünki bizim məmurların böyük əksəriyətinin işin gedişində oyun qaydalarını dəyişmək kimi adəti var. Buna görə də müstəntiq Mehdi Hüseynzadəni əvəzləyən Fəxrəddin İsayevə 2010-cu il iyunun 10-da məktub göndərib xahiş etdim ki, mənim iş fəaliyyətimi 1998-ci ildən yoxlamağa başlasın.  

Hər şey bundan sonra başladı! Müstəntiq hər vəchlə məni dilə tutmağa çalışırdı. İstəyi də bu idi ki, məktubumdakı tələbdən imtina edim. Deyirdi ki, ailən, uşaqların var. İstintaq qrupu rəhbərinin adından yoxsulluq səviyyəsində yaşadığımı bildiklərini və rüşvət tələblərindən əl çəkdiklərini söyləyirdi. Yəni mənə hakimlə danışıb yüngül cəza ilə yaxamı kənara çəkməyə şərait yaradacaqlarını və çıxarılacaq hökmdən protest verməyəcəklərini israr edirdi”. 

Məktub müəllifi yazır ki, istintaq dövründə müstəntiqlərə inamı sıfırdan da aşağı düşdüyündən tələbinin yerinə yetirilməsində israr edib. Bundan sonra tələb etdiyi dövrün ayrıca icraatda araşdırılması qərarı qəbul olunub:

"Bu qərar qanunsuz idi. Törətdiyim əməllər eyni cinayət əməli idi və Cinayət Prosessual Məcəllənin tələbinə görə ayrıca icraatda araşdırıla bilməzdi. Baş Prokurorluğa, Sizin Adminstrasiyanıza ardıcıl şikayətlərim təəssüf ki heç bir nəticə vermədi. 2010-cu ilin iyulunda prokurorluq əvvəllər eyni icraatda birləşdirilmiş işləri hərbi hissələr üzrə ayırıb məhkəməyə göndərməyə başladı. 10 ay ərzində aparılmış istintaqla mütəşəkkil cinayətkar qrupun fəaliyyət göstərməsi sübut olundu. Bu qrupa Şəmkir korpusuna daxil olan 5 hərbi hissənin maliyyə xidməti rəisləri, korpusun maliyyə xidmətinin rəisi Elşən Əsgərov, korpusun maliyyə müfəttişi Emil Mustafayev, korpusun maliyyə planlanması şöbəsinin rəisi Azad Şəfiyev və başqaları daxil idi. Bu qrupun fəaliyyəti nəticəsində dövlətə 3 milyon manatdan artıq ziyan dəymişdi. Bu ziyan istintaqın əhatə etdiyi 2008-2009-cu illərdə vurulmuşdu. Bu mütəşəkkil cinayətkar qrupu kimin təşkil etdiyi, oğurluqlara aidiyatları olan digər vəzifə sahiblərinin məhkəmə qarşısında nə vaxt dayanacaqları, prokurorluğun ümumi nəzarət şöbəsinin 2008-ci ilin mayında Şəmkir korpusunda apardığı araşdırma zamanı niyə bu böyüklükdə büdcə pullarının oğurlanması üzə çıxarmaması bu gün də cavabı olmayan suallardandır”. 

Məktub müəllifi yazır ki, ibtidai istintaqdan fərqli olaraq ilkin və apelyasiya məhkəmələrində işlərə 4-5 ayın ərzində baxıblar: "Məhkəmə qarşısına mən də daxil olmaqla 5 maliyyə rəisi çıxarılmışdı. Məhkəmə 1 maliyyə rəisini şərti cəzaya məhkum etdi, 3 maliyyə rəisinin 4 il müddətinə azadlıqdan məhrum olunması haqda hökm çıxardı. Yalnız mənə 8 il azadlıqdan məhrumetmə cəzası verildi. İşin gedişində hakim İslam Neymanov dəfələrlə yanıma adam göndərib məndən 30 min manat pul istəyirdi. Bu məbləğin müqabilində barəmdə 4 il azadlıqdan məhrumetmə cəzası çıxarılacaqdı. Prokurorluqda paralel olaraq mənim fəaliyətimin əvvəlki dövrü araşdırılırdı və bu hakimin 30 min manat əvəzində 4 il cəza təyin edəcəyi haqda vədini mənasız edirdi. Ona görə də bu haqda təkliflərə heç bir cavab vermirdim. Nəticədə hakim İslam Neymanov mənə - mütəşəkkil cinayətkar qrup üzvünə digər üzvlərdən 2 dəfə artıq ağır cəza təyin etdi – 8 il! Gəncə Apelyasiya Məhkəməsində də eyni situasiya təkrar olundu. Hakim cəzanı yüngülləşdirə biləcəyinə eyham vururdu, mən də rüşvət ödəməkdən imtina edirdim. Nəticədə barəmdəki 8 illik cəza haqda hökm dəyişdirilmədən saxlanıldı. Mən və yaxınlarım dəfələrlə baş prokurora, ombudsmana, Milli Məclis sədrinə və əlbəttə ki sizə müraciət etmişik. İstəyimiz də cəmi 1 suala cavab almaq idi - eyni mütəşəkkil cinayətkar qrupun sıravi üzvlərindən yalnız birinə digərilərindən fərqli olaraq 2 dəfə artıq ağır cəza təyin oluna bilərmi? Bizim bütün müraciətlərimiz prokurorluğa və Ali Məhkəməyə göndərilirdi. Oradan isə az ağlabatan cavablar verilirdi. Güya cəza Cinayət Məcəlləsinə uyğun təyin olunub. Bütün cavablarda mənə digərilərinə münasibətdə 2 dəfə artıq ağır cəzanın təyini haqda heç bir cümlə olmurdu”.  

Həbsdəki maliyyə rəisi yazır ki, sualına dövlət orqanlarından cavab verilmədiyindən öz cavab variantlarını bölüşümək məcburiyyətində qalır:  

"Birinci cavabım – bu ölkədə praktik olaraq rüşvət qanuniləşdirilib. Rüşvəti hər şeyə görə ödəməlisən. O cümlədən təqsirləndirilən şəxs haqda hökm çıxarılarkən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə görə.

Bu maddə məhkəmədə təqsirləndirilən şəxs haqda hökm çıxarılarkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı cəza təyininə yol açır. Pulsuz bu maddənin tətbiqi sadəcə mümkün deyil.  

İkinci cavabım – bu ölkədə milli azlıqların diskriminasiyası qanuniləşdirilib. Eyni cinayəti törətmiş azərbaycanlıya azaərbaycanlı olmayan vətəndaşdan 2 dəfə daha ağır cəza təyin olunur. Mənim işimdə bu prinsip özünü göstərdi”.  

Məktub müəllifi prezidentə müraciətində başqa cavab variantlarının olmadığını qeyd edir. Konstitusiyanın qarantı olan ölkə başçısından ona münasibətdə baş verən qanunsuzluqlara son qoyulmasını istəyir. 

Zabit qeyd edir ki, düşdüyü vəziyət və üzləşdiyi qanunsuzluqlar haqda növbəti məktublarında ətraflı yazacaq.

musavat.com 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA