Azərbaycanın sabiq naziri bağ evində qandallandı, 2 aylıq həbs, prokurorluq susur - yenilənib

img

08-08-2013 [20:49]



Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbs olunub.

Məlumata görə, Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə öz bağ evində tutulub.

Xəbərdə o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb.

Yada salaq ki, Nicat Quliyev 2005-ci il, oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirilmişdi.

 ***

Vəkil Elton Quliyev virtualaz.org saytına açıqlamasında deyib ki, Abşeron Rayon Məhkəməsi bu gün həbs olunan sabiq nazir Nicat Quliyev barədə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, hazırda MTN-in təcridxanasında saxlanılır.

Sabiq nazir rəsmən qeyri-qanuni şəkildə silah-sursat saxlamaqda ittiham olunur.

* * *
Mötəbər qaynaqlardan virtualaz.org saytına daxil olan məlumatlara görə, həbs olunan sabiq nazir Nicat Quliyevin Novxanıdakı bağ evində bu gün axtarış da aparılıb. Axtarış zamanı bağ evindən "Kalaşnikov" avtomatları və əl qumbaraları tapılıb.

MTN əməkdaşları sabiq nazirin şəxsi avtomobilindən həmçinin tapança götürüblər.

Bu silah-sursatın sabiq nazirin əlinə necə düşməsi məsələsi hələ açıq qalır.

Qeyd edək ki, həbs olunan sabiq nazirin hüquqlarını vəkil Elton Quliyev müdafiə edəcək.

***
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov və MTN-in icitimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev sabiq nazirin həbsi ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər.

Lakin onlar bildiriblər ki, bu, lazım bilinəndə ictimaiyyətə məlumat veriləcək.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA