Milli Şuranın üzvünü nəvəsi ilə birgə saxladılar

img

07-08-2013 [14:13]



Avqustun 6-da AXCP Ali Məclisinin üzvü, Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun sədri Sövdagar Mursaquliyev yaşadığı Muğamlı kəndində saxlanılaraq polis bölməsinə aparılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "El” Hərəkatının Ağstafa təmsilçisi Telman Qəhrəmanlı məlumat verib. T.Qəhrəmanlının sözlərinə görə, bu icra hakimiyyətinin onların avqustun 2-də Ağstafa rayonunda Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun iclasının keçirilməsi üçün müraciətinə verilən "cavabdır”. 

Belə ki, qanunvericiliyə uyğun olaraq Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun sədri Sövdagar Mursaquliyev icra hakimiyyətinə rəsmi məktubla müraciət edib. T.Qəhrəmanlı bildirir ki, müraciətə hələ də cavab verilməsə də, avqustun 6-da səhər saat 7 radələrində polis əməkdaşları Mursaquliyevin yaşadığı evə gələrək, ondan dərhal polis bölməsinə getməsini tələb ediblər: "Sövdagar Mursaquliyev evdə 7 yaşlı nəvəsiylə tək olub. Və uşağı kiminsə yanında qoymağa imkan olmadığından 7 yaşlı körpəni də polis maşınına basaraq bölməyə aparıblar. Üç saatdan artıq dindirilmə prosesində 7 yaşlı körpə polis bölməsində ciddi sarsıntı keçirib. Yol verilən qanun pozuntusu ilə bağlı prokurorluğa müraciət edəcəyik”.

T.Qəhrəmanlı onu da bildirib ki, bölmədə S.Mursaquliyevə təzyiq edərək, nəyə görə icra hakimiyyətinə belə bir müraciət göndərdiyini soruşublar. S.Mursaquliyev isə qanunun buna imkan verdiyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA