Hepatit virusunun yayılması Azərbaycanda yüksələn xətt üzrə gedir.

img

08-08-2013 [15:57]


Hazırda bütün dünyada viruslu hepatitlərin yayılması müasir tibbin və insanların ciddi probleminə və təhlükəsinə çevrilməkdədir. Məlumdur ki, hepatit virusunun yayılması bütün dünyada, o cümlədən də Azərbaycanda yüksələn xətt üzrə gedir. Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi hepatit virusu haqqında əhalinin məlumatının artırılması məqsədilə layihə hazırlayıb. Layihəyə maliyyə dəstəyini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası göstərir.

"12-ci Sən Olma” devizi altında 3 ay ərzində davam edəcək layihəyə 2013-cü il mayın 1-dən start verilib və avqustun 1-də tamamlanacaqdır. Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi əhalinin məlumatlandırılması məqsədilə ekspertlərin iştirakı ilə buklet hazırlayır. Bukletdə hepatit virusu haqqında toplanmış umumi məlumatlar və ona yoluxmamaq üçün tövsiyələr cəmiyyətin müəyyən qismini bu virus haqqında məlumatlandırmağa kömək edəcək. Həmçinin yerli TV-lərdən birində iki televiziya verilişi hazırlanacaq. Bu verilişlər vasitəsilə geniş əhali kütləsinin hepatitə yoluxmaması və bununla əlaqədar zəruri profilaktik tədbirlər barədə maarifləndirməsi nəzərdə tutulur. Layihə çərçivəsində Dəyirmi Masanın keçirilməsi barədə əvvəlcədən kütləvi informasiya vasitələrinə xəbər veriləcək. Məqsəd isə yenə də cəmiyyətdə hepatit virusu barədə məlumatlılığın yüksəldilməsi, bu virusa yoluxmamaq yolları və həyat tərzlərində nələri etməli olduqlarını aşılamaqdan ibarətdir. Əsas məqsədimiz insanlar arasında yoluxmanın səviyyəsini minumuma endirilməyə nail olmaqdır.

Qeyd edək ki, hepatit virusu infeksion xəstəliklər arasında yayılma intensivliyinə görə 3-cü yeri tutur və demək olar ki, HİV virusundan daha sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünyada hepatitə yoluxanların sayı 2 milyarddan çoxdur və hər 12 nəfərdən biri bu virusun daşıyıcısıdır. 2010-cu ildə Ümumdünya Saglamlıq Assambleyasının sessiyasında hər il iyul ayının 28-nin Hepatitlərlə Mübarizə Günü kimi qeyd olunmasına qərar verilib. Ümumdünya Səhiyyə Təşkilatı isə keçən ildən etibarən qurumun Avropa Regional Bürosunun nəzdində Hepatitlərlə bağlı araşdırma üzrə ayrıca şöbə təşkil edib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il dünyada HBV-dən (hepatit B) 2 milyondan yuxarı insan ölür. Təşkilatın proqnozuna əsasən, yaxın 10-20 ildə hepatitə yoluxma səbəbindən qaraciyər sirrozu 60 faiz, qaraciyər xərçəngi 68 faiz, qaraciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə iki dəfə artacaq. Hepatitlərin müalicəsi cox baha olduğu üçün, bəzən də heç mümkün olmadığındanhazırda bütün dünyada diqqət hepatitlərin profilaktikası və əhalinin maarifləndirilməsinəyönəlib. Yəni, beynəlxalq səviyyədə geniş vüsət alan profilaktika proqramları milli ictimai səhiyyə proqramlarına inteqrasiya olunmalı, bu sahədə dövlət proqramları, viruslu hepatitlərlə bağlı səhiyyə işçiləri, risk qrupları və bütünlükdə ictimaiyyətə yönəlik məlumat-təbliğat kampaniyalarının genişləndirilməsinəzərdə tutmalıdır. Həmçinin buraya yeni doğulmuşların və risk qruplarının HBV-ə qarşı tam peyvəndlənməsinə nail olmaq məqsədi də daxil edilməlidir.

Layihə hal-hazırda davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA